Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə də "Yaradıcılıq emalatxanası”nın qapıları həvəslə və səbirsizliklə qonağımıza açıldı. Həmin qonağımız Azərbaycan Ədəbiyyatında xüsusi çəkisi olan, oxucuların zövqünü formalaşdıran, böyük ədəbi məktəb olan, türkçülük, turançılıq məsələsinə xüsusi yanaşan, "Tütək səsi", " Məhşər", "İdeal" və çox sevilən bir çox əsərlərin müəllifi olan unudulmaz Xalq yazıçısı İsa Muğannanın nəvəsi, gənc yazarımız Səma Muğannadır.
-Xoş gördük, əziz Səma xanım.
Yenicə işıq üzü görən " Qeyb olan uşaqlıq" adlı 4- cü kitabınızın uğurlu olmasını diləyirik.
Səma xanım, Siz kiçik yaşlardan uğurlar qazanmısınız və bu uğurlar davam edir.
İstərdik, yeni kitabınıza daxil olan hekayələrin mövzuları haqqında bizə məlumat verəsiniz.
Səma xanım bu hekayələrdə nələri oxucularına çatdırmaq istəyir?
-Salam, Ülviyyə xanım, təşəkkür edirəm. "Qeyb olan uşaqlıq" kitabında bir roman və hekayələr yer almışdır. Kitabın adı romanın adından götürülüb.
"Qeyb olunan uşaqlıq" Səmanın itirdiyi, yaxud yaşamadığı uşaqlığı deyil, onun yaşamaq istədiyi və suallarına cavab tapmadığı yoludur. Romanın sonunda da bu sualın cavabını oxucuların öhdəsinə buraxır, özü cavablamır. Səmanın xarakterinə görə həmişə oxucu özü qərarı verir. Buna da səbəb odur ki, insan xarakterləri fərqlidir. Səmanın da qələmi həmişə fərqlilikləri sevir. Hekayələrim real həyatdan götürülüb, lakin həyatdan götürülsə də, adı üstündə mistik janrdadır. Bu mistikanın yer almasında da gizli məqamlar yer almışdır. Səma oxucularının, düz yolda deyil, qabarıq yolda səyahət etməsini istəyir. Çətinliklərdən keçib, keçidləri aşıb açarı tapmağını istəyir. Hər bir yazının, hər bir hekayənin daxilində bir açar var və həmin açarı oxucu tapıb həmin hekayənin adı ilə birbaşa bağlayır. Məsələn: “Tanrı əmanətinin göz yaşları" və "Bənövşə və işıq qatarı". Bu iki hekayənin oxşarlıqları var. Belə deyək, "Bənövşə və işıq qatarı Səmaya işıq qatarını göstərmir, əslində işıq qatarı insandır, sadəcə, qatar formasındadır. Əsər ilə tanış olarkən oxucular bunu biləcək. Bənövşə isə çox gənc bir xanımdır. Amma zaman onu gənc göstərir, o xanım gənc deyil, bəlli bir yaşı var. Qatar isə onun heç vaxt görmədiyi bir insandır. O insan isə onun reallaşmayan arzusudur. Və bu qatara çatana qədər çətin yollardan keçir, işığı axtarır bu şəxs. Çünki işığı tapsa, istədiyini tapacaq. Səmanın da məqsədi bundan ibarətdir: həyatda özünü, ikinci mənini tapmaqdır
"Tanrı əmanətinin göz yaşları" hekayəsi də bu mövzudadır. O hekayədəki gənc qızın qucağındakı körpənin olması onun körpəsi olduğunu izah etmir, o körpə məhz həmin gənc qızın uşaqlığıdır. Oxucularımıza maraqlı gələcək ki, niyə Səma o uşağı təsvir edir? "Qeyb olan uşaqlıq" romanı da bundan ibarətdir? Söyləyim ki, xeyr və roman haqqında çox danışmaq istəmirəm.
Səma əslində insanların daxilindəki uşağı göstərmək istəyir. Yazıçının qələmə aldığı bütün əsərləri ona çox doğmadır, onu ayıra bilmir.
Amma mənə "Tanrı əmanətinin göz yaşları" hekayəsi çox doğmadır. Çünki körpə Tanrının əmanəti idi və onun göz yaşları axıdılarsa, demək, həmin gənc qız məhv olardı. Çünki bir insan göz yaşı damlayarsa, deməli, onun ömründən çox yarpaq tökülmüşdür.
Oxucularıma onu çatdırmaq istəyərdim ki, ən birinci, məni həqiqətən tanısınlar. Çoxları məni çox duyğusal, bir az sakit, bir az təlatümlü tanıyır, amma bəziləri də içimdə fırtınanın aşıb-daşdığını söyləyir.
Əslində mən düşünürəm ki, Səmanın qələmi necə onunla dostdursa, fırtına və sakitlik də bir- biri ilə dostdur. Mən həmişə vurğulayıram, siyah- bəyaz həmişə bir- birinə yaraşır, amma bir-birinə zidd rənglərdir. Düşünürük ki, fırtına və sakitlik necə dost ola bilər? Bəli, ola bilər. Fırtınanı insanlar anlamır, sakitlikdən də insanlar qaçır, niyə? Səma bunu çatdırmaq istəyir oxucularına. Onu anlatmaq istəyir ki, fırtına gəldiyi zamanda fırtınanın arxasınca getmək yerinə ona sarılıb, nəvaziş göstərmək lazımdır, amma sakitlik gələn zamanda fırtınadan qaçmaq olmaz, elə misal çəkdiyim kimi qələmimlə söhbət etdiyim zamanda fırtına birdən elə gəlir ki, qələmi də qırıb parça- parça etmək istəyir.
İnsan özü də bir parça kimidir. Qəlbi ki parçalandı, artıq onu düzəltmək çox çətindir. Ona görə mən həmişə fırtına gəldiyi zamanda sakitliyi arzulayıram. Sakitlik də gecədir. Baxın, fırtına, sakitlik, gecə- gündüz, siyah- bəyaz.
Səma gecələri daha çox sevir, tənhadımı? Xeyr, çünki qələmi gecə ilə söhbəti sevir. Səma insanlardan deyil də, onu anlamayan insanlardan qaçır. Demək istədiyim budur ki, insanlar fırtınadan qaçır, sakitliyə getmək istəyir. Amma Səmanın bu əsərini oxuduqdan sonra oxucular fırtına ilə sakitliyin bir- birinə bənzəməsini, yaxşı dost olmasını anlayacaqlar, onlar bir- birinə dəstək olmağı bacarırlar. Səma əslində onların dostluğu üçün deyil, öz yazılarında sevgini, insanlığı, dəstəyi, insan mənəviyyatının zənginliyini göstərmək istəyib. Təkcə dildə deyilən sözlər deyil, qələmdə oxuduğunuz sözlərin məhz gözlərdə gizləndiyini oxuculara çatdırmaq istəyib.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)