Gəlin, mümkün qədər az günah işlədək! Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Hər bir insan öz şəxsiyyətini hər şeydən üstün tutmalıdır. Haqqı nahaqqa verməməli, qul haqqı yeməməlidir. Mümkün qədər az günah işlətməlidir. Təkəbbürdən uzaq - sadə və təvazökar olmalıdır. Eyni zamanda, ömrü boyu yaxşılıq etməyə çalışmalıdır...”
Bu kəlmələri söyləyən Əli Zülfüqaroğlu 1981-ci ildə Gilar kəndində dünyaya gəlib. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Volqaboyu Bulqarıstanından köçərək Ərdəbildə məskunlaşan ulu babaları, sonradan indiki Yardımlı rayonu ərazisində yurd salıblar. Həmin kəndin bu günə gəlib çatan məzarlığından Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkizgüşəli simvollar hələ də tapılmaqdadır...
Əli bu kənddə anadan olsa da, orta təhsilini Şəfəqli kənd məktəbində alıb. Sonra Bakıya üz tutub - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində bir sıra mətbu orqanlarında çalışıb. Hazırda “Xalq Cəbhəsi qəzeti”nin siyasət yazarıdır. İki övladı var- bir qız və bir oğlan. Qızı BDU-nun biologiya fakültəsində birinci kursda oxuyur, oğlu isə hələ ki məktəblidir, 8-ci sinifdə oxuyur…
Deyir ki,- “Dürüstlük, kiminsə haqqına girməmək, xəyanət etməmək, cəmiyyətə yararlı insan olmaq - bunlar mənim həyat devizimdir.”
Arzuları böyükdür, istəyir ki, ölkəmizdə ədalətli və inkişaf etmiş bir cəmiyyət qurulsun, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bu günədək bizə gəlib çatan dəyərlər sisteminin daşıyıcısı olan gənc nəsli yad təsirlərdən qorumağın vacibliyini dilə gətirir. "Yeni mədəniyyət" nümunələrinin təhdidlərindən gəncliyimizı sığortalamağı vacib sayır. Futbola tamaşa etməkdən zövq alır, sanki bu oyuna baxanda istirahət edir... 
Ölkə mətbuatında olduğu kimi, xarici kütləvi informasiya vasitələrində də çoxsaylı yazılarına rast gəlmək olar. Analitik xarakterli bu yazılar, eləcə də müxtəlif hadisələrə şərhləri onun bir savadlı siyasi şərhçi kimi də yetişdiyindən xəbər verir. Jurnalist olaraq isə uğurları daha çoxdur. Müxtəlif yazı müsabiqələrinin qalibi olub, xeyli mükafatlara layiq görülüb. Bir sözlə, Əli Zülfüqaroğlu istedadlı qələm adamı, mehriban ailə başçısı, sədaqətli dost və gözəl insandır...
...Təxminən iyirmi il olar ki, tanışıq. Nədənsə, onu sonbeşik qardaşım qədər çox istəyirəm. 
Budur, onun növbəti ad günüdür. 43 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.


 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.