Nigar Xanəliyeva “Ədəbiyyat və incəsənət”
İlahi bir sirr kimi gəlir bəzən həyatın özü. Sanki hər şey öncədən yazılıb, amma sən oxumağı bilmirsən. Bir səhifə çevrilər qarşında naməlum bir cümlə. Sözləri anlaya bilmirsən, amma ürəyində bir ağırlıq, bir titrəmə hiss edirsən. Bilirsən ki, bu cümlə sənindir – sənə aid bir işarədir, ancaq onu dərk etmək üçün doğru bir məqam, doğru bir vasitə lazımdır.
Bəzən bu vasitələr təsadüf adlanır. Amma təsadüflərin ilahi bir əl tərəfindən toxunmuş olduğunu dərk etmək üçün dərindən baxmaq lazımdır. Yolunu itirdiyin bir gün heç gözləmədiyin bir küçədə sənə doğru uzanan bir əl… Bu, sıradan bir hadisə kimi görünə bilər. Amma bəlkə də bu əl illərdir səni axtaran başqa bir ruhun cavabıdır.
Eşq də bəzən bir təsadüf kimi gəlir. İki insanın gözləri görüşər, amma bu görüş ilk dəfə deyil, sanki əbədiyyət boyu bir-birinə baxırmışdır. Bu anı yalnız "təsadüf" adlandırmaq azdır. Bu sənin keçmişdə verdiyin hansısa bir qərarın, hansısa bir duanın cavabı ola bilər.
İlahi təsadüflər səni çaşdırar, amma bir o qədər də heyran qoyar. Təsəvvür et: illərlə içində daşıdığın bir həsrət var – adını bilmədiyin, amma hər gecə yuxularında hiss etdiyin bir duyğu. Sonra bir gün tamamilə təsadüfi bir anda biri qarşına çıxar. Sən onu tanımırsan, amma ürəyindəki sükut ona cavab verər. Sanki o sənə çox əvvəldən məlum olan, amma tanımaq üçün bu məqamı gözləyən bir ruhdur.
Bir dəfə biri mənə dedi:
-Heç hiss etmisənmi ki, bəzi insanlar sənin həyatına yalnız səni bir şey öyrətmək üçün gəlir? Onlar sənin nə vaxtsa itirdiyin bir parçanı tapmağa kömək edərlər, amma qalmazlar.
Bu sözlərdə böyük bir həqiqət gizlidir. İlahi təsadüflər yalnız həyatın axışını dəyişdirmək üçün yaranmır, həm də səni özünlə qarşılaşdırmaq üçündür. Hər təsadüfün altında bir məna yatır – bir işarə, bir yol, bəzən də bir xəbərdarlıq.
Həsrət, eşq və təsadüf bir-birini tamamlayır. Həsrət səni axtarmağa məcbur edir, təsadüf səni doğru məqamda doğru yola çıxarır, eşq isə sənə bu yolun mənasını göstərir. Amma onların hər üçü naməlumdan məluma keçidin bir vasitəsidir.
Bəlkə də sən bu yazını oxuyarkən belə həyatında baş verən kiçik bir hadisəni xatırlayırsan. İlk baxışdan əhəmiyyətsiz görünən bir təsadüf… Amma indi fikirləşirsən: "Bəlkə bu təsadüf mənim həyatımda bir işarə idi. Bəlkə də mən onu düzgün oxumadım."
Bütün bunları dərk etmək üçün yalnız bir şey lazımdır – öz ürəyinə qulaq asmaq. Çünki ilahi təsadüflər bəzən səninlə gözlə görünməz dillərdə danışar. Onları yalnız hiss edə bilərsən. Eşq də, həsrət də, təsadüf də budur: hər biri bir işarədir, sənə öz yolunu tapmağı öyrədən ilahi bir ipucu.Çünki bəzən yalnız bir baxış, bir cümlə belə yetər ki, insan öz itkinlərini anlamasın, amma onunla barışsın.
Sükut… Bəzən hər şeyə cavab verən yalnız budur. İnsanlar hər zaman hər şeyi anlamağa çalışır. Ancaq naməlumu dərk etmək asan deyil. Sirr içində bir sirr var, onu açmaq üçün isə məlum olanın açarına ehtiyacımız var.
Mənə elə gəlir ki, həyatın ən dərin məqamları heç vaxt açıq şəkildə qarşıya çıxmaz. Onlar həmişə dolayı yolla, bir başqa şey vasitəsilə hiss etdirilir. Bu, bir baxışın içində ola bilər. İki cüt göz qarşılaşar, amma gözlər yalnız görünəni deyər; onların altında isə hisslər danışar.
Dərin eşq də belədir. Bəzən biz özümüzə belə aydın olmayan bir həsrətin içindəyik. Bilmirik, nəyi istəyirik, amma hər an hiss edirik ki, içimizdə bir boşluq var. Və sonra qəfil bir an gələr. Bir nəfəs, bir səs, bir toxunuş…
Bu, sənin boşluğunu tam doldurmasa da, onun formasını göstərər. Naməlum yavaş-yavaş məlumlaşar.
Eşq bir vasitədir. İnsan başqa birini dərk edərkən əslində özünü anlamağa çalışır. Hər toxunuş, hər söz, hər baxış sənin öz varlığını sorğulamağa səbəb olar. Sevgilinin gözlərində bir naməlum var, amma o gözlərin içində sənin özündən də bir parça var. Məhz bu, insanı cəlb edir – həm özünü tapmaq, həm də başqasını dərk etmək istəyinin qarşıdurması.
Həsrət isə heç vaxt bitməz. O, eşqin yanındakı səssiz yol yoldaşıdır. İnsan nə qədər çox sevirsə, o qədər çox həsrət çəkir. Çünki nə qədər çox dərk edirsən, bir o qədər çox dərk edə bilmədiklərin üzə çıxır. Həsrət səni daim ayaqda saxlayar, amma bir az da qəmli edər. Elə bil ki, səhrada su içmək istədiyin yerdə tam doymazsan – bir qurtum səni yaşatmağa bəs edər, amma susuzluq hələ də qalır.
Bütün bu qarışıqlığın içində, bəlkə də, ən sadə həqiqət budur: hər naməlumun bir məlum vasitəsi var. Hər tapılmamış cavabın arxasında bir ipucu gizlənir. Bəzən bir söz, bəzən bir mahnı, bəzən isə sadəcə bir baxış. Biz yalnız bu vasitələrdən istifadə edərək öz yolumuzu tapırıq.
Bu, həyatın ən gözəl paradokslarından biridir. İnsanlar dərk etmək üçün yaşayarlar, amma dərk edə bilmədikləri hər şey onları yaşamağa davam etməyə vadar edər.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)