Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
20yaşında bir gənc qızdan danışarkən onun nə qədər böyüdüyünü təsəvvür etmək çətin gəlir insana. Çünki 20 yaşlı elə çoxumuz üçün hələ də uşaqdır. Amma mən bu gün özümlə baş-başa qalaraq anladım nə qədər böyüdüyümü.
Bugün uşaqlığımı görüşə çağırdım. Görüşəcəyimiz vaxtı təyin etməkdə çətinlik çəkdik, çünki onun hazırlıqları var idi, mənimsə universitetim, işim və sair... Yenə də o görüşə vaxtından yarım saat tez gəlmişdi. Mənsə 15 dəqiqə gecikmişdim. Niyə tez gəldiyini soruşanda mənə "İnsanları gözlətməkdən xoşum gəlmir. Bəlkə bu onları əsəbiləşdirər deyə düşünürəm" - dedi. Mənsə ona vaxtımın qiymətli olduğunu, onun da ilk özünü düşünməli olduğunu dedim. Görüş yerini əvvəldən təyin etməyi xahiş etmişdi, çünki plansız hərəkət etməyi sevmirmiş. O an həyata dair duyduğum ciddiyyəti itirdiyimi anladım. Çünki mən hara getmək istədiyimə o an qərar verməyi daha çox sevirdim. İkimizin də vazkeçilməzi olan KFC-yə getməyə qərar verdik. İllər keçsə də, biz dəyişsək də o dəyişməmişdi.
Görüş vaxtı mənə nə qədər geniş çevrəsi olduğundan danışırdı uşaqlığım. Gözlərim dolu-dolu baxdım ona. Çünki adını çəkdiyi insanlar artıq həyatımda deyildi, hətta varlıqlarını belə unutmuşdum. O mənə nə qədər yaxşı dostları olduğundan bəhs edərkən yaşadığım güvən problemləri, qırılmalar gözümün önündəm bir-bir keçdi. Ona "ehtiyatlı ol, güvənmə heç kimə" dedim və o insanların artıq həyatımızda olmadığını dedim. Öncə təəccübləndi. Həmin insanları həyatında elə bir yerə qoymuşdu ki, təsəvvür edə bilmirdi onlar olmadan yola davam etməyi, onlardan zərbə almağı. Sonra isə əsəbiləşdi. Dostları haqda belə kinayəli danışmağımdan narahat olduğunu bildirdi və onları müdafiə etdi. Təbəssüm etdim. Bu güvən dolu hissi unutduğumun fərqinə vardım.
Ona baxanda bir şeyin də fərqinə vardım. Görüşə makiajsız, geyimi bütün vücud xətlərini örtəcək formada, "oversize", saçları daranmış, amma forma verilməmiş şəkildə gəlmişdi. Mənsə onun tam əksinə, sadə amma baxımlı, makiajlı, saçlarım düzləşdirilmiş, hündürdaban ayaqqabı və klassik stil bir geyimlə oturmuşdum qarşısında. Məndən niyə belə özənlə hazırlaşdığımı və bu formada necə rahat olduğumu soruşdu. Təəccübləndim və belə özümü daha xoşbəxt hiss etdiyimi, eyni zamanda dəbin də bu olduğunu söylədim. O isə mənə "insanların fikirlərini önəmsəmirəm" dedi və özünün o geyimlərlə necə rahat hərəkət etdiyindən, qaçıb oynadığından danışdı.
Əslində ikimiz də halımızdan məmnun idik. Amma dedikləri məni düşündürdü... Mənim hədəflərim artıq necə daha rahat atılıb-düşəcəyim deyil, iş cəmiyyətində necə daha stil görünəcəyim olmuşdu...
Görüşün ortalarında şəkil çəkdirməyi təklif etdi. Telefonumu ona uzatdım. Adi kamerayla, filtersiz şəkil çəkdirməkdən əvvəlki qədər çox qaçmadığımı görəndə mənimlə qürur duydu və sevindi. Amma yenə də filteri açmaq üçün məndən icazə aldı:)
Niyə şəkil çəkdirməyi daha əvvəl təklif etmədiyimi soruşanda "söhbət daha maraqlıdır" dedim. O isə şəkillərin xatirə qalacağını düşündüyünü və buna görə də önəmli olduğunu dedi. Qəribəydi. Çünki mən söhbətin və birgə zaman keçirmənin daha dəyərli xatirələr olduğunu anlayacaq yaşa çatmışdım artıq...
Mənə gələcəklə bağlı xəyallarından danışdı. İlkin məqsədinin artıq pul barədə sıxıntı çəkməmək olduğunu dedi. Ona öz pulumuzu qazandığımızı deyəndə çox xoşbəxt oldu. Bu onun üçün qürur mənbəyi idi.
Söhbət əsnasında uzun-uzun mənə baxdı və çox gözəl olduğumu söylədi. Qəribəsi o idi ki, mən güzgüyə baxanda eyni fikirdə olmurdum, amma bunu ondan duymaq xoşuma getdi. Mənə "özümü sevməyimi, çünki komplekslərimin mənim səhvim olmadığını, vaxtı ilə məruz qaldığı bullinqlərin davam etməsə də hələ də qəlbimi yaraladığını bildiyini söylədi. Gözlərim doldu, ona "hər şey yaxşı olacaq"dan başqa nəsə deyə bilmədim.
Mənə heyranlıq dolu gözlərlə baxaraq xəyallarını gerçəkləşdirdiyim üçün təşəkkür etdi və sarıldı. Bu, ikimizin də ən sevdiyi şeylərdən biri idi... Sarılmaq...
Mənim qarşımda özünü özgüvənli kimi göstərsə də içdən-içə utanan, özünü gizlətməyə çalışan bir Leyla var idi. Onun qarşısında isə öz potensialının fərqində olan, o özgüvən problemləri ilə savaşan, dimdik duran bir mən oturmuşdum...
Söhbətin sonunda ona bir az daha gəzməyi təklif etdim, amma hava qaralmadan evdə olmalı olduğu üçün sağollaşdıq.
Evə gəldim və düşündüm. Xeyli düşündüm. Kimlər gedib, kimlər qalıb, çox şey dəyişib. Amma o 12 yaşlı Leyla hələ də mənim içimdə yaşayır. Bunun fərqinə vardım. Çox dəyişib, hə, amma o hələ də mənimlədir... Və anladım ki, heç kim və heç nə üçün onu itirməyə dəyməz. Çünki həyatımın ən dolu, ən xoşbəxt günləri onunla imiş...
Leyla, sənə deyəcək çox sözüm, danışacaq çox hekayəm var, amma həyatı yaşayaraq öyrənəcəksən, balaca. Nə olur olsun, kim nə deyir desin, bil ki, mən həmişə sənin yanındayam. Hara getsən bir addım önündə sənə cığır açacağam. Özünə, mənə, xatirələrimə yaxşı bax. Onlar sənə əmanət...
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)