Ağrı heç vaxt keçmir, yalnız formasını dəyişir - ESSE Featured

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

İnsan sevdiyini itirdikdə, bu itkini yalnız bir kədər kimi yaşamır. O, bir növ boşluğa düşür, öz varlığını, həyatın mənasını, zamanın və mövcudluğun mahiyyətini sorğulamağa başlayır. Çünki ölən təkcə sevdiyin insan olmur, onunla birlikdə sən də dəyişirsən. Varlığın bir hissəsi qopur, keçmişin bir parçası itir, xatirələr əllərinin arasından süzülüb gedir.

Mən indi o boşluğun içindəyəm. Deyirlər ki, insan zaman keçdikcə acıya öyrəşir, amma məncə, bu, bir yalandır. İnsan sadəcə, həmin ağrını gündəlik həyatının içinə yerləşdirir, onunla birlikdə yaşamağı öyrənir. O ağrı heç vaxt keçmir, yalnız formasını dəyişir, bəzən bir xatirəyə çevrilir, bəzən gözlənilmədən səni boğan bir dalğaya. Amma nə olursa-olsun, həmişə içində bir yerə ilişib qalır.

 Həqiqət mənim üçün sadəcə bir ad deyildi. O, mənim uşaqkən qaçıb sığındığım bir dünya idi. O, mənə nizam və hüzur verən, həyatın xaosunun içində bir liman olan insandı. Anam hirslənəndə, müəllim acılayanda, dost xəyanət edəndə, mən onun evinə gedirdim. Qapını döymədən açırdım, içəri keçib sakitcə otururdum. O isə heç nə soruşmazdı.

Bəzən sadəcə əlini saçlarımın arasından keçirərdi. Bəzən mən danışardım, bəzən sadəcə susardım. O, qulaq asardı. İnsanlar təsəlli verməyə çalışanda adətən nələrsə deyir, məsləhətlər verir, "keçib gedər" deyirlər. Amma o heç vaxt belə etməzdi. O, sadəcə yanımda olardı və bu, yetərdi.

İndi, nə zaman yorulsam, nə zaman çarəsiz hiss etsəm, harasa getmək istəyirəm. Amma hara? O ev artıq yoxdur. O qucaq yoxdur. O isti nəfəs, o sakit gözlər, o toxunuş yoxdur. Hara qaça bilərəm ki?

O gün, o lənətə gəlmiş gün, biz onu torpağa tapşırdıq. Hava sakit idi. Sanki göylər də donub bu hadisəyə mat məətəl baxırdı, amma içimdə fırtına qopurdu. İnsan sevdiyini basdıranda, sadəcə bir bədəni deyil, bütün xatirələrini də torpağa gömmüş kimi hiss edir. Əlimdə bir kürək torpaq tutmuşdum. Necə ata bilərdim? Mənim uşaqlığım, mənim rahatlığım, mənim sığınacağım indi bu torpağın altında olacaqdı?

İnsanlar adətən belə anlarda Allaha yalvarır, dualar oxuyur, amma mən sadəcə baxırdım. O soyuq, boz torpağa baxırdım və düşünürdüm: Bu necə ola bilər? Bu qədər sevgi, bu qədər xatirə, bu qədər varlıq necə bu torpağa sığa bilər?

Amma sığırmış.,

Hər kəs bir-bir ayrıldı, amma mən qəbirsanlıqdan gedə bilmədim. Ayaqlarım məzarların başında donub qalmışdı. Mən orada, o soyuq torpağın qarşısında dayandım və ölümün gerçəkliyini hiss etdim. Çünki ölüm həmişə uzaq görünür, başqalarının başına gələn bir hadisə kimi. Amma bir gün sən onu öz həyatında, öz qanında, öz ruhunda hiss edirsən. Və anlayırsan ki, ölüm təkcə bir son deyil. O, bir uçurumdur. Və biz o uçurumun kənarında dayanıb, sevdiklərimizi bir-bir oraya göndəririk.

Dostoyevski yazırdı ki, insan yalnız ölümlə qarşılaşanda həqiqətən həyatın mənasını dərk edir. Amma nədir o məna? Biz bu dünyaya gəlib, sevirik, bağlanırıq, xatirələr toplayırıq, sonra isə bir gün hamısını geridə qoyub gedirik. Niyə? Bütün bu sevgi, bütün bu xatirələr niyə var, əgər bir gün hamısı yox olacaqsa?

  Ailəmizin Həqiqətini itirdiyim gündən bəri, bu suallar beynimdə dolanır. Çünki o, mənə ölümsüz görünürdü. Həmişə orada olacağını düşünürdüm. Biz həmişə belə düşünürük. İnsan sevdiklərinin bir gün yox olacağını qəbul etmir. Amma həyat qəddardır, o səni həmişə hazırlıqsız yaxalayır.

 İndi, nə qədər düşünüb anlamağa çalışsam da, bir cavab tapa bilmirəm. Amma bildiyim bir şey var: O, artıq fiziki olaraq burada olmasa da, mənim içimdədir.

Bəzən güzgüyə baxıram və onun baxışlarını öz gözlərimdə görürəm. Bəzən heç gözləmədiyim bir anda, onun dediyi bir cümlə yadıma düşür və gülümsəyirəm. Onun yoxluğu içimdə bir boşluq yaratsa da, o boşluğun içində hələ də onun varlığını hiss edirəm.

İnsanlar deyirlər ki, zaman hər şeyi sağaldır. Amma bu, yalandır. Zaman heç nəyi sağaltmır, sadəcə insanı ağrısına öyrəşdirir. Sevgi də, həsrət də, kədər də insanın içində həmişə yaşayır, sadəcə onunla necə yaşamağı öyrənirik.

  Mən indi bilirəm ki, onun qucağı artıq məni qollarına dolamasa da, onun sevgisi hələ də içimdədir. O, mənim içimdə yaşayır, hər anımda mənimlədir. Bəzən bir mahnıda, bəzən bir xatirədə, bəzən sadəcə gözlərimi yumanda onun nəfəsini hiss edirəm.

 

Sevdiklərimiz heç vaxt torpağa qarışmır. O, həmişə içimizdə yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.