Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan niyə axı keçmişini düşünür?
Düşünürəm ki, bu suala birmənalı cavab vermək çətindir. Həyat üç gündür deyən şair məncə dünəni, bu günü, sabahı nəzərdə tutub. Dünən keçmiş, sabah möcüzədir. Bəs bu gün nədir? Dünənki möcüzə, yoxsa sabahkı keçmiş?
Dünənki möcüzə hər nə qədər müəmma olsa da, sabah biz bu günün keçmiş olduğuna daha çox öyrəşmiş olacağıq. Bəlkə, də elə məhz buna görə insan keçmişi düşünməklə beynini dayanmadan məşğul edir. Və bir müddət sonra bu məşğulluq artıq öz növbəsini yorğunluğa verir. Bəzən, böyük əksəriyyətimiz nə beynimizi düşünməkdən, nə də düşüncələrimizin gətirdiyi yorğunluqdan yaxamızı qurtara bilirik. Bax bu, olur keçmişi düşünmək və unutmamaq. Bəs bu qədər düşünmək bizə nə gətirir?Əgər, həqiqətən də, düşünürüksə və keçmişi qəbullanıb düşüncələrimizi cilovlaya biliriksə, özümüzü zehni yorğunluqdan qurtara bilər, sabahın möcüzələrinə daha çox inamlı olarıq. Keçmiş onunla üzləşilmədiyi, acı-ağrıların tam yaşanmadığı, göz yaşı qarışıq kinin, nifrətin, xəyal qırıqlıqlarının axıb getmədiyi müddətcə keçməmiş qalacaqdır.
Əgər, həqiqətən xoşbəxt olmaq istəyirsənə keçmişinlə üzləş, yaşanmışlıqlarını və yaşanamamışlıqlarını qəbul et, özünü günahlandırmaqdan vaz keç. Dərs çıxarıb özünün ən gözəl halını yaratmağa çalış. Unutma ki, hər məzarlıqda cəsədlər çürüyüb torpağa qarışdıqdan sonra çiçəklər açılmağa başlayır. Təbiət ana çürüntülərini torpağına qarışdıranda gülüstana çevrilir, qəlbindəki çürüntülərin üstünə torpaq atma, burax onlar səndən axıb getsin, axıb getsin ki, ən sağalmaz yaralarında belə günəşin şüaları bərq vursun.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)