Xatirə yollarının kəpənəksevər yolçusu Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

 

 

İnsan illəri yorur... Sonra da özünü günahkar çıxarmamaq üçün deyir: “İllər məni yorub”.  Və birdən illər dilə gəlsə, yapışsa ha insanın  yaxasından, desə: “Bura bax, sən məni gözəl yaşamamısansa,  mən neynim?!”, onda nolar axırımız?

Hə, hamımız eyni anda çiynimizi çəkdik...

 

Yorulmadığımız və yormadığımız il yoxdur ömür təqvimimizdə. Qərib Mehdinin təbirincə, “Qırmızı gün” də yaman çoxdur bu təqvimdə. Di gəl, özümüzün qırmızıladığımız, ya da qırmızılamağa cəhd etdiyimiz günlər dəqiq olmur.  “Keçən ilin bu günü” deyə başlamırıq söhbətə, “O gedəndən sonra”, “Güllər açan vaxtıydı”, “Yayın istisiydi”  kimi ifadələrlə nərdivan salırıq xatirə yollarına.

Xatirə yolları...

Əntiqə Səməndər-Kərimzadə mənim xatirə yollarımın kəpənəksevər yolçusudur.    Şeirlərindən birində deyir: Mən içimdən kiçilirəm, Bölünürəm hissələrə, budaq-budaq…”  Budaqlanır, tumurcuqlanır, hətta bar verir şair dərdin əlində. 

Əntiqəylə bir-birimizə ünvanlı o qədər şeirimiz var... Sayını itirmişik. Oturub saymağa zaman tapılar, uzağı, 15 dəqiqə çəkər, “həvəs yoxdur” desəm, bəhanə olar. Ürəyim gəlmir o şeirləri saymağa... Ürək anlaşılmazdır, izaholunmazdır, dərd bilsə də, dilqanmazdır.

1994-cü il may ayının 16-da Ağdam rayonunda anadan olub Əntiqə Səməndər-Kərimzadə. Bakı Slavyan Universitetinin məzunudur. AYB üzvüdür. Kitablarının sayını soruşdum, demədi... Mən də bilmək istəmirəm. “Ədalət” qəzetinin əməkdaşıdır.   “Özün haqqında danış” deyəndə gülümsəyir, deyir:

 

-Oxucu mənim ancaq yazılarımı oxuyur. Mənimlə dostluq etmir axı, xasiyyətim, xarakterim ona maraqlı olsun. Özüm haqqında yalnız bunu deyə bilərəm ki, sən sözü sevən, ədəbiyyatı sevən bir insanla söhbət edirsən.

 

...Bir dəfə  soruşmuşdum: “Hopuram sözlərinə, yaz məni, dostum, varaq-varaq…” misralarını kimə ünvanlamısan? Səni yazacaq dost varmı səncə?

Baxışından hiss etmişdim ki, inciyib. Gözlədiyim cavab bu idi: “Sənin mənə yazdığın şeirləri hara qoyub bu sualı verirsən?” Amma o, başqa cavab verdi:

 

-Bu dünyada ünvansız nə var ki? Məncə, heç nə ünvansız deyil… Çox şeirimin səbəbi sənsən… Şeirləşən vaxtlarımızda sənə yazmışdım. Hərdən mənə buna bənzər suallar verirlər. Mənim hamıya cavabım bu olur: “Desəm ki, məni məndən soruşmadan yazın, ən gözəl yazını Şəfa yazar”.

 

Sevinərək utanmısınızmı heç? Ya da bədiiləşdirim: utancaq bir sevinc bəzəyibmi çöhrənizi? Mən onu yaşadım bu cavabı eşidəndə.  Əntiqədən bəhs edən yazı yazmaqmı? Yox, hələ yazmamışam... Bəzi şeylər yazılmamalı, yaşanmalıdır axı!

“Taleyin aldığı bir anlıq sevinc”in kimin gözündə “gizləndiyini”  soruşdum Əntiqədən. Sualıma peşman oldummu? Bir anlığa... 2012-ci ildə amerikalı şair Əlison Məndəvilə şeirimi oxumuşdum. Ardınca izah etmək istəmişdim ki, mədəniyyət, təfəkkür fərqimizə görə, birdən anlamaz nəyisə. Sözümü kəsib irad bildirmişdi: “Şair şeirini izah etməz!”  İkinci an isə özümə bəraət tapmışdım: oxucu kimi deyil, elə şair kimi soruşuram.

        

- “Kimin” yox, bəlkə “nəyin” deyək?demişdi Əntiqə: -Taleyin aldığı bir anlıq sevinc demək istəyib demədiyim sözlərdə gizlənib.  Bir də, illərin astanasında özünü itirmiş gəncliyin…

 

Bir şeirində “yaşamaqdan yaşamağa köç etməyin” şeir olduğunu deyir Əntiqə.  O günü mənə deyir ki, hekayə yazmağa başlayıb. “Hekayələr kimin, nəyin köçüdür?”-soruşdum. Cavabı yenə özünəməxsus idi:

        

-Hekayələr də yaşantıların köçüdür. Ancaq düşünürəm ki, belə hekayələri yazmaq daha ağırdır, daha çətindir. Beyin də hər “köç”ü qəbul etmir. Vərəqlərin nazik kağız parçası olmağına baxma, Şəfa. O nazik kağız bəzən ürəyimizdən dözümlü olur. O, yazdıqlarımıza dözürsə, demək, ürəyimizdən dözümlüdür-dedi və güldü...

