“Daha şeir yazmasam, bil, dərdindən ölmüşəm...” -Yazda payız etüdü: QRUP ESSESİ Featured

Bahara bu şaxta hayandan düşdü?

Çəmənləsaraldı, gülləbüzüşdü.

Atıldı dilimdənqayıtnidası.

Səonda küləkləaparan qayıq,

Mənsə tənha qalan həsrət adası. 

                                         N.Kəsəmənli

 

VARİS:

Mən payızı ona görə sevmirəm ki, o ayrılıq fəslidir. Əksər sevgi ayrılıqları nədənsə məhz payıza təsadüf edir. 

Payız həm də ən sentimental aydır, hissləri ən çox tərpədən, ruhu silkələyən, gözləri ən çox yaşardan aydır.

Məncə, bu ötən payız öz işini tam bitirmədi deyə yazdan bu son günləri borc aldı. 

Termometrdə 2-3 dərəcə kimi hiss edilən 8 dərəcə, şiddətli külək, güclü yağış. Bir dünya qüssə, bir dünya kədər…

Günəşli günlər üçün susqun bir rekviyem…

Amma bu “payızın” o payızdan əsas fərqi də var. Fərq təqvimdəki APREL sözündədir. Bu söz axı NOYABR deyil. Hava nə qədər soyuq olsa da bu söz ipistidir. Ümidlər qədər, arzular qədər. Və bir də sevgi qədər! 

Aprel heç vaxt noyabr kimi sevənləri ayırmaz, ən əsası bax budur!

 

HARUN SOLTANOV:

Aprel adətən bir barışıqdır. Qışın sərtliyindən yazın həzin yumşaqlığına keçid, sükutdan səsə, bozluqdan yaşılın cingiltisinə.. 

Amma bu dəfə göy üzü öz qərarını dəyişmişdi. Yağış göydən yerə enmirdi, sanki yerə hücum çəkirdi. Hər damla narazılıq kimi düşürdü torpağın sinəsinə. Bu yağışda bahar sükunəti yoxdur. Bir hiddət, bir dağınıqlıq var. Çəmənlərə düşən damcılar nə həyat bəxş edirdi, nə də ümid. Palçıq vardı her tərəfdə, hətta insanların ruhunun ičində belə.

Bakının küləkləri də bu aprel günlərində başqa əsirdi. Axı Bakımın ləqəbi var; "küləklər şəhəri". Artıq bu söz bir coğrafi təsvir deyildi, bir ironiya idi. Sanki şəhərin özü də əsirdi, sanki binaların divarları da bu küləklərin içində titrəyirdi. Külək təkcə saçları qarışdırmırdı, insanalrın düşünclərini də dağıdırdı. Hər burulğan, hər əsinti bir tərəddüd, bir qərarsızlıq, bir içinə qapanmaq hissi gətirirdi..

Bu küləklər bəzən sükunəti boğur, bəzən də sükutu danışdırırdı. Onun səsində elə bil, zamanın özü danışırdı. Keçmişdən qopan fəryadlad, gələcəyin qeyri müəyyən və güvən verməyən pıçıltılarını söyləyirdi qulağlarmıza. Bakı əsrlərini bu küləyə olan müqavimətilə yaşamışdı, inadla dimdik durmuşdu. Amma indi külək də ona-bizə yad idi. Tanımadığımız, bizdən olmayan, şəhərin ruhuna zidd bir nəfəs gəzirdi küçələrimizdə..

Çünki, aprel dəli olub! Başa düşürsünüz? DƏLİ OLUB APREL. Bahar olmalı idi. Amma heç nə öz yerində deyildi. Ağaclar budaqlarını havada yox, sanki suyun altında hərəkət etdirirdi. Quşlar susmuşdu. İnsanlar içərilərə, hətta öz içlərinə çəkilmişdi. Hər şey fərqli idi, biraz qeyri təbii idi. Bəlkə də təbiətin özü artıq insanın ruh halını təsvir edir. Axı biz də sükunəti unutmuşuq.. Biz də fəsilləri çaşdırmırıqmı içimizdə?

Bəlkə də bu şəhər, bu küləklər, bu yağışlar bir aynadır. Aprel ayının yaddan çıxmış şəfqətini, havaların öz mövsumunə etdiyi üsyanı göstərən bir rəsmdir..

