Türk dilinə yaxın və uzaq yapon dili - ARAŞDIRMA Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi F.Mustafa demişkən, “görəsən, dünyada elə bir dil varmı ki, orada türkizmlər olmasın?” Bir həvəskar kimi hansı dillə maraqlanıramsa, orada az və ya çox sayda türkizmlərin varlığını görürəm.

 

Dünya dillərində türkizmlər halay çəkib, “rəqs edirlər”. Amma onların bu dillərdə nə vaxtdan mövcud olması barədə konkret tarix göstərmək çətindir. Bizcə, bu proses elə türk dilinin (biz bu ad altında başda Osmanlı və Azərbaycan türkcəsi olmaqla bütün 41 türk dilinin hamısını nəzərdə tuturuq) formalaşma prosesi başlayan vaxtdan – çox qədimdən başlamışdır.

Türkizimlər hələ bir yana qalsın. Yer üzərindəki müxtəlif dillərin türk dilləri ilə oxşar və ortaq cəhətlərinin olması da tamam ayrı bir aləmdir. Bunlar

 mənim çox xoşuma gəlir və türk dilinin qüdrəti, gücü və gözəlliyiilə qürur duyuram. 

Türkizmlərin işləndiyi və türk dili ilə oxşar cəhətləri olan belə dillərdən biri də yapon dilidir. Yapon dili Yaponiyanın rəsmi dövlət dilidir. Bu dildə 140 milyona yaxın insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır.

 Türk-yapon mədəniyyətləri arasında çoxlu oxşarlıqlar olsa da, dil münasibətləri daha fərqli dərinliyə malikdir. Tədqiqatçılar tarixi inkişaf baxımdan türk və yapon dilləri arasında bir sıra oxşar və ortaq cəhətlərin olduğunu qeyd edirlər. 

Birincisi, hər iki dilin formalaşmasına və təşəkkülünə digər dillərin də təsiri danılmazıdr. Türk dilinin inkişafında şumer, çin, monqol, ərəb, fars, rus və digər dillərin, yapon dilinin formalaşmasında isə sanskrit, aynu, avstroneziya, koreya, çin və s. dillərin təsiri az olmamışdır. Bunların izləri hələ də görünməkdədir.

İkincisi, həm türk, həm də yapon dilləri qədim zamanlardan Çin dili ilə sıx əlaqədə olub. Bu dillərdəki eyni mənalı və səs bənzəməsi ortaq olan, ümumi sözlər kimi göstərilən leksik vahidlərin əksəriyyəti indi də çin dili vasitəsilə izah olunur.

Üçüncüsü, yapon dil də türk dilləri kimi iltisaqi (aqqlütinativ) dildir. (Lakin zaman keçdikcə bu xüsusiyyətini müəyyən qədər itirmişdir.) Türk və yapon dilləri arasında səs, söz və cümlə quruluşu baxımından oxşarlıqların olması isə danılmazdır və s.

Bəzi tədqiqatçılar bu oxşarlıqların səbəbini belə izah edirlər ki, tarixin müəyyən bir dövründə ulu Altay dili (proto-türk) mövcud olmuşdur. Türklər, yaponlar, koreyalılar, yakutlar, monqollar, eskimoslar və yerli amerikalıların (hinduların) dillərinin kökü həmin ulu Altay dilinə bağlı olub. Min illər əvvəl onlar Altay bölgəsindən dünyaya yayılmış qohum xalqlardır. (Yaponların adalara təxminən eramızdan əvvəl 300-cü illərdə getdikləri söylənilir.) Ona görə də dillərində və mədəniyyətlərində oxşarlıqların olması normaldır.   

Altay dilləri üzrə ekspert Roy Endryu Miller Koreya və Yapon dillərinin Altay dillərinə aid  olması fikrini müdafiə edirdi. Bu məsələyə geniş şəkildə toxunan Miller deyirdi: “Yapon dili ilə qədim türkcə arasında səs, söz və cümlə quruluşu baxımından oxşarlıqlar o qədər açıqdır ki, başqa dəlillər olmadığı halda belə, bu oxşarlıqlar yapon və türk dillərinin ortaq bir kök dildən qaynaqlandığını sübut etmək üçün kifayətdir”.

