Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Nə olardı getməyəydin? Nə olardı axı,
məni yarımcan etməsəydin? Tam ürəkdən güləndə yarıda kəsilməzdi mənim də, gülüşlərim, göz yaşımı içimə axıtmağa məcbur olmazdım mən də.
Anam üzüldüyümü görməsin deyə hər kədərlənəndə gözlərimi onun gözlərindən qaçırıb tavana zilləməzdim mən də. Gecələri yuxusuz qalıb, eyni mahnıya saatlarca qulaq asıb səhər heç nə olmamış kimi davam eləməzdim mən də həyatıma. Yalanlarla təsəlli etməzdim özümü, gülüşüm hüznümü gizlətmək üçün yox, məni sevdiyini dərk etdiyim üçün olardı kaş.
Sevgi dedim mən az öncə? Məni sevdiyini vurğuladım hə! Bax necə alışdırdım özümü bir yalana. Mən necə inandırmışdım özümü sənin sevginə?
Mən özümlə neçə aydı savaş verirəm, sənin xəbərin var? Neçə aydı sevilmədiyimi qəbullanıb qəlbimi və qürurumu dirçəltməyə çalışıram, xəbərin var? Bilirsən, sən nə etdin mənə? Heç nə.
Öncə məni "bizdən olmaz"a inandırdın. Və qəbullandım mən bunu. Lakin hər dəfə mənə sığındın sən, yaralarını sardım, yaralarımdan saydım. Onun səndə necə yara açdığını bilmədiyim halda yaranı deşmək yerinə Allaha dua elədim dəfələrlə. Bilirsən nə istəmişdim Allahdan?
Qəribə gələ bilər sənə bəlkə, amma mən Allahdan sənin mənə yalan danışmış olmanı, hələ 15-16yaşın olanda həyatdan travma almış biri olmanın yalan olmasını istədim. Bax bu qədər sevmişdim mən səni. Yaralarını yaram kimi hiss edərək sevmişdim mən səni. Heç vaxt heç kimi sevmədiyim və sevməyəcəyim kimi.
Axmaqcasına, uşaqcasına, qırılaraq, utanaraq sevirdim səni. Və sənə yaxşı gəldiyimi görürdüm.
Yadına düşür, saatlarla danışmağımız? Xatırlayırsan bir gecə zəngdə mövzu tapmırdıq danışmağa deyə səssizcə bir-birimizə dalıb getmişdik. Hər kəs “telefon arxasından nə sevgi” deyərkən məni ən gözəl sən tanımışdın. Susqunluğumun da, dayanmadan danışmağımın da, adicə təbəssüm edişimin də mənasını sən bilirdin. O qədər gözəl idi ki, o duyğular. Mənə necə doğma idin özün, bilirsən heç? İnana bilmirdim mən heç nəyə, adi divara baxıb gülümsəyirdim saf halımla. Hələ aramız azca dəyən kimi içim-içimi yeyirdi bütün gün. Nə qədər üzülüb pis olurdumsa da, bir rahatlıq var idi içimdə hər zaman. Gələcəksən, yenə məni körpə uşağmışam kimi danlayıb barışacaqsan. Hər dəfə elə edirdin zatən.
Fərqinə varmadan bəlkə sən də, bağlanmışdın mənə.
Və bu dəfə o möhtəşəm vidalaşma mərasimi çatmışdı.
Sahil metrosu kim bilir kimlərin ayrılıqlarına şahid olmuşdu da, bizimki də üstünə gəlmişdi ayrılıqların.
Yadına gəlir necə ayrıldığmız? Qucaqlaşaraq ayrılıdıq biz. Son dəfə görüşüb halallaşmışdıq..
Sonra nə oldu bəs? Nə oldu da?
Deyim sənə nə olduğunu. Adına ayrılıq dedik, amma olmadı, ayrı qala bilmədik. Hər gün olmasa belə həftə içi ya mesajlaşmalı, ya zəngləşməli idik.
Hələ sənin əsgər gedəcəyini öyrənəndə nələr hiss etmişdim, bir bilsən. Yenə öz ampluanda, xoşuna gəlirdi sənə olan bağlılığım, sənə həsrət gözlərimə. Utanıb gözlərimi qaçıranda xəfifcə təbəssüm edişinə nə deyim bəs?
Biz bir araya gələ bilərdik yenə, yenə saatlarca danışıb uzun uzun dərdləşə bilərdik, amma olmadı. Həm də, o qədər dəyərə rəğmən sən məni anlamadan, dinləmədən heç bizə əlaqəsi olmayan bir məsələ üstündə 2-ci dəfə ayrılığa tərk etdin. Nə açıqlama verməyimi gözlədin, nə də mənə haqq vermək üçün dinləməyə cəhd göstərdin. Bəlkə də, çıxıb gedirdin deyə məni özündən tamamən soyudub uzağlaşdırmaq üçün silib getdin hər şeyi. Hətta aramızda qalan sonuncu xətir hörməti də silib getdin sən.
Sevmirdin məni, amma mənsiz də boşluqda idin. Qorxaq idin sən və ilk qınamırdım da. Yenidən bağlanmaqdan, aşiq olmaqdan qorxurdun.
Səni yarı yolda qoyacağımdan qorxurdun bəlkə də.
Və gedişinlə başdan yaratdım mən özümü.
Artıq kimsəyə əhəmiyyət verə bilmirəm, kimsənin sevgi sözlükləri mənalı deyil mənim üçün. Qırılsam da, üzülsəm də, çox rahat rol oynayıb yaxşıyamlara inandırıram hər kəsi. Mənə bağlanmamağı, bir daha eyni duyğuları heç cür yaşaya bilməyəcəyimi çox gözəl öyrətdin sən. Həyatda mənə sevgidən əsl dərs verən Müəllim sən oldun.
Və bu hekayənin sonunda özümə təşəkkür edirəm.
Axı mən yanlış zamanda yanlış məkanda yanlış insana ən doğru duyğularla tutulub öz həyatımın dönüm nöqtəsini öz əllərimlə yazmışdım.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)