 

MURAD VƏLİXANOV:

Payız həqiqətənmi geri qayıdır? Son iki gündə küləyin möhkəm "əsəbləşməsi", küləyin əsəbləşdiyini görüb onun sakitləşməsi üçün buludun göz yaşı tökməsi… Havanın aprel ayında bu qədər sərt çönməsi fikirlərimi bu cür ifadə etməyə vadar elədi. Havaların düzəldiyini düşünüb vətəninə geri gələn quşlar indi bəlkə də kor-peşman ya yuvalarında yağışın, küləyin qəzəbindən qorunmağa çalışır, ya da  tərk etdiyi ölkələrə geri qayıdır.

Sanki Payız gəlib... İsti, qızmar günlərdən sonra ilıq “payızın” bu ləngərli gəlişi, qədəmlərini asta-asta atması nədənsə, mənə bir əsərdən başqa bir əsərə, yaxud nəzmdən nəsrə keçidi xatırladır. Payızın bu jesti həm həyatımıza, həm də təbiətə dəyişiklik, yenilik gətirir.

 

KÜBRA QULİYEVA

Baharda başlayan o qəribə payızın səsində yağış da vardı… Səni aparan küləklərin izinə damla-damla qarışan bir kədər yağışı. Hər damla sənin adını deyirdi pəncərəmin şüşəsində. Sanki göy üzünün belə sənə bir həsrəti vardı, sənin yoxluğuna ağlayırdı səssizcə. Mən o yağışın altında səninlə birgə islanmaq istəyirdim, amma indi tək qalıram — və hər damla, içimdəki boşluğu bir az daha dərinləşdirir.

Yağış səssiz deyildi, dostum. O, bizim yarımçıq qalan sözlərimizi deyirdi, sənə çatmayan məktubların sətirlərini. Çəmənlər saralmış, güllər büzüşmüş, amma qəlbimdəki sevda hələ də yaşıl qalmışdı — sənə dair. O yaşıl, indi hər yağışda boğulur, sənə toxuna bilmədikcə bir az daha solur.

Əllərimi göyə açıb səni dilədim — sanki göy üzü bir cavab verəcəkmiş kimi. Amma səssizlikdən başqa heç nə eşitmədim. Qayıtmadın. Sən onda küləklər aparan bir qayıq, mən isə sahilində yağışla ağlayan bir ada. Bu ada hələ də səni gözləyir, səninlə islanmaq üçün bir bahar daha istəyir, sənli bir bahar. Amma bilirəm… artıq hər yazda payız var, hər ümiddə bir az kədər. Çünki sənsiz yaz — yalnız bir mövsüm deyil, bitməyən bir yoxluqdur.

 

ÜLVİYYƏ ƏBÜLFƏZQIZI:

Günəşin nəfəsi torpağı qışın soyuq sığalından yenicə xilas etmişdi. Torpaq  amansız şaxtadan sonra Günəşin ilıq nəfəsinin mərhəmətini heyranlıqla seyr edirdi və  Günəşə minnətdarlıq üçün ağacları ağ çiçəklərlə bəzədi, ağacların çiçək donu Günəşin çox xoşuna gəlirdi. Hələ yasəmən çiçəkləri torpağın Günəşə sevgisini çatdıran gözəl çaparlar idi.

Bu gözəlliyi, sevgini qısqanan " dəli külək" də vardı.

O, Günəş və torpaq sevgisinə mane olmaq üçün ömür boyu əsməyə hazır idi. Günəşi qara buludlara əsir edib, var gücü ilə buludları topa halına gətirmək niyyətində idi. Beləcə o, niyyətinə çatdı, dayanmadan yağan yağış yenicə açılan çiçəklərə sərtliklə toxunurdu, Günəş əlləri bağlı oturmuşdu, acizləşmişdi. Torpaq onu var gücü ilə səsləsə də, Günəş əsirlikdən qurtula bilmirdi. Torpağın Günəşə olan sevgisindən ciyəri odlanırdı, yağışı içdikcə özünə gəlirdi, yağışı sevgi ilə dərin qatlarına qəbul edirdi. Külək anladı ki, Torpaq və Günəş sevgisini yoxetmə gücündə deyil. Buludlar da yorulmuşdu, küləyin fitnəsi onları da usandırmışdı.

Bir azdan göyqurşağı səmanı yeddi rəngin möcüzəvi sehri ilə ovsunlayacaqdı..

