“Mənim Saudade'm" - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"İnsan içindəki ağrıları öldürmək üçün yazır, kimin üçünsə yox.

Sənin haqqında yazacam, sonra da bu ağrılı xatirəm ürəyimdən çıxacaq..."

Anar Yaşaroğlu - Saudade'm 

 

Üşüyürəm yenə.. Çox üşüyürəm..

Üşüyən bədənim deyil əslində, çünki çöldə hava çox gözəldir.

Hətta ən sevdiyim havalardır deyə bilərəm. İlk bahar, masmavi səmada pərən-pərən olmuş bəmbəyaz buludların arasında parlayıb zərif şüalarından ətrafa sovqat paylayan sımsıcaq narıncı günəş, xəfif əsib yeni açmş alça, şaftalı çiçəklərinin ləçəklərini qoparıb sanki baharın gəldiyi yollara səpələyən külək və bir budaqdan digərinə uçuşaraq səs-səsə verib şən cəh-cəhlə nəğmə oxuyan quşların səsinə çayda quruldayan qurbağa səsləri də qarışacaq axşam çağı.

Hələ bir azdan bu avaza tənbəl cırcıramalar da şərik çıxacaqlar. Sonra külək alça və şaftalı çiçəklərinin ləçəklərinin artıq bitdiyini görəndə növbə yeni açılmış naringi çiçəklərinə gələcək.. 

Amma naringi çiçəklərinin sadəcə ləçəklərini deyil, eyni zamanda o fövqaladə xoş qoxusunu da yayacaq ətrafa. Yağışlar yağıb, çəmənlər yaşıllaşıb, güllər çiçək açacaq. Dağ zirvələrindəki buzlar əriyib çaylar suyla doyacaq, bir-birinin əlindən tutub dərsdən evə yüyürən şən uşaqlartək axıb dənizə qovuşacaqlar.

Belə gözəl havada necə, niyə üşüsün ki insan?!

Açığı, cismimi üşüdən hava deyil, cismimi üşüdən içində bir küncə qısılıb üşüyən ruhumdur.

Ruhun üşüməsi isə maddi havadan deyil, mənəvi havalardan asılıdır.

Mən əvvəllər də üşüyərdim, amma sən həyatıma girənə qədər, ondan sonra isə heç belə üşüməmişdim. Əvvəllər məni üşüdən şeylər başqa idi. İçində həbs olduğum həyatın qaranlıq və soyuğu idi, başqa dillə desək bəlkə də elə sənin həyatımda var olmayışın idi məni üşüdən.  İndi isə bir zamanlar həyatımda var olan sənin yoxluğunun soyuğu üşüdür məni..

Sən qaranlıqlar içində qalmış ruhuma vaqe olan günəş idin, varlığın qızmar bir günəş kimi isidirdi mənim ruhumu.

Sənin sevgin ətrafdan gözlə görünməsə belə, mənim ruhumla hiss etdiyim ən gözəl duyğu və ən güclü bir çənbər idi sanki mənə. Savaşlarımda məni qoruyan dəmir zireh, kimsələrin aşıb mənə zərər verə bilməyəcəyi polad kimi möhkəm bir sərhəd kimiydi.

Simurqun lələyi kimi ələ düşməz və onun göz yaşları qədər şəfalıydı sənin sevgin. Sağaldırdı ruhumdakı yaraları. Hətta illərlə içimdə yığılıb aysberqə dönmüş nifrət buzlarını əritməyə də müvəffəq olmuşdu.

Hiss etdiyim diqqətin, qayğın var idi deyə, heç nə duruş gətirə bilmirdi qarşımda, elə güclü qılmışdı ki, bu sevgin məni.

Amma bütün bunlarla yanaşı eyni zamanda da bir vaqeiyyət idin sən, həm də gözardı edilə bilinməyəcək qədər böyük bir vaqeiyyət..

Amma aramızda hər nə qədər maddi cəhətdən bizim üçün böyük və aşılması da bir az müşkül olan məsafələr olsa da,  uzaqda da olsa, bir yerlərdə var olduğunu, məni sevdiyini, o qocaman qəlbinin bəzən məni düşünərək döyündüyünü bilmək belə ruhumu isidir, məni yaşadır, məni xoşbəxt edirdi.

