Ən doğrusunu ürək bilir - ESSE Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Bilmirəm, mənmi səni qorudum. Sənmi məni qorudun. Elə bil yanılıram. Nə sən məni qorudun, nə mən səni. Allah bizi qorumaq üçün bir-birimizə rast gətirdi. Biz bir olmasaydıq, bəlkə də heç nə yolunda getməzdi.

- Bəs indi niyə məndən uzaq gəzirsən?

- İndi isə belə yaxşıdır. Sanma ki səni unutmuşam, yaxud başqasına dəyişmişəm. Uzaqlarda sən mənə daha yaxınsan.

- Yəni?

- Yəni ki, sən mənim ən qısa hekayəmin ən unudulmaz qəhrəmanısan.

- Nəyə görə unudulmaz?

- Çünki sən mənim leksikonumdan “kaş” kəlməsini çıxarıb atmağı bacardın. Çünki sən mənə sevməyi öyrətdin. Çünki sən mənə sevginin qələbəsini yaşatdın.

- Sevginin qələbəsini...

- Bəli.

- Sənsə gedirsən.

- İndi belə lazımdır. Ayrılıq unudulmaq demək deyil ki? Hər salam başlanğıc olmadığı kimi, hər əlvida da son deyil.

- Sən məndən uzaqda. Asanlıqla unudulacam.

- Bir damın altında yaşayan nə qədər yad adam var? Elə də bir-birindən uzaqda nə qədər doğma var.

- Niyə məni başa düşmürsən?

- Səni başa düşdüyüm üçün səninlə sağollaşıram. 

- Axı sənsiz çox darıxacam.

- Gecə darıxsan ulduzları seyr et, gündüz darıxsan günəşi salamla. Yol getdiyin yerdə darıxdın, qəlbinlə danış. İnan ki, ayda da, günəşdə də, ulduzda da, qəlbində də məni görəcəksən. Hiss edə bilirsənsə, demək ki, sevmisən. Sevmisənsə, yaxın, ya da uzaq olmağın heç bir fərqi yoxdur. Sevgi toxunmaq deyil, sevgi hiss etməkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.