Günəşi örtsə də qara buludlar, 

Yenə Günəş adlı bir qüdrəti var. (Nizami Gəncəvi)

 

İNCİ MƏMMƏDZADƏ:

Yaz fəsli adətən insanlarda təravət, yenilik və ümid hissi oyadır. Qışın sərtliyindən sonra təbiətin canlanması, ağacların tumurcuqlaması, torpağın oyanması insan ruhuna da bir dirilik gətirir. Ancaq bəzən bu sakit və gözəl mənzərəni qəfil yağan sərt yaz yağışları pozur. Gözlənilmədən göy üzünü qaplayan buludlar, ildırımın səsi və güclü yağış damlaları yazın zərifliyinə sərtlik qatır.

Yaz yağışı fərqlidir – o nə payızın sakit çisəyi, nə də qışın buz kimi dolusudur. O, öz içində həm həyat, həm də təlatüm daşıyır. Bəzən sanki göy üzündə toplanan duyğular bir anda boşalır, yağışla birgə torpağa tökülür. Bu sərt yağışlar torpağı yuyar, təbiəti təmizləyər, çiçəkləri bəzən əyib, bəzən isə daha da qüvvətləndirər. Təbiətin bu sərt anları bizə göstərir ki, həyat təkcə sakitlikdən ibarət deyil; dəyişkənlik də onun bir parçasıdır.

Bu cür yağışlar həm də insana dərs verir. Bəzən həyatda da yaz fəslindəki kimi hər şey yaxşı gedərkən, qəfil çətinliklər ortaya çıxır. Lakin bu çətinliklər keçicidir. Necə ki, sərt yaz yağışı tez keçər və yerini yenidən günəşə buraxar, eləcə də həyatdakı çətin anlar da keçər və arxasınca yenidən ümid doğar.

Yazın sərt yağışı təbiətin bizə verdiyi həm vizual, həm də fəlsəfi bir dərsdir. O, həm gözəllik, həm də sınaq daşıyır, lakin nəticədə yenilənməyə, təmizlənməyə aparır.

 

NİGAR XANƏLİYEVA:

Aprel… Adı yaz olsa da, özü payız kimi soyuq. Bu ayın yağışı da qəribədir — göydən deyil, sanki içdən yağır. Və onun baxışları… elə bu aprel kimi — nə tam qış, nə də yaza çatan bir istilik.

Nə vaxtsa sığınmaq istədiyim o baxışlar indi üşüdür məni. Gözlərindəki səssizlik bir şaxta kimi içimi dondurur. Nəfəsi yox, amma havası var o baxışların — sərt, üzümə çırpılan, çəmənləri saraldan, gülləri büzüşdürən bir hava.

Nə zamansa bahar deyə inanmışdım ona — içimi isidən, ruhumu oyadan. Amma indi anlayıram ki, o da bir küləkmiş. Gözlənilmədən gələn, heç bir xəbər vermədən gedən. “Qayıt” deməyə dəyməyəcək qədər qərarlı bir gediş…

Sən onda küləklər aparan qayıq idin. Baxışlarınla belə uzaqlaşdın məndən. Gözlərin danışmır artıq — danışsa da, mənim dilimlə deyil.

Mən isə tənha qalmışam… İçimdə səssiz həsrət adası, üstü aprel yağışı ilə islanmış. Və hər damla, sənin baxışlarını xatırladır — sərt, soyuq və geri dönməyəcək qədər uzaq…

 

İMRAN VERDİYEV:

Təbiət də insana oxşayır. O da bəzən mənim kimi, yazında payız yaşayır.

 

ZƏHRA ALLAHVERDİYEVA:

Yaz günüydü, amma göy üzü başqa cür danışırdı. Bir qaranlıq göy gurultusu şəhəri titrətdi. Yağış elə bil uşaq kimi ağlayırdı. Hər damla torpağa bir xəbər gətirirdi: “Bu gün yaz yoxdu.”

Küçələr dəli bir selin izinə çevrildi. İnsanlar pəncərələrin arxasında, təbiətin qəzəbinə tamaşa edirdi. Çətirlər aciz, ayaqqabılar yorğun, yollar isə susdurulmuşdu. Quşlar səssizcə sığınıb gözləyirdi – bu qeyri-adi yaz gününün sonunu.

Bu, sadəcə yağış deyildi – bu, yazın öz dilində yazdığı bir məktub idi. Və həmin məktubun sonunda yalnız bir cümlə yazılmışdı: "Hər fəsildə günəş olmur."