Fəqət indi isə aramızda maddi məsafələrdən daha böyük olan və aşılması da müşkül deyil də, demək olar ki, imkansız olan mənəvi məsafələr var artıq.

Axı ən böyük məsafə iki bədən deyil, iki qəlb arasında olandır..

Və bizim qəlblərimiz arasında uçurum var indi..

Sən gəlişinlə günəş kimi doğmuşdun mənim həyatıma, gedişin qürub kimi olmadı amma..

Günəşin hər bir gedişi öz içində bir ümid daşıyır, açılacaq sabahda yenidən doğmaq ümidi. Fəqət sən bütün ümidləri bir dəfəlik qıraraq getdin. Kiçicik belə olsa, bir qayıdıb gəlmək ümidi qoymadın mənə ki, o ümidə tutunub yaşayım..

Sən günəş kimi getmədin, sən sönən ocaq kimi getdin, hansı ki, istisinə qızınırdım.. 

O sıcaqlıqdan sadəcə üşüyən həsrət və soyumuş boz kül qaldı geriyə, hansı ki, bir azca istilik duyaram, bir az qızınaram deyə hər gün dönə-dönə eşələyib içində bir yerlərdə bəlkə hələ də sönməmiş kiçik bir qığılcım, öləzimiş belə olsa kiçik bir köz axtardığım xatirə qalağı..

Amma hər nə qədər axtarsam da bir ovuc isti küldən savayı heç nə tapmıram o soyuq kül təpəciyinin içində və o da soyumasın deyə daha da qurdalamadan örtürəm üstünü..

Gəlişin, həyatımda var oluşun  çox şey qatdı mənə, amma deyəsən gedişin və yoxluğun ondan daha çox şey qatacaq.

Bəlkə də ömürlük həsrətim olacaqsan mənim, bəlkə yazılarıma ilham..

Osho:  "Sevgi insanı dəyişdirir, buna görə də səni yüksəklərə qaldıracaq bir şeyi, sənin ötəndə olan bir şeyi sev",- deyir.

Mən də səndən sonra çox dəyişdim. Mən  ən xırda şeylərin belə qədrini biləcək, amma eyni zamanda da heçnəyi itirməkdən qorxmayacaq qədər itirmiş bir insanam artıq.

Əvvəllər hər nə qədər, mən heçnəyi itirməkdən qorxmuram, mən itirməkdən qorxduğum hər şeyi sərbəst buraxdım desəm də, əslində isə içimdə bir gün səni itirməkdən çox qorxurdum..

Amma indi daha həqiqətən də qorxmuram, çünki qorxulası birsey qalmadı daha, zatən itirdim artıq...

Və mən getdikcə yavaş- yavaş dəyişirəm biraz torpağa bənzəyirəm, çoxca səmaya..

Bir insanı o edən daha çox qazandıqları deyil itirdikləri, olanları deyil olmayanları, varlar deyil yoxluqlar olur həmişə.

Deyirlər insanı yaşamağa, yaşatmağa inkişaf etməyə vadar edən olanları deyil, çox vaxt olmayanları olur. Çox vaxt əlimizdə olmayanlar bizi vadar edir və bizə təkan verir ki, biz nələrsə qazanaq və özümüzü inkişaf etdirək.

Bu mövzuda imkansız, amma bir o qədər də onlara yaradıcılıqlarnda böyük bir müvəffəqiyyət gətirmiş sevgilərindən misal verərək Özdəmir Asəf, Məhəmmədhüseyn Şəhriyar kimi daha bir çox ədibin adını qeyd edə bilərik.

Lakin bilmirəm sənin yoxluğunla, səni itirməyimlə qazandıqlarım sənə bədəl olacaqmı?

Mən sənin yoxluğunun mənə qazandıracaqlarını istəyirəmmi məgər? 

Amma istəsəm də, istəməsəm də bu artıq danılmaz bir gerçəkdir ki, biz səninlə "Biz" deyil, "Sən" və "Mən"ik artıq.

Sən artıq mənim son qürubum, sən mənim 

saudademsən..

Yoxluğun bir qara boşluqdur içimdə

İçdən-içə boğur, udur məni

Sən bir yaşsan artıq gözlərimdə 

Həsrət məndən damla-damla alır səni..

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.