YARADICILIQ EMALATXANASInda Fərqanə Səfərli Featured

Əziz izləyicilərimiz, bu gün "Yaradıcılıq emalatxanası"nın qapıları qonağımız Fərqanə Səfərliyə açıldı.

Həkim xanım sözün ruhun şəfası olduğunu çox gözəl bilir, çünki o da öz qələminə duyğularını pıçıldamağı çox sevir.

Hələ bu yaxınlarda yeni nəşr olunmuş "Dua çərpələngi" adlı şeir kitabı da Fərqanə xanımın duyğularının şahididir.

 

-Xoş gördük, Fərqanə xanım. Bayaq vurğuladığım kimi ruha şəfa verən ilk sözlərdir, sonra müalicə. İlk şeir kitabınızın adını nə üçün “Dua çərpələngi" seçdiniz?

Zəhmət olmasa, bu kitaba daxil olan şeirlərinizin mövzuları barədə bir az məlumat verin.

 

-Təşəkkür edirəm, Ülviyyə xanım, məni də "Yaradıcılıq emalatxanası"na dəvət etdiniz.

Doğru buyurdunuz, insanların şəfasını təmin etmək, onların fiziki sağlamlığı ilə başa çatmır, həkimlikdə ruhən bu işi hiss etmək lazım gəlir. Xəstələrlə söhbət, onların gözlərində həyat işığını görmək, ümidi hiss etdirmək, bir sözlə ruhuna toxunmaqdır vacib olan. 

"DUA ÇƏRPƏLƏNGİ" şeirlərimdən birinin adıdır, kitabı eyni adla adlandırmağım isə təsadüfi deyil. Hər kəsin uşaqlıqdan Allahı tanıması, ona inancı, bağlılığı olur və nədənsə uca Tanrını daha güclü hiss etmək üçün onu yüksəklikdə, açıq səma altında düşünmək bu içsəl bağı möhkəmləndirir. Çərpələng uçurmaq bildiyimiz kimi adətən uşaq yaşlarının əyləncəsi olur, mənim də erkən yaşlardan Yaradanı qəlbimdə duymağım, sevməyim, ondan dilədiyim arzularım olub və hər zaman İlahi ədalətə inanmışam. Bunu kitabın üz qabığında da düşünərək böyük mənlə kiçik  mən arasındakı ahəngliyi gözləmək istəmişəm.

 

Tanrım, özün görürsən,

Dua çərpələngimi.

Yapışmışam ipindən,

Onun ən nəhənginin...

 

Kitaba daxil olunan şeirlər müxtəlif dövrlərdə qələmə aldığım şeirlərdir. Mövzu olaraq daha çox ümidlər, onların gerçəkliyi, Allahın dünya üzərindəki ədaləti, hökmü və insanlığın bunun müqabilində şəfalanması durur. Bəzi şeirlərimdə fərqlilik yaratmaq üçün tibbi ifadələrdən də istifadə etmişəm. Məsələn : "Beş nömrəli palata", "Sən" xəstəliyi və s.

Arzu edirəm ki, hər kəsin öz ruhundakı dua çərpələngi enməsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.