Labirintin içində - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir labirintin içindəyəm. Çıxış yolu axtarıram. Hansı yola getsəm də, yenə eyni yerə çıxıram. Sanki bütün yollar bir yerə aiddir. Axı bu doğru deyil. Bir çıxış yolu mütləq ki, olmalıdır. Mən isə həmin yolu tapa bilmirəm.

 

Artıq günlər keçir və mən bir döngənin içində yox olmaq üzrəyəm. Zaman məfhumunu da unutmuşam. Keçən dəqiqələr, saatlar, günlər... Sanki hamısı bir-birinin içində ərimiş kimi. Burada neçə gün olduğumu belə artıq unutmuşam. Hər gün bir gün əvvəlkindən heç nə ilə fərqlənmir. Bəlkə də mən artıq var deyiləm? Bəlkə də mən bir labirintə çevrilmişəm? Əgər bir çıxış yolu yoxdursa, mən özüm çıxışa çevrilməliyəm.

Qarışmış düşüncələrim məni tarıma çəkir. Mən bu labirintin içində tək başıma mübarizə aparıram. Bu çox çətindir. Saatlarla yerimdə oturub əllərimi üzümə tutaraq bir yol axtarıram. Hər yolu getdiyimi düşünürəm, ancaq bütün yollar yenə mənə çıxır.

İndi mən nə etməliyəm? Yenə də düşünürəm: Bəlkə bu labirintdən kimsə çıxmayıb? Bəlkə bu bir son deyil, başlanğıcdır? Mən hər zaman buradan çıxış yolu axtarmışam. Bəlkə də mən buradan heç çıxmayacam, bura mənim bir hissəmə aiddirsə...

Allah, mənə kömək et. Bu çarəsiz bəndənə bir çıxış yolu göstər. Mən arafda qalmışam. Öz yolumu tapmaqda kömək et. Mənə səndən başqa kimsə kömək edə bilməz. Mən ən çətin anlarımda sənin adınla təssəlli tapdım. Yenə mənə göstər, görə bilmədiklərimi, bacara bilmədiklərimi...

Dualarımın sükut içində əks-sədasını gözləyirəm. Bir cavab yoxdur...

Birdən içimdə bir fərqli duyğu hiss edirəm: “Mən hər zaman buradan çıxış yolu axtarmışam, bəlkə də hər zaman bir yol axtarmaq lazım deyil, sadəcə dayanmaq və buranı anlamağa çalışmaq.”

Ayağa qalxıram. İndi hər şeyə daha fərqli baxıram. Labirintin divarlarına toxunuram. Sanki canlıdır, məndən bir parça kimidir. Bəzi tərəfi isti, bəzi tərəfi isə soyuqdur. Yavaş-yavaş ətrafı dərk etməyə başlayıram. Bura məndən bir hissə olduğunu anlamağa başlayıram. Bəlkə də  anlayanda o məni buraxacaq. Artıq tələsmirəm, qaçmıram, bir yol axtarmıram. Sadəcə yerimdə dayanıb gözlərimi yumub dərin bir nəfəs alıram. Var olduğumu hiss edirəm. Gözümü açanda birdən qarşımdakı divar titrəyir və yavaş-yavaş dağılmağa başlayır...

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.