Bəs, uğursuzluq nədir? Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Uğurdan danışırıqsa mütləq onun antonimi olan uğursuzluqdan da danışmalıyıq. Əks təqdirdə, mövzumuz tam açılmayacağından onu mənimsəməyiniz də çətinlik törədəcək.

1988-ci ildə 15 müttəfiq respublikadan ibarət olan SSRİ dövləti – dünya siyasətinin kapitalizm və sosializm adlı iki düşmən qütbünün ikincisinin lider dövləti qəfildən dağılmağa başladı. Əlbəttə, sonradan müxtəlif tezislər, arqumentlər irəli sürüləcək, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun «perestroyka» adı altında (hərfi mənası «yenidənqurma» olan bu proses, guya, tarixin ağ ləklərini aradan götürməyə, insanların ideoloji asılılığını yox etməyə, şüur və təfəkkürdə inqilab etməyə, kommunizm diktaturalı idarəetməni demokratik idarəetməylə əvəzləməyə, olduqca qapalı cəmiyyəti açıq etməyə, bütün qara pərdələri götürərək hər şeyi şəffaflaşdırmağa xidmət edirdi) məhz digər güc mərkəzi sayılan ABŞ-ın təhriki ilə quruluşu dağıtması iddia ediləcəkdi. Amma söhbətimizin mövzusu bu istiqamətdə olmadığı üçün biz sadəcə SSRİ-nin dağıdılması faktı üzərində dayanacağıq. 1988-ci ildə, hətta bəzi iddialara görə artıq 1987-ci ildən başlayaraq SSRİ-nin dağılmağa meyillilik tendensiyaları 1991-ci ildə tam olaraq öz labüd sonucunu tapdı. Bir-birinin ardınca bütün müttəfiq respublikalar, o cümlədən də mənim vətənim olan Azərbaycan öz dövlət müstəqilliklərini elan etdilər. SSRİ-nin dağılması ilə Avropa və Asiyanın xəritəsinə 15 yeni dövlət artırıldı, amma bu proses tək bir imperiyanın süqutu kimi yox, bütöv bir sistemin çökməsi kimi tarixə düşdü, Avropanın bütün sosialist ölkələri sosializm kabusundan – dolayısı Kreml asılılığından qurtuldular. Almaniya Demokratik Respublikası adlandırdığımız Şərqi Almaniyanın süqutu ilə Almaniya birləşdi, Çexoslovakiya Çexiya və Slovakiyaya parçalandı, Yuqoslaviya Federasiyasının tək bayrağı birdən-birə Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya, Kosovo, Çernoqoriya kimi bir neçə bayrağa çevrildi. Beləcə Avrasiya materikinin ərazisində milyonlarla insanın yaşadığı nəhəng bir iqtisadi formasiya digəri ilə əvəzləndi, sosializm kapitalizmə təslim oldu.

Təbii ki, bəşər tarixində ən böyük kataklizmlər məhz formasiya əvəzlənmələri dövründə meydana çıxır. Bir Azərbaycan xalqı olaraq biz də bu kataklizmaların caynağına düşəsi olduq. Oturuşmuş, sabit bir dövlət, tam təminatlı güzəran sanki bizlərə özümüzü okenda etibarlı bir gəminin sərnişinləri ampluasında hiss etdirirdi, qəfildən okean lərzəyə gəldi, çaxnaşdı, gəmini atıb-tutmağa, sərnişinləri də ora-bura çırpmağa başladı.

Bu gözlənilməzlik həyatımızın hər bir sahəsinə sirayət elədi. Əlbəttə, müstəqil bir dövlətin vətəndaşı olmaq şərəfi kimi müsbət çalar gəldi həyatımıza və bu, ən vacib şərtdir. Amma formasiya dəyişkənliyinin yaratdığı konkret çətinliklər, problemlər dalğasının həmləsi qarşısında tab gətirmək də asan deyildi. Formasiya dəyişkənliyi ilk öncə həyatımıza maddi olanın mənəvi olandan daha dəyərdə olması anlayışını gətirdi, adında «kapital» sözünün əks olunduğu bir formasiyada kapitala səcdə qılmaq məcburiyyəti, şübhəsiz, mənəvi olanın ideologiya şəklində hakim olduğu bir cəmiyyətdən çıxan insanları çətinə, dolaşığa saldı. Cəmiyyət qanunları, əxlaq kodeksi, davranış normaları bir andaca bünövrəsi dağılan binalar kimi büsbütün uçub yerə gəldi. Üstəlik pulun dəyişilməsi, istiqrazların dəyərini itirməsi insanları bütün həyatları boyu yığdıqları maddiyyatdan da məhrum etdi.