 

Qəlbimin ən isti yerində

gözlərində ümid,

 ürəyində həsrət,

əllərində şeir -

bir qadın ağlayırdı.

Gözümün ən soyuq yerində,

misraların birində,

 sonuncu şeirimdə

adın ağlayırdı.

 

Hə, Əntiqə qadın ağlamağından yazıb, mən qadın gedişindən. O deyir:

        

-Ağlamaq qadından-qadına dəyişir. Qadın var ki, ucuz ağlayır. Yəni ancaq həyatın maddi tərəflərini görür. Qadın da var ki, onun göz yaşı daha çox mənəvi kədəri ifadə edir.

 

Mənsə, öz şeirimi pıçıldamışdım: “Hər gedən qadın əlini arxaya uzadıb gedir”. İkimiz də gülmüşdük. Haradasa üçüncü qadın vardı və bizi qınayırdı: “Sirr açılmaz!”

Şəhadət barmaqlarımızı  uzaqlara tuşlamışdıq: “Bizə şeiri dedirdən var!” 

Onu da bilirik ki, “uzaqlar” hamı üçün eyni deyil. Hərənin öz “uzaqlar”ı var.  Əntiqənin də...

 

-Günəş var “uzaqlarda”! Əlbəttə! Günəş ümiddir. Ümid də tükənməz axı… İnsan bütünlüklə zülmətə ona görə dözür ki, sübhdən günəşi görəcək. Bu səbəbdən günəş ümiddir…   

 

Kəpənəksevərdir Əntiqə. Bu aşiqliyinin bəsit izahı var:  kəpənəklər ona gözəl olan hər şeyin azömürlü olduğunu xatırladır.  Mənimsə, bu mənada yaddaş kitabçam “Bu da keçər” adlı nağıldır. 

Şeirlərində özünün axtarışına çıxdığını deyir həmişə Əntiqə. Taleyin insanla etdiyi zarafatın da, onu imtahana çəkməyinin də təsəllisidir şeir onunçün. Ramiz Qusarçaylının “Qurudub göndərmə bənövşələri” deməyini eşidəndən bəri, gülləri dərməyə qıymır.

Əntiqə ilə  xoşbəxtlikdən də danışırıq  hərdən.  Qəribə yanaşması var. Onun  fikrincə, xoşbəxtlik problemsizlikdir. Problemsizliksə,  problemdir. Hətta “dünyanın ən xoşbəxt ölkələri” siyahısındakı Skandinaviya ölkələrində intiharların sayının xoşbəxtik-problemsizlik səbəbiylə artmasını misal çəkərək deyir:

 

         - Düşünürəm ki, ədəbiyyat elə  çatışmazlıqları ilə, qüsurları ilə maraqlıdır. Burada hər şey şəffaf olsaydı, diqqətimizi nə çəkərdi? Nəyi müzakirə edərdik? Nədən yazardıq? Ədəbiyyatın qüsursuzluğunu “xoşbəxt ölkələr”ə bənzədirəm. İnsan tez bezər, tez yorular…  Həm də, biz mübariz insanlarıq axı, qüsursuz ədəbiyyatın nəyi ilə mübarizə aparardıq ki?!

 

         Jurnalistikanın yazardan nəyi oğurladığı da hərdən müzakirə mövzumuz olur. Harada yolumuz haçalandı, harada qaçdıq xəbər dalınca, harada qoyduq yarımçıq  hekayələrimizi, “ölü doğulan şeirlər”imizi... - yada salır,  qürur duyur, peşmanlayır, axırda deyirik: “Bizi verənə şükür!” 

Təbəssümümün öləziyən yerində Əntiqə mənə təsəlli verir:

 

-Tək jurnalistika belə deyil, Şəfa. Bu, həyatın qanunudur. Bir şeyi verirsə, mütləq digərini almalıdır ki, balans pozulmasın. İxtisasım müəllimdir, jurnalistikanı sevməsəydim, indi hansısa orta məktəbdə  müəllim işləyirdim. Bu baxımdan jurnalistika bir müəllimi oğurlayıb. Amma sevdiyim peşənin mənə qazandırdıqları da var. Ölkəmin ziyalılarını, sənətkarlarını, hətta ömür dostumu məhz bu peşənin sayəsində tanımışam. Bütün bunlara görə, ürəklə deyə bilərəm: “Nə xoş mənim halıma ki, jurnalistika məni müəllimlik peşəsindən oğurlayıb!”

 

...Elə bu gün “Günahlar var” adlı bu şeiri göndərib mənə Əntiqə... Hələ qərar verməmişəm ki, bu şeiri özümə “götürüm”, ya yox?

 

Sabahlar var, sabahlar,

Dünəndən qısa sabahlar...

Nələri yazacaq,

nələri alacaq...

Özüm kiçildikcə,

içimdən böyük

günahlar var, günahlar...

 

Leysanlar da yuya bilməz,

Sərt küləklər tozun silər,

Min laylayla uya bilməz,

günahlar var, günahlar...

 

Məni misralar gizlədər,

şeirlər bələyər,

xatirələr unudar...

Şeirimə çəkdiyim

çox ahlar var, çox ahlar...

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.