Yaponşünaslardan A.R.Zifeldt-Simumyaqi isə  yazır: “Mən hər dəfə əlimə yapon dili lüğəti götürəndə o qədər Ural-Altay kökünə rast gəlirəm ki, yapon milləti və onun dilinin əmələ gəlməsində aynu və malay-Polineziya, sonra isə Çin ünsürləri ilə yanaşı iştirak edən ünsürlərdən birinin Ural-Altay təbiəti barəsində şübhələrə yer qalmır. Müqayisəyə qədim yapon sözlərini cəlb edəndə bu oxşarlıq daha qabarıq olur”.

Ona görə də əvvəllər Altay dil ailəsinə türk, monqol, tunqus-mancur dilləri daxil edilirdisə, sonralar Y.D.Polivanov və Q.İ.Ramstedt Altay dil ailəsinin hüdudlarını genişləndirərək yapon və Koreya dillərini də bu ailəyə daxil etmişlər. Yapon dilinin Ural-Altay dilləri ilə qohum olması fikri  alimlər V.Şott, De Rosni, O.Altay və J.Hoffman tərəfindən də irəli sürülmüşdür. 

Mütəxəssislər yapon dilində xeyli türkizmlərin (məsələn: iyi-İi, çok-şhokku, ne-nani, yak-yakedo, tepe-teppen, kara-kuro, su-sui, yabajin-yabançı, yama-yamaç və s.) olduğunu müəyyən etmişlər.   Məşhur türkoloq Osman Nedim Tuna altay dilləri nəzəriyyəsi haqqındakı məqaləsində belə türkizmlərin yaponcadakı səs fərqlərini ada faktoru ilə izah edir. T.Quliyev isə “Altay dillərinin qohumluğu məsələsi” əsərində türk dilləri ilə yapon dili arasında müvafiq leksik paralelliyin digər dillərlə nisbətdə az olmasını yapon dilinin Altay dil ailəsindən - kök dildən çox-çox erkən ayrılması ilə əlaqələndirir. Ümumiyyətlə, əgər türk-yapon dillərində həm məna, həm də səs baxımından oxşar ümumi sözlər varsa, bu, hər iki dilin ortaq kök dildən törəndiyi ehtimalını meydana çıxarır. Lakin bunun əksini iddia edənlər də var. Klouson, Şerbak, Ligeti, Kotviç kimi dilçi alimlər türk və yapon dillərindəki eyni mənalı oxşar sözlərin ortaq miras deyil, bir-birləri ilə yüz illərlə sürən siyasi, iqtisadi və mədəni əlaqələrin təsirinin nəticəsi hesab edirlər. Bəs digər oxşarlıqlar? Onlar da siyasi, iqtisadi və mədəni əlaqələrin hesabına olub? Axı bu dillər arasında başqa bir sıra oxşarlıqlar da vardır.

Məsələn, hər iki dildə  sait-samit harmoniyasının olması, törəmə və fleksiya şəkilçilərinin kök sözləri dəyişməməsi,  hər iki dildə kişi və qadın arasındakı fərqi (cins kateqoriyasını)  göstərən heç bir ön sözün olmaması, hər iki dildə sözdən sonra prefiks əvəzinə əlavə olunan şəkilçilərin varlığı, hər iki dildə fellərin lüğəvi mənalarından asılı olaraq iş, hal, hərəkət, vəziyyət, proses, hadisə və s. bildirən leksik-semantik məna qruplarına ayrılması və adətən cümlənin sonunda işlənməsi, subyektin cümlənin əvvəlində, təyin olunan sözün təyindən sonra gəlməsi və s. və ia. yapon dili ilə türk dillərinin  əhəmiyyətli ortaq dil xüsusiyyətlərindən sayıla bilər.   

