Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bəlkə də bü şənbə günü onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmadı. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə.
Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub, onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 72 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub.
Və başqalarını bilmirəm, amma biz həmin gün Adil Mirseyidi böyük hörmətlə andıq, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət dilədik.
Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:
Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var
mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil
hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm
pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı
gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)