Ağaclar gül açanda bir mərdimazar yağış-külək olmasa, olmazdı...

 

İLHAMƏ MƏHƏMMƏDQIZI:

Sənin xəyalına bürünmüş, sonsuz, ülvi arzularla döyünmüş, sevgi nəğmələrinin dalğalarıyla düşüncələr sahilinə çatmış, qəmi-kədəri atmış qəlbimin pıçıltıyla son sözü sənə budur: Ayaz gətirən bu yazın sazağında, qərib axşamında soyuq baxışınla olma bulud, üşüyən qəlbimi ovut, demə mənə: "Məni unut, məni unut".

 

AYNUR İSMAYILOVA:

Mən isə payızı sevirəm. Çünki o başqadır. Heç bir fəslə bənzəmir, ancaq hər fəsildən bir iz daşıyır. Bir payız qoxusuyla məlhəm tapır yaralar. İndi payız fəsli deyil, ancaq havada payız qoxusu var. Sanki keçmişdən gələrək bizə bir şeylər pıçıldayır. Bəlkə yarım qalmış arzuların səsi gəlir bu qoxudan. Bəlkə də, baş tutmamış görüşləri xatırladır bu qoxu. Bir küçə, bir yarpaq, bir rüzgar və yağış ilə payızın xatirələri yenidən səhnəyə çıxır. Mənim üçün bu dəyişim sadəcə xatirələri oyatdı içimdə. Küləklə birlikdə keçmişdən nəsə gəlib toxundu mənə. Və düşündüm ki, hər şey yolunda kimi göründüyü zaman belə, bu yol həqiqətən doğrudurmu?

 

HARUN SOLTANOV:

Mənsə deyirəm ki, Aprel  noyabrın səsini daşıyır. Və hər leysan yuyulmamış bir vicdanın üstündə qaynayır. Külək sadəcə ağacları əymir, xatirələri də silkələyir. Əgər bir şəhər küləkdən doğulubsa, onun insanları da əsənlərə bənzəyir. Heç vaxt yerində durmaz, heç vaxt tam bağışlamaz..

Bəzən təbiət belə ikrahla gülər... İnsanlar kimi. Dodağı təbəssüm, içi tüstü. Səsi bahar amma ruhu buz..

Hər fəsil sadəcə bir haldır. Dəyişən, keçici bir hal. İnsan haldan hala düşməkçün yaradılmyıb ki. Sadəcə dərk etmək lazımdır ki, biz də bu təbiətin özüyük. Dəyişməkçün yaradılmasaq belə bu bizim yaradılışımızda var. Yəni, qismən də olsa bu dəyişiklik az da olsa daxilimizdə olan "mən"də var..

Təbiətin heç kimə və heç nəyə borcu yoxdu. Sadəcə biz hər şeyə gecikmişik..

İndi sən de. Kim kimə məzar olacağ? Biz təbiətə, yoxsa təbiət bizə?

Bu adlar yalnız kağız üzərində yazıla bilər. Čünki gerçəkdə adların mənası yox, səssizliyi var..

Təbiət heç kəsə heç nə vəd etməz məncə. Çünki o bizi eşitməz. Biz onu seyr edərik, lakin o bizə baxmaz. Yaz fəsli əgər içimizi isitmirsə, deməli o yaz deyil.

Aprel sükutun tərs üzü, əksidir. Baxırsan ki, gül açır. Münasibətlər kimi. Amma sual yaranır: O gül yaşamaq üçünmü açır, yoxsa ölmək üçünmu?

 

NAİL ZEYNİYEV:

Külək də bir tərəfdən, yağış da bir tərəfdən,

Küsmə, qurbanın olum, bağışla bir tərəfdən.

 

Bağışla, bu qış səni təqoydum, soyuq oldu,

Ümidlərim böyüdü, yelkənli qayıoldu.

 

Sənə doğru yol aldı xəyallarım, amalım,

Eşqə aşina oldum, yüksəldikcə kamalım.

 

Könül quşum göylərə pərvazlanmaq istədi,

Xəzər coşdu, qaynadı, alovlanmaq istədi.

 

Bahar gəldi, çəmənlər oyandı, çiçək açdı,

Bax, bu bağçamızdakı ilk boy atan ağacdı.

 

Onun pöhrələrindən sənə çələng hörmüşəm,

Daha şeir yazmasam, bil, dərdindən ölmüşəm...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.