Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Anam... Bu sadə, lakin mənim üçün dünyalar qədər dəyərli olan söz, həyatımın ən müqəddəs mənasıdır. O, yalnız məni dünyaya gətirən insan deyil, həm də mənim ilk müəllimim, sirdaşım və ən güclü dayağımdır. Ona qarşı olan duyğularımı sözlərlə ifadə etmək nə qədər çətin olsa da, qəlbimdəki sevgi, minnətdarlıq və ehtiramı dilə gətirməyə çalışacağam.
Anamın varlığı mənim üçün bir günəş kimidir. Onun gözlərindəki sevgi və qayğı mənim üçün ən böyük təsəlli mənbəyi olub. Ona qarşı hiss etdiyim minnətdarlıq ölçüyəgəlməzdir. O, mənə həyatın çətinliklərinə boyun əyməməyi, mübarizə aparmağı öyrədib. Anamın hər bir nəsihəti, hər bir sözü mənim üçün həyat dərsi olub. Onun məsləhətləri sayəsində səhvlərimdən dərs almış, düzgün yolu tapmışam. Mən böyüdükcə anamın əziyyətlərini daha yaxşı anlayıram və ona olan hörmətim, sevgim daha da artır.
Amma bəzən, fərqinə varmadan onu incitdiyim anlar da olub. Yeniyetməlik çağında hər kəs kimi mən də öz fikirlərimi müdafiə edərkən onun qayğısını bəlkə də tam anlamırdım. İllər keçdikcə isə başa düşdüm ki, anamın dediyi hər bir söz arxasında saf sevgi və qorxu var idi – mənim üçün, mənim gələcəyim üçün.
Anamın üzündəki bir təbəssüm üçün, onun gözlərində xoşbəxtliyi görmək üçün hər şeyi etməyə hazıram. Çünki o, mənim anamdır – məni sevən, mənə həyat verən, məni bu dünyada ən çox anlayan insandır.
Anam... Bu kəlmə mənim üçün sadəcə bir ad deyil, o, varlığımın ən dərin qatlarına toxunan, zamanın içində dayanmadan böyüyən bir duyğudur. Hər bir insanın həyatda sığındığı bir liman var, mənim limanım isə anamın qəlbidir. O qəlb ki, içində məni qoruyan bir nur daşıyır, istər fırtınalar qopsun, istər yollar qarışsın – o nur heç vaxt sönmür.
Anamın mənim üçün nə demək olduğunu izah etməyə çalışarkən sözlər kiçilir, məna daralır, çünki bu duyğu ölçüyəgəlməzdir. Onun mənə bəxş etdiyi həyat təkcə fiziki varlığımın deyil, həm də ruhumun təməlidir. Anam mənim üçün sevgini və fədakarlığı özündə birləşdirən bir zaman metaforasıdır. Uşaqlığımda o, vaxtını mənim üçün dayandırırdı – hər gecə yuxusuz qalıb mənim rahat yatmağıma çalışır, hər səhər gülümsəyərək məni yeni günə oyadırdı. İndi isə mən böyüdükcə anlayıram ki, o illər sadəcə zaman deyilmiş – o, anamın mənə bəxş etdiyi öz həyatının parçaları imiş.
Anamın qayğısı və sevgisi gözlə görünməyən, amma hər an hiss olunan bir külək kimidir. İnsan bəzən küləyin varlığını yalnız dayandıqda anlayır – eləcə də anamın fədakarlığını, onun sarsılmaz sevgisini anlamaq üçün insan zamanla böyüməlidir. Bizim uşaqlıqda “adi” hesab etdiyimiz hər şey – bişirdiyi yeməklər, çəkdiyi narahatçılıqlar, yağışlı günlərdə əlimizi sıxmağı – əslində sonsuz bir sevginin ifadəsi imiş.
Bəzən düşünürəm, anamın sevgisi sonsuz bir dairəyə bənzəyir. Mən ondan doğuldum, o isə məni sevgisi ilə yoğurdu. O, məni həyata gətirdi, mən isə onun sevgisini daşıyan bir zaman yolçusuna çevrildim. Əslində, biz heç vaxt ayrılmırıq – çünki onun verdiyi sevgi mənim hər hüceyrəmdə yaşayır, düşüncələrimdə çiçək açır. O, mənim varlığımın ən incə tellərinə toxunub və mən bu tellərin hər birini ürəyimdə qoruyuram.
Bəlkə də bir gün yollarımız bir qədər uzaqlaşacaq, həyat bizi fərqli istiqamətlərə aparacaq. Amma mən bilirəm ki, anamın sevgisi mənim varlığımda əbədiyyən qalacaq. Çünki ana sevgisi zamana tabe olmur, o, sonsuzluğa yazılmış bir şeirdir. Və mən bu şeiri ömrüm boyu oxuyacağam.
Hər zaman dediyim kimi, Nigarı Nigar edən, ərköyünlüyünün, dəli-doluluğunun və hədsiz özünəinamının səbəbi sənsən. Sən heç saralıb-solmayan cənnət çiçəyi, mələklərin nuru və bəyazısan. Ruhumun özü, mənim ən dərin eşqimsən. Minnətdarlığım sənə yaşadığım ömrün uzunluğu qədər olacaq. Mən səni özümdən də çox sevirəm.
Sənə sonsuz təşəkkürlər, əziz Anam!
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)