Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Mənim ruhum, gəl, dayanma pəncərəmin çölündə. İçəri keç, bir az söhbət edək, dərdləşək. Sənə anlatmaq istədiyim o qədər şey var ki... Bəlkə bunların çoxunubilirsən, hiss edirsən. Bəhanələrim, gətirdiyim səbəblər səni yorub, bəlkə də.
Ancaq inan ki, mən də çox yorulmuşam. Sənə anlatmasam, daha da məhv olaram. Mənə elə baxma, nə olar. Mən o baxışları yaxşı tanıyıram. Hər dəfəsində qaçdığım, üzləşməkdən qorxduğum, baxmaqdan çəkindiyim o baxışları yenə mənə zilləmisən.
Məni günahlandırmaq üçün gəlmisən, yenə? Bu dəfə qoy, mən danışım, sən də məni dinlə. Nə bəhanə, nə bir səbəb axtarmadan içimdəki yanğını bir az da olsa sərinlətmək istəyirəm. Doğru deyirsən, mən günahkaram – içimdəki “məni”, “bizi” öldürdüyüm üçün. Bunu danmayacağam. Çox az vaxtlarda biz bir bütöv ola bildik. Birlikdə gülüb, birlikdə əyləndik. O zaman sadəcə ikimiz var idik. Kim hara getsə də, biz bir gedərdik. Yolumuz da bir idi, yönümüz də. Sonra mən o yola çıxmaz oldum. Səni tək qoymağa başladım. Mən də çoxluğa qarışıb öz yolumu unutdum, səni unutdum...
Mən səhv etdiyimi bilirəm, hər zaman da bilirdim. Sən məni günahlandırdıqca, mən hər dəfə susmağa çalışır, ya da səbəblər gətirməyə başlayırdım. Bəs bunları nə üçün etdiyimi bilirsən? Çünki sənə layiq deyildim. Səni özümdən uzaqlaşdırmaq istədim – layiq olduğun bədəndə xoşbəxt yaşamağın üçün. Sən mənimlə xoşbəxt ola bilməzsən. Mən artıq sənin gözlərinə belə baxa bilmirəm. Səndə özümü görməkdən qorxuram. Axı mən səni necə yanımda saxlayım? Mən həyatımın hər dövründə – istər uşaqlığımda, istərsə də gəncliyimdə – sənə əzab vermişəm. Səni görməzdən gəlmişəm.
Mənim üçün hər zaman başqalarının xoşbəxtliyi ön sırada idi. Sanki hər kəsin mənə ehtiyacı varmış kimi, ya da elə hiss etdirdikləri üçün.Mən özümə mərhəmətli olmağı bacarmadım. Onların duyğuları məni bir addım geri salırdı. Və hər dəfəsində bu artan addımlar məni yolumdan uzaqlaşdırdı. Mən yolumuzu itirdim, səni də itirdim. İndi də mən səni necə özümə bağlayım? Səni də bu uçurumun qurbanı edim? Bunu edə bilmərəm. Mən ruhsuz yaşamalıyam – bir daş parçası kimi. Parçalansam belə, məhv olmayan...
Bu yaşlanmaqda olan bədəndə səni qocalda bilmərəm. Sən azadsan və azad da yaşamalısan. Mən isə bir əsirəm – dustaq yaşamağa məhkumam.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)