Xəyanətin indi mənim zəifliyim yox, gücüm olduğunu anladım - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Saat 3-ü vurur.

Mən təlaşla yuxudan oyandım. Həyatda başıma gələcəyindən qorxduğum şey yuxuda baş vermişdi. Nəfəsim tutuldu. Heç bir yuxu məni bu qədərnarahat etməmişdi. Yerimdə o yan -bu yana çevirərək yatmağa çalışdım. Belə şeyləryuxuda olar, sənin başına gəlməz, dedim, ancaq nə qədər çalışsam da içimdəkiboşluğu doldurmaq mümkün deyildi. Başqa yol yox idi. Bunu dəqiqləşdirmək lazımidi. Bəlkə bu bir işarə idi. Hər yuxum çin olmasa da, gerçəyə çevrilənlər də olurdu.

Bəs bu da onlardan biri olsa...

 

Saat 4-ə yaxınlaşır.

Mən artıq bir saata yaxındır düşünürəm. Düşüncələrim artdıqca cavabsız suallarım da artırdı. Və ürəyimin döyüntüsü daha da şiddətlənirdi. Yerimdən qalxdım. Telefonu əlimə alıb axtarmağa başladım: bir yad isim... yad şəkil... yad söz... yad nömrə...

Heç nə yoxdur...

Bir səs deyir: “Bax, hər şey qaydasındadır, yat, bu yuxudur.” Digər bir səs isə yenə narahatçılıq verir: “Yenə bax, əmin ol,” deyir. İnanmaq istədiyim üçün yenə yatmağa çalışdım. Ürəyim isə rahat durmurdu. Ağrı hiss etməyə başlayırdı. Mən nə qədər çalışsam da, yata bilmirəm. Yenə oyandım, yenə saatıma baxdım.

Saat 5 olurdu.

Sanki bir səs mənə səhər açılmadan gözlərini aç, deyirdi. Və mən təkrar qalxıb telefona yaxınlaşdım. Yenidən axtarmağa başladım. İndi bəzi şeylər bir-birinə zidd görünürdü. Şübhələrim, deyəsən, yanıltmırdı. Mən özümü itirməyə başladım.

Bədənim sözümə baxmırdı. Gah soyuqdan üşüyürdüm, gah da qızdırma içində yandığımı hiss edirdim. Hər şey hiss etdiyim kimi idi. Hisslərim məni aldatmamışdı.

Mən aldanmışdım... Hər şey gün kimi aydın idi. O an hər şeyi biləndə ürəyimdə ağrı hiss etdim. Heç vaxt belə incitməmişdi. Mən heç vaxt belə bir şey yaşamadım. Buna dözə biləcəyimi heç vaxt düşünməzdim. Ancaq acı gerçək var ki, həyat bizi çox zaman heç gözləmədiyimiz, güvəndiyimiz insanlarla sınayır. Və mən də onlardan biri oldum. Bir zamanlar ürəyim onu görəndə necə xoşbəxt hiss edirdisə, bu xoşbəxtlik nə qədər çox olsa belə, incitməzdi, indi isə onu görəndə hiss etdiyim ağrı çoxaldıqca mən ölmədiyimə şükür etdim...Bu ağrını azaltmaq üçün, sanki qəlbimin üstündəki görünməz bir düyməni basıb hər şeyi susdurmağa çalışıram... amma o, həmişə işləməyəndə, xatirələr yenidən səslənir...

Mən həmişə özümü zəif hiss edərdim, bəzi şeylərə dözə bilmərəm, deyərdim, indi isə bu güc məndə... hardandır? Mən necə güclü olmağı bacarıram? Onun gülümsəməsi üçün hər şeyi edən mən, indi göz yaşlarımı belə ona layiq görmürəm.

İndi qadın gücünün nələrə qadir olduğunu daha yaxşı anlayıram. “Mən heç vaxt dözə bilmərəm” dediyim “xəyanət”in indi mənim zəifliyim yox, gücüm olduğunu anladım...

Bu sevgi ilə yoğrulub, nifrəti acıdan bir həyat hekayəsidir...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.