Hər xatirəni təkrar-təkrar yaşamaq yorucudur - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Yağış, elə bil, pərdə arxasında gizlənmiş bir aktrisa kimidir - səhnəyə tam çıxmır, amma varlığı duyulur. Küçələr hələ də quru qalıb, pəncərələrə düşən damlalar iz buraxmadan yox olur. Külək isə şəhəri əlində saxlayan görünməz bir qüvvə kimi dar küçələrdən süzülür, maşınların yanından ötüb keçir, insanların ipdəki paltarını tərpədir, sobaları dağıdır.

 

Bakının küləyi hər zaman var, amma bu gecə onun səsində bir qəribəlik var-sanki danışmaq istəyir, amma söz tapa bilmir.

Bəlkə də Kafka haqlı idi: “Bir az daha yatsam və bütün bu cəfəngiyyatları unutsam necə olar?” Həqiqətən, insan bəzən yatmaq istəyir. Oyaq qalmaq, bütün düşüncələri içində gəzdirmək, hər xatirəni təkrar-təkrar yaşamaq yorucudur. Gecənin sakitliyində insan öz içində daha çox boğulur, hər şeyi daha aydın görür. Bəzən yatmaq, hər şeyi unutmaq daha asandır. Amma Bukovski deyirdi ki, “Çox vaxt yeganə çıxış yolu yuxudur.” Çıxış yolu... Bəlkə də doğrudur. İnsan bəzən həyatdan, sevgidən, xatirələrdən, hətta özündən belə qaçmaq istəyir. Yatmaq isə bu qaçışın ən zərif üsuludur..

  Amma Pavese xəbərdarlıq edirdi: “Neçə yaşınız olursa olsun, yatdığınız zaman keçib gedəcəyini zənn edəcəksiniz. Neçə yaşınız olursa olsun, yatanda getməyəcək.” Bu, soyuq bir həqiqətdir. İnsan yatanda zaman dayanırmış kimi hiss edir, amma əslində heç nə dəyişmir. Sabah açıldıqda, eyni duyğular, eyni fikirlər yenidən qarşısında dayanır. Elə bil, hər şey gecədən sabaha ötürülən bir yükdür-sən onu bir kənara qoysan da, səhər açıldığında yenidən çiyinlərinə yüklənir.

  Bakı küləklidir, amma içim daha çox çalxalanır. Bu gecə o qədər sakitdir ki, elə bil bütün şəhər yuxuya getmiş, təkcə mən oyaq qalmışam. Bəlkə də bu sükutun içində öz-özümlə danışmalıyam. Bəlkə də bu külək mənə nəsə demək istəyir, amma sözlərə çevrilə bilmir. Gecənin içində bir sevgi xatirəsi var-o qədər uzaq, o qədər bulanıq, amma hələ də buradadır. Sanki yağışın içində gizlənmiş bir nəfəs kimidir, küləyin gətirdiyi bir toxunuş, göz qapaqlarımın arasına dolan bir xatirə.

  Hemingvey deyirdi ki, “Həyatım oyaq olanda dağılmağa meyllidir.” Bəlkə elə sevgi də belədir? İnsan birisini sevdikdə, həyat daha çox hiss olunmağa başlayır. Hər şey daha real, daha kəskin olur. Sevgi səni içindən oyadır, amma eyni zamanda parçalayıb məhv edə bilər. Ona görə də bəziləri sevgidən qaçır, ona görə də bəziləri yatmağa üstünlük verir. Çünki sevgi səni ya tamamlayır, ya da dağıdır. Neytral bir şey yoxdur.

  Amma sevgi həmişə tufan kimi gəlmir. Bəzən elə bu gecə kimi olur-az yağan bir yağış, bir neçə damla, amma bədənini islatmağa yetəcək qədər. İnsan bəzən gözləyir ki, hər şey dəyişsin, hər şey daha güclü, daha ehtiraslı, daha möhtəşəm olsun. Amma bəzən sevgi gözlədiyin tufan deyil, sadəcə, sakit bir yağışdır. Sən bunu hiss edərsən, amma ətrafda iz buraxmaz. Gecənin içində bir pıçıltı kimi qalar, bir kölgə kimi ötüb keçər.

  Bəlkə də elə buna görə insanlar yuxuya sığınırlar. Sevgidən qorxduqları üçün, ya da sevginin izlərini daşımaqdan yorulduqları üçün. Amma Pavese deyirdi ki, yatmaq heç nəyi dəyişdirmir. Yağış az da olsa, yağır. Sevgi az da olsa, qalır. O, içində bir iz buraxır, bəzən ağrılı, bəzən şirin, amma heç vaxt tamamilə yox olmur. İnsan bu şəhərdə gəzərkən, küləyin gətirdiyi o pıçıltını hiss edərkən, bir vaxtlar eşitdiyi səsləri, duyduğu toxunuşları xatırlayır. Bakı susur, amma xatirələr danışır.

  Həyatın içində bir seçim var-ya yatıb unutmağa çalışmaq, ya da ayıq qalaraq hər şeyi hiss etmək. Kafka yatmaq istəyirdi, Hemingvey oyaq qalanda dağılırdı, Bukovski yuxunu çıxış yolu kimi görürdü, Pavese isə heç nəyin keçmədiyini deyirdi. Mən isə bu gecənin içində dayanıb düşünürəm: həqiqətənmi yatmaq bir çıxışdır? Yoxsa sevginin az yağan yağış kimi var olduğunu qəbul etmək lazımdır?

  Bakı yenə də külək və yağışını bizdən əsirgəmir. Amma ən qəribəsi odur ki, nə qədər az yağsa da, nə qədər sakit olsa da, onu hiss edirik. Elə sevgi kimi-bəzən səssiz, bəzən görünməz, amma hər zaman var. Bu gecə mən yatmayacağam. Yağışın azlığını, küləyin pıçıltısını, gecənin içində qalan sevgini hiss etmək üçün. Çünki bilirəm, səhər açıldığında, hər şey yenə burada olacaq.

Neçə yaşın olursa olsun, yatanda keçməyəcək, Əzizim...

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.