Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“İnsan acılarında yalnızdır..."
Frida Kahlo
Yalnızlıq nədir?
Müddətlik deyil, özünə daimi yer etmiş yalnızlıqları nəzərdə tuturam.
Daha böyük və daha dərin yalnızlıqları.
Məsələn, uşaq evlərində böyüyən və hər dəfə valideynləri ilə əl-ələ tutub gəzən, valideyn qayğısı, sığalı görən analı-atalı uşaqları görəndə onları həsrətlə izləyən kimsəsiz uşaqların yalnızlığı.
Övlad sahibi olduğu halda qocalar evində yaşlanan, bütün günü gözünü pəncərədən yola dikən yaşlı nənə-babaların yalnızlığı.
Ailəsi tərəfindən və yaxud da kimsəsi olmadığı üçün kimlərsə tərəfindən istismar edilən, diləndirilən balaca günahsız uşaqların yalnızlığı.
Gecələri isti, doğma evlərində ailəsi ilə birgə deyil də, soyuq xəstəxana palatalarında təkbaşına gecələməli olan ağır xəstəliklərlə, ağrılarla mübarizə aparan, şəfa diləyi ilə dua edərəkən Allaha açılmış ovuclarının içindəki ümid toxumlarını isti göz yaşları ilə sulayan insanların yalnızlığı.
İçkili həyat yoldaşı tərəfindən hər gün xəyanətə, şiddətə, hörmətsizliyə məruz qalan, yaxınları tərəfindən sahib çıxılmadığı, təkbaşına özünə gün ağlamağa gücü olmadığı üçün bütün bu əziyyətlərə tab gətirmək məcburiyyətində qalaraq dörd bir qoldan övladlarına sarılan, mətbəxdə səssizcə axan göz yaşlarının səbəbi hər zaman soğanın boynuna qalan qadınların yalnızlığı.
Anasının atası tərəfindən şiddətə məruz qaldığına öz gözləri ilə şahid olmuş, kiçik qəlbi yaralı quş kimi çırpınan, hıçqırıqları boğazında düyünlənən, axan göz yaşlarında min nifrət, qorxu, ümidsizlik, özgüvənsizlik, bəlkə də, daha pis duyğu, psixoloji problemlər cücərən kiçik körpə qəlblərin yalnızlığı.
Mənəviyyatsız insanlar tərəfindən təcavüzə uğramış gənc qızların yalnızlığı.
İnsan alverinin qurbanı olan istər uşaq, istər böyük insanların yalnızlığı.
Valideynləri olduğu halda valideyn sevgisi və qayğısı duymayan insanların yalnızlığı. Uşaqların demədim, çünki sevgi və qayğıya ehtiyacı olan təkcə uşaqlar olmur. İnsan hər yaşda sevgi və qayğıya ehtiyac duyur.
Ömür-gün yoldaşını itirdiyi gündən eynək taxmaqdan imtina etmiş, kitabları, pişiyi, köhnə televizoru, öz oturduğu kreslonun yanında bir vaxt dolu, amma artıq boş olan kreslosu, bir az gəzib hava almağa çıxdığı parkı və orda yalnız oturduğu skamyası ilə ömrünün sonlarına doğru addımlayan, özü yaşlanıb beli bükülmüş, qəlbi gözəl insanların yalnızlığı.
Yarısını itirən insanların yalnızlığı. Yarısını yazdım, çünki sevdiyi insan gedincə və ya dünyasını dəyişincə yarım qalırsa, insan demək ki, o tərk edib gedən və ya dünyadan köçən yarısı imiş o insanın.
Evsiz-eşiksiz küçələrdə yaşayan, yayda parklardakı skamyalarda, qışda başında dam olan haranı tapdısa orada yatan kimsəsiz səfil, sərgərdan insanların yalnızlığı,
Fiziki imkanları məhdud olan insanların yalnızlığı.
Qışda qar yağıb dağlara çən çökəndə gözlərinə qayğılı düşüncələr çökən insanların yalnızlığı.
Hər gün ölkəsində müharibə, ölüm təhlükəsi olan, yaşadığı şəhər və ya kəndlərdə, evlərinin bir addımlığında bombalar partlayan, hər anını silah səsləri və silah səsinə qarışan ürək döyüntüləri və qorxu ilə keçirən insanların yalnızlığı.
Afrikada ac-susuz yaşayan, təmiz və ya çirkli fərq etməz, tapdıqları bir qab suya, bir parça quru çörəyə şükür edənlərin yalnızlığı.
Yalnızlıq nədir, bilirsinizmi?
Bir insanın bir evdə tək başına yaşaması da yalnızlıqdır, ruhundan anlamayan, onu başa düşməyən insanlarla bir evdə, bir cəmiyyətdə yaşaması da yalnızlıqdır.
Yalnızlıq harada olur, bilirsinizmi?
Yalnızlıq yaxınları tərəfindən çətinliklər qarşısında tək buraxılmış bir insanın küskünlüyündədir.
Yalnızlıq onu anlamayan insanların əhatəsində yaşayan bir insanın ruhundadır, düşüncələrindədir, eşidilməyən hayqırışlarındadır.
Yalnızlıq bir evdə tək yaşayan bir insanın, saçlarında, paltarında, qab-qaşığında, süfrəsində, pilləkənlərində, qapısındadır.
Yalnızlıq aclıq və susuzluqdan əziyyət çəkən bir uşağın mədəsində, ovuc içlərindədir.
Yalnızlıq istismar edilən bir uşağın sökük, çirkli paltarlarında, daranmamış saçlarında, yuyulmamış üzündədir.
Yalnızlıq fiziki məhdudiyyəti olan insanların baxışlarındadır.
Yalnızlıq təcavüzə uğramış bir qızın çarəsizliyindədir.
Yalnızlıq xəstəlik səbəbi ilə saçları tökülən bir qadının əlini saçlarında gəzdirərkən əlində qalmış saçlarını ovcuna sıxıb ağlamasındadır, bəlkə də, o qadının canını xəstəliyin ağrısından daha çox saçlarını itirməsi ağrıdar və yalnız bir qadın anlaya bilər bu ağrının nə demək olduğunu.
Yalnızlıq – o, bəzən bir evdə, bəzən bir qəlbdə, bəzən bir baxışdadır.
Yalnızlıq – o, bəzən bir çiyində, bir kürəkdə, bir ovucdadır.
Yalnızlıq – o, bəzən geridə bəzən solunda, kim bilir, bəlkə, hələ qabaqdadır.
Bəzən çıraqsız bir evdir yalnızlıq.
Bəzən görməyən bir göz, tutmayan bir ayaq, bir əl.
Bəzən də kənardan gözəl bir mənzərəni izləyərək o mənzərənin içində yer almaq istəyidir yalnızlıq!
“Ədəbiyyat və incəsənət”
(10.02.2025)