Bu dünyanın qanunlarına tabe olmaq üçün deyil, onu aşmaq üçün yaranmaq -ESSE Featured

 

 Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Bəzən mənə elə gəlir ki, insanın ən böyük faciəsi varoluşu dərk etməyə çalışdığı andan başlayır. Mən kiməm? Haradan gəlmişəm? Nə üçün buradayam? Və ən əsası, hara gedəcəyəm?

 

 

 

Həyatın mənası haqqında düşünmək bəzən dəhşətlidir. Sanki dərin bir uçurumun kənarında dayanıb aşağı baxırsan və səni qoruyan heç bir şey yoxdur. Ancaq bəzən də insan öz varlığının içində sonsuzluğun qığılcımını hiss edir. Sanki dar bir otaqda sıxılmış kimi görünən bu həyatın arxasında gizli bir qapı var və sən içində bir yerdə bilirsən ki, o qapı açılacaq. Mən bu cahana sığmıram, çünki mənim varlığım təkcə bu dünya ilə məhdudlaşmır.

 

Nəsimi bu sözləri yazanda, onun içində hansı yanğı var idi? Onu yandıran hansı hisslər idi ki, varlığını bu qədər sərhədsiz elan etdi? "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" – bu misra bir insanın hədsiz azadlıq istəyinin, varoluşun sərhədlərini aşmaq istəyinin fəryadıdır. Mən bu dünyada doğulmuşam, bədənim bu torpaqdan yaranıb, qanım, damarlarım, sümüklərim bu dünyanın maddəsindən formalaşıb. Amma yenə də, içimdə elə bir hiss var ki, sanki mən buraya aid deyiləm. Sanki mən bu dünyanın qanunlarına tabe olmaq üçün deyil, onu aşmaq üçün yaradılmışam.

 

İnsan təkcə bədən deyil, təkcə maddi varlıq deyil. Bədənim bir yerdədir, amma düşüncəm bütün kainatı dolaşa bilir. Gözlərim bir istiqamətə baxır, amma ruhum min fərqli yolla hərəkət edə bilir. Mənim daxilimdə həm bu dünya var, həm də bu dünyaya sığmayan bir şey – sonsuz bir kainat.

 

Bəlkə də, bu misranın ən maraqlı yozumu ana bətnindəki körpədir. Axı hər insan bir cahandır. Mən bu fikri oxuyanda düşündüm ki, bəlkə də Nəsimi varoluşun ən təməl həqiqətlərindən birinə işarə edir. Körpə ana bətnində yaşayır və orası onun bütün dünyasıdır. O, orada hər şeyi tapır qidası, varlığı, həyat mənbəyi tamamilə həmin kiçik, qaranlıq məkanın içindədir. Amma bir gün gəlir ki, o dünya- o insan ona dar gəlir. Bədən böyüyür, o yer artıq yetərli olmur və o, daha böyük bir dünyaya doğulur. Biz də elə belə bir haldayıq.

 

Biz bu dünyada yaşayırıq və düşünürük ki, bura bizim həqiqi dünyamızdır. Bizim bədənimiz var, gördüyümüz şeylər var, toxunduğumuz əşyalar var. Amma bir gün gəlir ki, bu dünya da bizə dar gəlməyə başlayır. Sanki içimizdə sıxışan bir varlıq var və o, daha geniş bir aləmə çıxmaq istəyir. Bəlkə də ölüm dediyimiz şey elə bu sıxışmadan qurtulmaqdır. Ana bətnindən dünyaya doğulmaq kimi, bu dünyadan başqa bir varoluşa doğulmaqdır.

 

  "Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam."

 

Burada Nəsimi öz varlığını təsvir edir, amma mən bunu oxuyanda öz varlığımı düşünürəm. Gövhər, dəyərli bir xəzinədir, incidir. Amma buradakı mənası maddi bir şey deyil – bu, ruhdur. Mənim ruhum, mahiyyətim, həqiqətim bu bədən deyil, bu maddi dünya deyil. Mən laməkandanam. Laməkan – yəni, məkanı olmayan, heç bir yerə sığmayan, heç bir sərhədlə məhdudlaşmayan. Ruhum nə zamana tabedir, nə də məkanın çərçivələrinə. Mən bir bədənin içində doğulmuşam, amma əslində mən bir cism deyiləm – mən sonsuz bir varlığam.

 

"Kövnü-məkan"  varoluş və məkan deməkdir. Bu dünya, gördüyümüz hər şey, toxunduğumuz hər şey məkanın içindədir. Amma mənim ruhum, mənim varlığım bu məkanın çərçivələrinə tabe deyil. Bəs elə isə, biz niyə bu dünyada yaşayırıq?

 

Mən bəzən düşünürəm ki, insanın ən böyük dərdi məhz budur. O, özünü bu dünyanın qanunlarına uyğunlaşdırmağa çalışır, amma içinə baxanda anlayır ki, o, heç vaxt tam uyğunlaşa bilməz. Çünki o, həmişə daha çoxunu istəyir. Maddi mənada yox. İnsanın içində sonsuzluğa can atan bir hiss var. İnsan daima öz sərhədlərini aşmaq istəyir. İnsan uçmaq istəyir, qalaktikalara çıxmaq istəyir, ruhunu azad etmək istəyir. Çünki onun içində bir hiss var ki, o bilir – bu dünya ona dar gəlir.

 

Bu misranı oxuyanda mən özümü dərk edirəm. Mən bir bədən deyiləm. Mən bir kimlik deyiləm. Mən bir ad, bir şəxsiyyət deyiləm. Mənim varlığım, mənim həqiqətim, mənim ruhum bu dünyanın qanunları ilə ölçülə bilməz. Mən varam, amma bu varoluş məkan və zamana tabe deyil. Mən bu dünyanın içindəyəm, amma bu dünyanın çərçivələrinə sığmıram.

 

Bəlkə də, insanın bu dünyadakı ən böyük vəzifəsi həqiqi mahiyyətini dərk etməkdir. Bəlkə də, biz ona görə bu dünyada bu qədər əziyyət çəkirik ki, özümüzü unuduruq. Bizi bədənimizlə tanıdırlar, bir ada bağlayırlar, bir kimliyə məhkum edirlər. Amma gerçəkdə, biz bunların heç biri deyilik. Biz daha geniş bir şeyik, biz sonsuzluğun içindəki bir qığılcımıq.

 

Nəsimi bunu görürdü. O, varlığının sərhədlərini tanımırdı, çünki o bilirdi. Bilirdi ki, insan heç bir sərhədə sığmaz. Mən də bunu hiss edirəm. Mən bu cahana sığmıram. Mənim düşüncəm, ruhum, varlığım bu dünyanın qanunlarından daha böyükdür. Mən özümü dərk etdikcə, sərhədlərimi aşdıqca, bu misranın mənası mənim üçün daha da dərinləşir.

 

Mən bu cahana sığmazam. Mənim varlığım bu dünyanın ölçüləri ilə ifadə olunmaz. Mən nə bir bədənəm, nə də bir məkanın içində məhdudlaşdırıla bilən varlıq. Mən sonsuzluğa açılan bir üfüqəm. Mən ruham. Mən laməkandanam.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(18.02.2025)

 

 

 

Harun Soltanov

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.