İnsan adicə bir ölkədən başqa bir ölkəyə gedəndə, yaxud hansısa bir xəstəliklə bağlı qida rasionunu dəyişəndə, yaxud adicə, bir mənzildən digərinə, bir iş yerindən başqa birisinə köç edəndə uzun müddət bu yeniliyə adaptasiya oluna, alışa bilmir, onun fəsadlarını çəkir. İndisə birdən-birə milyonlarla insanın həyatı siyasi, iqtisadi, sosial, mənəvi kontekstdə büsbütün dəyişirdi. Bu da təbii ki, yeni bilik və bacarıqlar, vərdişlər, şablonlardan çıxma, çərçivələri dağıtma tələb edirdi, ən əsası da bir formasiyadan digərinə transfer dözüm, mübarizlik, kreativ düşünmə, adaptasiya bacarığı tələb edirdi. Şübhəsiz, bizlər – keçmiş sosialist düşərgəsinin sakinləri hamılıqla bu keçidi etdik, amma şəraitə uyğunlaşa bilməyib, sadəcə, «uğursuzlar qatarının» sərnişininə çevrilənlərimiz də az olmadı.

Sosiologiyada, iqtisadiyyatda belə bir termin var, «qara qu quşu». Sorbon Universitetinin məzunu olan Livan əsilli Amerika vətəndaşı, maliyyə bilicisi Nassim Tallibin gətirdiyi bu ifadə onun eyniadlı məşhur bestsellerindən götürülüb. Mənası da təqribən bu cürdür: Avstraliya kəşf olunana qədər Köhnə Dünyanın əhalisi əmin idi ki, bütün qu quşları ağdır. Onların bu qənaəti təcrübələrinə əsaslanırdı. İlk qara qu quşu ilə rastlaşma ornitoloqları bərk təəccübləndirdi. Deməzsənmiş, onların quların yalnız ağ olmaları barəsindəki qənaətləri tam yanlış imiş.

Amma bu hadisə başqa bir səbəbdən olduqca əhəmiyyətlidir. Bu hadisə, göstərdi ki, bizim aldığımız təlimlər, biliyimiz necə də dar çərçivəyə sığınıbmış. Cəmi bircə müşahidə – qu quşları ilə bağlı bu hadisə sübut etdi ki, min illərlə yaşı olan aksiomlar yanlış ola bilər. Bircə eybəcər quş hər şeyi çox rahatca alt-üst edə bildi.

Nassim Taleb öz təlimində «Qara qu quşu» anlayışına üç cür xarakteristika verir: birincisi, Qara qu quşu – anomaldır, onu heç kəs gözləmir, gəlişi heç təxəyyülə belə sığışmır; ikincisi, o, nəhəng təsiretmə gücünə malikdir; üçüncüsü – o, insan təbiətinin bizə sürpriz kimi gələn bir hadisə baş verdikdən sonra onu adiləşdirib gözlənilən və izah edilən xarakterdə bəyan etməyə məcbur etməsini özündə ehtiva edir.

Əlbəttə kitabımızın növbəti hisslərindən birində mütləq Nassim Talebin «Qara qu quşu» adlı ölməz əsərinə yenidən toxunacaq, bestsellerin oxuculara fayda verə biləcək əsas məziyyətlərindən bəhs edəcəyik. Amma indilikdə məhz onu vurğulamaq istəyirəm ki, gözlənilməyən, öncədən təxmin edilməyən, gəlişi ilə həm bütövlükdə cəmiyyətlərdə və həm də hər bir ayrıca fərddə fərqli tendensiyalara təkan verən, onları tərpədən bütün hadisələr «Qara qu quşları» adlandırıldığından, təkcə elə bu son dönəmdə biz azərbaycanlıların rastına çıxan quşların sayına diqqət etdikdə adamı soyuq tər bürüyür.

