“Öz yuxumun içindəyəm...” - REKVİYEM Featured

Ramiz Qusarçaylı, “Ədəbiyyat və incəsənət” üçün

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin ailəsinə ağır itki üz vermişdir. Nadir müəllimin ömür-gün yoldaşı, dəyərli alim, filologiya elmləri doktoru Nəzakət Məmmədli vəfat etmişdir. 

 

Nəzakət xanım AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışırdı. O, ABŞ, Çin, Yaponiya, Tailand, Bangladeş və s. ölkələrin nüfuzlu nəşrlərinin redaksiya heyətlərinin üzvü idi.

Nəzakət Məmmədlinin elmi-ədəbi yazıları və əsərləri, dünya xalqları ədəbiyyatı ilə bağlı akademik araşdırmaları və tərcümələri, tənqidi məqalələri, tərtib və nəsr etdirdiyi kitablar ölkəmizin və xarici dövlətlərin nəşriyyatlarında, ünlü qəzet və dərgilərində, elmi-ədəbi toplularında mütəmadi olaraq dərc olunurdu və rəğbətlə qarşılanırdı. 

Onun nəşrə hazırladığı “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” kitabı, Mir Həmzə Seyid Nigarinin “Divanı” və “Nigarnamə” əsəri, Şeyx Fəridəddin Əttarın “Təzkirətül-Övliya” əsəri, Şərəfəddin Rami Təbrizinin “Ənisül-üşşaq” əsəri, Füzulinin “Leyli və Məcnun” əsəri: Poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri kitabı, Sevdayi və onun “Leyli və Məcnun” əsəri, “Sufi istilahları baxımından Xacə Hafiz (Divanının) lüğəti, Şeyx Fəridəddin Əttarın “İlahinamə” əsərindən tərcümələri, “Odunçu və Sultan Mahmudun hekayəsi”, “Həvva və Xənnasın hekayəti”, “Məsihlə dünyanın söhbəti”, “Ruhların cisimlərin yaradılmasından əvvəlki hekayəti”, “Mömin qadının hekayəti”, “Hikmət” elmi araşdırmalar toplusu, eyni zamanda tərcümə etdiyi Müslim Maqomayevin Dahi Lanza, Şərəfəddin Rami Təbrizinin “Ənisül-üşşaq”, Seyid Yəhya Bakuvinin iki cilddə “Risalələr” və çoxsaylı digər kitabları ədəbiyyatımıza bəxş olunan töhfələrdəndir.

Mən mükəmməl elmi əsərlərin və gözəl şeirlərin müəllifi olan Nəzakət xanımı zamanında çox nəfis şəkildə buraxılan və o dövrdə sayılıb-seçilən nüfuzlu “Gənclik” jurnalında çap olunan şeirlərindən tanıyırdım. Onun 

 

Çox axtarma, baba dərviş,

Nə Rumdayam, nə Çindəyəm.

Lap gözünün giləsitək

bappalaca, qapqaraca

Bir toxumun içindəyəm.

Qar altında qara torpaq,

Körpə qönçə içindəki qızılgültək

Öz yuxumun içindəyəm...

Yazılmamış kitab kimi,

Bir yazanın içindəyəm.

Doğulmamış kəpənəyəm,

Bir qozanın içindəyəm,

Baramanın içindəyəm.

Uzaqda yox,

Qəlbindəki axtarmanın,

Aramanın içindəyəm...   

 

-şeirini çox bəyənirdim...

Nəzakət Məmmədli 2023-cü ilin aprel ayının 29-da Qubanın səfalı “Nazlı bulaq” məkanında Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun kollektivinin  mənimlə görüşünü keçirmişdi və böyük mənəvi zövq aldığım o görüşün təəssüratı indi də xatirimdədir...

Nəzakət Məmmədlinin çoxşaxəli elmi-ədəbi yaradıcılıq nümunələri yaddaşlara həkk olunaraq öz layiqli yaşam mənzərəsini yarada bilib və onun əziz xatirəsi əbədi yaşayacaqdır. 

Təqdim etdiyim foto da həmin o görüşdəndir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.