Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Salam Allah!
Sənə səslənmək, sənin haqqında düşünmək belə məni titrədir. Çünki mən acizəm, çünki mənim sözlərim yetərsizdir, çünki məndə Səni dərk edəcək qədər qüdrət yoxdur. Amma buna baxmayaraq, Sənə sarılmaq istəyirəm, çünki hər şeyin içində, dünyanın bu sonsuz xaosunda, həyatın yorucu mənasızlığında yalnız Sənin varlığın mənə bir səbəb verir.
Mən Səni anlamağa çalışıram, amma necə? Sən başlanğıcı olmayan bir Zamanın Sahibisən, əbədi bir mövcudluğun Özüsən. Mən isə məhdudam, ömrüm saatlarla ölçülür, hər nəfəsim sayılır, hər günüm məni məchul bir sona aparır. Varlığım bir anlıq işıq kimi parlayır və sonra yoxluğa qarışır. Bütün bunları bilə-bilə, Səni necə dərk edə bilərəm?
Bəzən düşünürəm ki, biz, insanlar, Sənin yoxluğunla qorxuduluruq, amma Sən olmadan onsuz da məhvik. İnsan hər şeyin içindədir, amma yenə də təkdir. Hər kəsə qarışıb, amma yenə də tənhadır. İçimizdə bir boşluq var – elə bir boşluq ki, heç nə ilə dolmur. Pul, sevgi, şöhrət, bilik – heç biri onu doldura bilmir. İnsan min şey sınayır, amma nə qədər irəli getsə də, sonunda qəlbinin dərinliyində bir səssiz fəryad qalır. O fəryad yalnız Sənədir.
Bilirəm, insan yaradıldı və unudulmağa məhkumdur. Əvvəl unudur ki, heç nə idi, sonra unudur ki, nəyə görə buradadır, sonda isə özünü unudur. Çünki bu dünya qamətimizi əyir, çünki dünya bizi özü ilə sürüyür. İnsan özünü tanıdıqca çarəsizliyini dərk edir. Biz düşünürük ki, azadıq, amma yalnız arzularımızın quluyuq. İnsan dünyaya gələndən bəri içindəki boşluğu doldurmağa çalışır, amma axırda anlayır ki, onu ancaq Sən doldura bilərsən.
Mən nəyəm? Bir ət parçası, bir neçə il nəfəs alan, sonra torpağa qarışan bir varlıq. Amma içimdə ölməyən bir şey var – ruhum. O ruh ki, nə bu dünyaya aiddir, nə də tam olaraq mənə. Bəzən onu hiss edirəm, amma ona çata bilmirəm. Bəzən onu dinləmək istəyirəm, amma dünya onu susdurur. Mən bu ikiliyin içində sıxılıram – bir tərəfim torpağa, bir tərəfim Sənə bağlıdır.
Mən bəzən Səni unuduram, amma Sən məni unutma. Mən bəzən doğru yoldan sapıram, amma məni tərk etmə. Mənim zəifliyimi bilirsən, mənim nəfsimin necə alçaq olduğunu bilirsən, mənim içimdəki təlatümləri görürsən. Hərdən elə bil ki, qaranlıq mənə qalib gəlir, hərdən elə bil ki, özümə belə yadlaşıram. Bəzən Sənin varlığını hiss edirəm, bəzən isə hər şeydən uzaq düşdüyümü düşünürəm.
Bu həyat qəribə bir oyun kimidir. Biz başlayırıq və bilmirik ki, necə bitəcək. Bəzən hər şey mənasız görünür – bir gün doğulur, bir gün ölürük, arada qalan zaman isə yalnız bir yanılmadır. İnsan hər şeyi unudur – sevgini də, nifrəti də, əzabı da, sevinci də. Bir zamanlar içimizi yandıran hisslər, gün gəlir, yalnız bir kölgəyə çevrilir. Amma içimizdə tək bir şey dəyişmir – Səni axtarmaq ehtiyacı.
Mən bu dünyada çox şeyi sınadım, amma hamısı yalan imiş. Pul – yalnız bir saydan ibarətdir. Sevgi – bəzən xəyaldan başqa bir şey deyil. İnsanlar – bir gün var, bir gün yoxdur. Amma Sən? Sən mənim içimdə hər zaman varsan. Mən Sənə baxıram, amma görə bilmirəm. Səni axtarıram, amma əlim çatmır. Amma bilirəm ki, mənə şah damarımdan da yaxınsan.
Məni özümə buraxma. Çünki insan özü ilə qalanda, itir. Məni dünyanın bu yalanlarından, keçici duyğularından, boş arzularından qoru. Mənim içimdə Sənə aparan bir yol aç. Çünki mənim dönüş yerim yalnız Sənsən.
Mən nə istəyirəm? Heç nə. Heç nə istəmədən Sənin varlığını hiss etmək istəyirəm. Mənim ruhumun içindəki qaranlığa bir işıq vur. Çünki əgər Sən işıq salmasan, mən zülmətdə itərəm. Mənə özümü tapmaq üçün yol göstər. Mənə bu dünyanın saxta xoşbəxtliklərini deyil, həqiqi hüzuru ver. Çünki mən bilirəm ki, insanın xoşbəxtliyi təkcə Səndədir.
Sənə gəlmək istəyirəm. Amma necə? Mən dünyaya çox bağlanmışam. Mən insanlardan, arzularımdan, keçmişimdən, gələcəyimdən asılıyam. Amma bilirəm ki, insan nə qədər azad olmaq istəsə də, yalnız Sənə bağlananda azad olur. Mənim ruhumu bu dünyanın ağır zəncirlərindən qurtar. Mənə Səni dərk etməyi nəsib et. Çünki əgər bir insan Səni dərk etsə, artıq heç nə axtarmaz.
Məni öz içimdə boğulmaqdan xilas et. Məni məni incidən, yoran, məhv edən hər şeydən uzaq et. Mən Səni hiss etmək istəyirəm, səslərdən, insanlardan, bu dünyanın boşluğundan uzaqda, yalnız Sənin sükutunda.
Sonda isə, məni unutma. Mən Səni unutsam da, xahiş edirəm məni unutma. Mən yoldan çıxsam da, məni geri qaytar. Mən səni axtarmasam da, mənə yol göstər. Çünki bilirəm ki, insan özünə buraxılsa, itər. Amma Sənə sarılsa, tapılar. Mən də tapılmaq istəyirəm. Mən də gerçək özümü bilmək istəyirəm. Mən də ruhumu Sənin yanında rahat etdirmək istəyirəm.
Mən tək istəyirəm ki, Sənə dönəndə əllərim boş olmasın.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)