Xalq yazıçısı Çingiz Abdullayevin səhhətinin qəfil pozulması, onun Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyada yerləşdirilməsi hamını narahat etdi. Hazırda yazıçı ev şəraitində bərpa prosesi keçir. Çingiz Abdullayev həmin o dəhşətli günü necə xatırlayır?
“Ədəbiyyat və incəsənət” yazıçının xatırlamasını sizlərə çatdırır:
-Mən dünyamı dəyişmişdim. Bu, mənim adi, cansıxıcı hekayəmin xülasəsi deyil. Aprelin 6-na keçən gecə və mənim yubileyim günü – aprelin 7-də mənim başıma gələn hadisədir. Mən dünyaya yenidən gəldim. Ölümü necə ifadə etmək olar? Əgər insanın bütün daxili orqanları eyni vaxtda öz fəaliyyətini itirirsə, tənəffüs dayanırsa, ürək döyünmürsə, demək insanın həyatı sona yetir. Belə bir komanın və ya kliniki ölümün bir neçə dəqiqəsi insanı “tərəvəzə” çevirir. Həkimlər məni o biri dünyadan geri qaytardılar. Allahın mənə rəhmi gəldi, bəlkə də qərara gəldi ki, mənim üçün hələ tezdir, məni geri qaytardı.
Bu iki gündə öz doğmalarıma, yaxınlarıma necə acılar yaşatdığımı sözlə ifadə etmək çox çətindir. Bu günlər ərzində mənə görə narahat olan çox hörmətli Prezident cənab İlham Əliyevə, bütün dostlarıma, oxucularıma, məni sevənlərə öz dərin təşəkkürümü bildirirəm. Hamıya cansağlığı arzulayıram. Sizin mənə qarşı olan sevginizi hər zaman doğrultmağa çalışacağam. Mən o biri dünyanı görüb qayıtmışam, artıq heç nədən qorxmuram. Bir dəfə “dünyasını dəyişən” insan ikinci dəfə həyatını itirməkdən qorxmur. Bizim hər birimizin öz alın yazımız var. Şəkildə gördüyünüz ağxalatlı xilaskarlarım məni həyata qaytardılar. Hər şeyə görə onlara təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)