Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Sağ olarkən quşlar qarışqaları yeyir. Quş öləndən sonra qarışqalar onu yeyir. Sadə, lakin dərindən düşündürücü bir həqiqət gizlənir bu cümlədə. Təbiətin, həyatın, bəlkə də, kainatın yazılmamış qanunudur bu: Hər şey bir-birinə bağlıdır və heç nə sonsuz gücə sahib deyil.
Bir gün səmada azadcasına qanad çalan quş torpağın üstündə qaçan kiçik qarışqanı ovlayır. Onu yediyində özünü qalib sayır. Güclüdür, çevikdir, havadadır. Amma zaman keçər, küləklər dəyişər, həyat tərsinə dönər. O quş da ölər və bu dəfə torpağın dərinliyindən çıxan yüzlərlə qarışqa onun ətini yeyər. Eyni dünya, eyni planet, eyni həyat – başqa rollarda, başqa vəziyyətdə.
Bu, sadəcə bioloji bir tarazlıq yox, eyni zamanda insana dərs verən bir metaforadır. Həyatda üstün olanlar, özünü toxunulmaz sayanlar, “mən yuxarıdayam, digəri aşağıda”- deyənlər bir gün eyni torpağa qarışırlar. Güclü zəifi, varlı kasıbı, vəzifəli adi insanı yediyində zaman susur. Amma zaman unutmur. O, yadda saxlayır. Və vaxtı gələndə hər şeyi yerinə qoyur.
Bəlkə də, elə buna görədir ki, insan təvazökar olmalı, etdiyi hər hərəkətin sonrasını düşünməlidir. Bu gün sən zirvədəsən, sabah isə səssiz bir torpağın dərinliyində. Bu gün sənin sözün qanundur, sabah isə susqun bir daşın altında olacaqsan, adını belə xatırlayan olmayacaq.
Qarışqalar öz işlərini görür. Təkbaşına çox zəifdirlər, amma birlikdə dağlar aşarlar. Quş isə təkdir, sərbəstdir, amma ölümsüz deyil. Təbiət bir tərəzidir – orada hər şey ölçülür, hər şey balanslanır.
Bu yazı bir xəbərdarlıq deyil, bir xatırlatmadır. Hər kəs bir gün sıraya düzüləcək. Kimin nə yediyi, kimin nə geyindiyi, kimin necə yaşadığı yox, kimin necə davrandığı, nə qədər yaxşılıq etdiyi, kimlərə əl uzatdığı yadda qalacaq.
Unutma: quş da, qarışqa da həyatın iştirakçısıdır. Heç kim həmişə yuxarıda, heç kim həmişə aşağıda qalmaz. Əsas odur ki, harda olursansa, ol, ədalətli ol, mərhəmətli ol. Çünki fırlanan dünya bir gün səni də yerini dəyişməyə məcbur edəcək!
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)