İqtisadi formasiya, onun gətirdiyi dəyişikliklər hətta ailədə və cəmiyyətdə yeni münasibətlərin formalaşması lüzumuna qədər təfəkkürümüzdə yer elədiyi halda Azərbaycanla qonşu Ermənistan arasında olan Qarabağ müharibəsi adı altında növbəti «Qu quşu» təşrif buyuraraq həyat axarımızı büsbütün pozdu. Formal olaraq 1994-cü ildə atəşkəs sazişi imzalanana qədər uzanan, amma realda hələ də davam edən, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut kimi 14 rayonun timsalında 20 faiz Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən, 30000-ə yaxın hərbçinin, 800-ə yaxın mülki şəxsin həyatını alan, 11 min nəfəri əlil edən, rəsmən 4210 nəfərin itkin düşdüyü, 724000 nəfərin məcburi köçkünə çevrildiyi bu müharibə müstəqil Azərbaycanın inkişafına çox ağır zərbələr vurdu, hər bir azərbaycanlının həyatından qapqara izlər buraxaraq keçdi.

2015-ci ildə neft gəlirlərinə hesablanmış büdcə ilə yaşayan, get-gedə çiçəklənən Azərbaycanımıza dünyada baş verən qlobal böhranın, daha çox isə geosiyasi gedişlərin təsiri ilə növbəti «Qara qu quşu» uçub gəldi. Neftin qiymətinin süni olaraq, heç bir proqnozlara gəlməyəcək dərəcədə kəskin ucuzlaşması büdcə kəsirləri yaratdı, yerli valyuta iki devolvasiya ilə dəyərini xeyli itirdi, inflyasiya, iqtisadi böhran ölkəyə zor etməyə çalışdı.

Hər bir ailənin, insanın müəyyən maddi sıxıntısı ailədə, kollektivdə insanlarla münaqişəsindən, ziddiyyətindən doğan problemi, səhhətiylə bağlı rahatsızlığı, doğma və yaxınını itirməyinin dərdi, çin olmayan arzuları ola bilər, bütün bunlar uğursuzluq narazılıqları yaradan fərdi nəsnələrdir. Amma Qara qu quşunun gətirdiyi isə ümumi nəsnələrdir ki, onlar hər bir şəxsin gündəlik həyatında özünü göstərir.

Bəhs etdiyimiz detallar cəm halda bir narazılıq, həyatdan küskünlük əmələ gətirirlər, sonucda da bu narazılıq və həyatdan küskünlük uğursuz insan anlamını formalaşdırır. Bizim qətiyyətimiz azalır, diqqətimiz yayılır, məqsədyönlülüyümüz itir, zərbələrimiz kəsərdən düşür.

Obyektiv və subyektiv səbəblər məcmusu olan uğursuzluq – kitabımızın baş mövzusu olan uğurun antonimi olaraq, əvvəldə qeyd etdiyim kimi, mütləq haqqında bəhs etməyimiz zərurətini yaradır. Arzuladığımız və planlaşdırdığımız məqsədə döğru yolda bizi büdrədən şərait, fiziki vəziyyət olan uğursuzluq barədə təbii ki, xüsusi təlimlər, hansısa düstur və aksiomlar yoxdur. Uğursuzluq – daha çox subyektin dünyagörüşündən asılı olan bir anlayışdır, bəzi adamlar üçün uğursuzluq kimi qəbul edilən bir hadisə, vəziyyət başqası üçün adi hal da ola bilər. Amma istənilən halda qarşıya qoyulan məqsədə çata bilməmək, hədəfi vura bilməmək uğursuzluq kimi qəbul edilir. Abiturient qəbul imtahanından lazımi qədər bal toplaya bilmədi, idmançı çempion ola bilmədi, müəllim attestasiyadan keçə bilmədi, şirkət rəhbəri tenderdə qalib gələ bilmədi, müəssisənin yeni məhsulu bazara girə bilmədi, gənc öz sevdiyinə qovuşa bilmədi və s. və i. – onlarca bu cür uğursuzluq misalları çəkmək olar ki, bu misallar da paritet qaydada həm subyektin özündən, həm də obyektiv reallıqdan qaynaqlanır.

Amma uğur qazanmaq düsturunda subyektin özünün uğura maksimum köklənməsi əsas yer tutur. O, özündən asılı olan, öz əlində olan hər bir şeyi qeydsiz-şərsiz eləməlidir, bunun üçün lazım olan bütün qüvvəsini, imkanlarını səfərbərliyə almağı bacarmalıdır. İdmançıların təbirincə desək, sən həyatının ən həlledici döyüşünə tam hazırlaş. Bəxt həmişə güclünün üzünə gülür. Belədə qələbə mütləq sənin olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.