İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR Xalq Maarif naziri (1952–1954; 1960–1980) Mehdi Mehdizadənin anım günü idi.
Mehdi Mehdizadə öz xalqına və dövlətinə ömür boyu sədaqətlə xidmət edən nəhəng elm xadimi idi. Mehdi müəllim əsl “ziyalılıq etolonu” idi. O, nadir şəxsiyyətlərdən idi ki, həm sağlığında, həm də vəfat edəndən sonra haqqında “Əsl xalq adamı idi. Çox halal adam idi” deyirlər.
Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili və tərbiyəsi idi. Tez-tez rayonlarda olur, problemlərlə yerində tanış olar, onların aradan qaldırılmasında şəxsən iştirak edərdi.
O vaxtkı Vartaşen (indiki Oğuz) Rayon Maarif Şöbəsinin müdiri Əbülfət Aslanov söyləyirdi ki, “1977-ci ildə Mehdi müəllim Oğuz rayonuna gəlmişdi. Mehmanxanada qalırdı. Keçmiş Rayon Partiya Komitəsinin I katibi ilə görüşən M.Mehdizadə bizim də iştirakımızla rayonda maarifin vəziyyəti barədə söhbət etdi. Mövcud çətinlikləri öyrəndi, öz təklif və tövsiyələrini verdi.
Axşam naziri şam yeməyinə dəvət etsək də, razılaşmadı. Mehmanxananın bufetində yemək yediyini bildirdi. Bir azdan Qəbələyə gedəcəyini söylədi”.
Bu səfərin şahidi olmuş pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Ə.Əfəndiyev bir xatirəsində hadisələrin sonrakı gedişini belə təsvir edirdi: “Halallıqla yaşamaq onun həyat devizi idi. Heç vaxt heç yerdə ona təmtəraqlı hörmət göstərilməsinə yol verməzdi. Xatirimdədir ki, bir dəfə Vartaşenə (Oğuz) ezamiyytə getmişdim.(1977) Mehmanxanaya düşəndə dedilər ki, Mehdi müəllim də buradadır, bir azdan Qutqaşenə (Qəbələyə) gedəcək. Yerini öyrənib binanın həyətinə çıxdım. Gördüm ki. Mehdi müəllim skamyada əyləşib kimlərləsə söhbət edir. Qarşısındakı balaca stolun üstündə kəsilmiş qarpız dilimləri vardı. Görüşdüm, yer göstərdi, əyləşdim, gəlişimin məqsədini soruşdu. Konfransda iştirak etməyə gəldiyimi bildirdim. Bəzi məsləhətlər verdi, sonra o biri yoldaşlarla söhbətini davam etdirməyə başladı.
Bu arada RXMŞ-nin müdiri Əbülfət Aslanov qulağıma pıçıldadı: “Mehdi müəllimi heç cür şama qonaq olmağa razı sala bilməmişik. Mehmanxananın bufetində özü şam yeməyini yeyib. Bir təhər icazəsini almışıq ki, heç olmazsa, bir qarpız kəsməyimizə razılıq versin. Sağ olsun ki, xahişimizi yerə salmayıb”. Əbülfət müəllimin mənə nə dediyini hiss edən Mehdi müəllim qarpız dilimlərindən birini qabağıma çəkib yeməyimi təklif etdi. Razılığımı bildirib ayağa durdum və yanındakılarla rəsmi söhbətinə mane olmamaq üçün üzr istəyib ayrıldım”. (“Akademik M.Mehdizadə ömrünün işığı”, Nərgiz, Bakı-2012, səh:266)
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)