Ruhun iki üzü – ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət” 

 

 

 

Xoşbəxt hiss etdiyində ən gözəl mahnılar sənin üçün çalar, ən gözəl kəlimələr sənə ünvanlanar, ən gözəl anlar səninlə yaşanar və ən gözəl duyğular qəlbini bəzəyər. O an, sənə hər şeyi elə gözəl şəkildə təsvir edir ki, özündə məğlubedilməz bir güc hiss edirsən, sanki bütün çətinliklərin öhdəsindən təkbaşına gələ biləcəyini düşünərsən.

 

Çünki sən xoşbəxtsən. Xoşbəxtlik insana anlam verə bilmədiyim bir özgüvən bəxş edir. Problemin nədən ibarət olduğunu bilmədən belə, bir yol tapılacağına ümid bağlayırsan.

Bir də bunun əksi olan bədbəxt insan...

O, ən gözəl mahnıları eşitsə belə, ruhu sükuta qərq olar. Ən gözəl kəlimələr belə ona təsir etməz. Onu xoşbəxt etmək üçün nə qədər çalışsan da, heç nəyi dəyişə bilməzsən. Çünki onun içində dərin bir boşluq var və bu boşluğu doldurmaq mümkünsüz görünür. Bədbəxt insan üçün gələcək qeyri-müəyyən, indi isə qaranlıq bir yol kimidir. Bu yolun sonu bəlkə də heç vaxt aydınlanmır, əksinə, sonsuz qaranlığa qərq olaraq uçuruma aparır.

Hər dəfə qarşılaşdığı çətinliklərə qarşı apardığı mübarizədən məğlub tərəf kimi çıxmaq onu gücsüz edir. Ümidini itirəndə özünü uğursuz, bədbəxt biri kimi görməyə və bunu qəbullanmağa başlayır. Nə savaşacaq gücü, nə qalib olacağına ümidi, nə də həyatına yenidən bir günəşin doğacağına inamı qalır.

 

Ancaq bir şeyi unutmamaq lazımdır ki, bu bədbəxtlikdən çıxış yolu var. Bəzən kiçik bir parıltı, bir gülüş, bir ümid qığılcımı insanın həyatını xilas edə bilər...

 

 “Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.