Bu dillərin bənzərliyini dəstəkləyən ən mühüm amillərdən biri də cümlə və söz strukturlarındakı oxşarlıqlardır. Məsələn, türkcə “Evə gedəcəyəm.” cümləsi yapon dilində “İe-e iki-masu” şəklindədir. Başqa bir misal, türkcə “Evdə gözləyəcəyəm.” cümləsi yapon dilində “Ie-de matchi-masu” kimidir. Yəni yapon dilində hazırlanmış bir cümlə sözbəsöz türk dilinə tərcümə edildikdə eyni strukturda eyni mənanı ifadə edir. Qrammatik quruluş əksər cümlələr üçün, demək olar ki, eynidir. Ona görə də türklərin yapon dilini və ya yaponların türk dilini öyrənmək sürəti və müddəti (xüsusilə danışmaq və danışılanı anlamaq) əksər xalqları qabaqlayır. Əhməd Zəfər Öztürk yazır ki, “25 il əvvəl mən Boğaziçi Universitetində işləyirdim. Yapon tələbə qızla tanış oldum. Türkcə çox gözəl danışırdı. Bir gün ondan türkcə öyrənməyin çətin olub-olmadığını soruşdum. O bildirdi ki, türk və yapon dilləri dil və qrammatika baxımından çox oxşar olduğu üçün heç də çətin deyil”. Yuiki Umemoto “Türk və yapon dillərində sintaksis” adlı doktorluq dissertasiyasına yazdığı ön sözdə göstərir ki, “xarici dil olaraq türk dilini öyrənməyə başlayanda çox təəccübləndim. Sintaksis baxımından türk dili ilə yapon dili arasında oxşarlıqlar var...Bu isə onların əlaqəli olduğunu göstərir”. Y.Umemoto türk və yapon dilləri arasında tarixi baxımdan ortaq nöqtələrin  çox olduğu qənaətindədir.  

              Mütəxəssislərin fikrincə, nə qədər oxşarlıqlar olsa da, bunlar, hələlik, genetik qohumluğu təsdiq etmək üçün kifayət deyildir. Ona görə akademik A.Qurbanov yazırdı ki, son dövrlər bəzi Koreya alimləri və yaponşünaslar Koreya və yapon dillərinin Altay dilləri ailəsinə məxsus olduğu fikrini irəli sürsələr də, korey və yapon dilinin bu dillərlə qohumluğu tam sübut olunmamışdır. Filologiya elmləri doktoru Q.Cəlilbəyli də qeyd edir ki, yapon dilinin hansı dil qrupuna malik olması hələ qəti şəkildə müəyyənləşdirilməmişdir

              Altayçı Şiro Xattorinin fikrincə, iki dil arasındakı qohumluğu sübut etmək üçün sinonim sözlər arasında səs fərqlərini kompensasiya edən qaydalar da olmalıdır. Oxşarlıq ilk öncə o dillərdəki təməl sözlərdə (xüsusən say, əvəzlik və qohumluq bildirən sözlərdə) axtarılmalıdır. Hattori bu prinsipi öz təcrübə sahəsində tətbiq edib və altay dilləri ilə yapon dili arasında 10-dan çox struktur oxşarlıqları müəyyən etmişdir. Lakin dünya türkoloqları bunları qənaətləndirici saymamışlar.

Altaist Şichiroo Murayamaya görə, yapon dilinin fonetika və leksikologiya baxımından mənşəyi avstroneziya dilləri olub. O, yapon dilini Altay dillərinin də qarışmış xüsusiyyətlərinə malik “mixed language” – “qarışıq dil” adlandırır. Rus yaponşünaslığın ilk nümayəndələrindən olan Y.D.Polivanov da öz axtarışlarının nəticəsi olaraq yapon dilini Cənubi Okeaniya ünsürləri ilə kontinental ünsürlərin əks olunduğu hibrid dil hesab etmişdir. Hansı variant olsa da, gördüyünüz kimi, yapon dili yenə də türk dillərindən uzaq düşmür.

 

 P.S. Maraqlıdır, görəsən,  yapon və türk dilləri həqiqətən eyni dil qrupunda olduqları üçün oxşardırlar, yoxsa oxşar olduqları üçün (zəndyana) eyni dil qrupuna aid edilirlər? Adamın yadına lap “ toyuq əvvəl olub, yoxsa yumurta?” məsəli düşür. 

 Yəqin ki, bu sualların cavabı gələcəkdə aparılacaq ətraflı tədqiqatlardan sonra məlum olacaq. Gəlin, bunu zamanın və mütəxəssislərin ixtiyarına buraxaq. Onsuz da başqa əlacımız yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.