Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim… -İNTERPRETASİYA Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. 

Bir müddət susdum, sonra durub bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq, ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanında mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. 

Hə... harada qalmışdıq?! 

Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də, axı iyirmi ilin təmiridir. 

Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. 

Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik, həkimə də getməliyəm. Nəysə... Bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum.

Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim…

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.