Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Əslində sualın cavabı elə sualın içində gizlənib. İnsan insan olduğu üçün barəsində düşünülməyə, qayğıya, şəfqət və mərhəmət kimi duyğulara ehtiyac duyur. Və məsələ burasındadır ki, yaşından, cinsindən, hətta xaraktercə nə qədər güclü olmasından asılı olmayaraq, hər kəs kimlərsə tərəfindən düşünüldüyünü, sevildiyini yeri gələndə anlaşıldığını, qorunduğunu bilmək istəyir. Əgər kimsə bunu inkar edirsə, yalan danışır. Çünki Allah insanı yaratmadan öncə anaları yaratmışdı və O bilirdi ki, onun bəndələrini ondan sonra ən çox sevəcək kəslər ancaq analarıdır. Təbii ki, bəzi insanlar bu cəhətdən də, özlərini şanssız hiss edə bilərlər. Yəni, bəzən bizə sadəcə “anamız tərəfindən böyüdülmüşük, ancaq sevilməmişik” kimi gəlsə belə, yenə pis olmağa dəyməz. Demək ki, Allah öz sevgisinin heç bir parçasını başqa bəndəsinə vermədən sizi sevir və sizi sevdiyi üçün yer üzünə göndərib, sonsuz göy üzü ilə mükafatlandırmaq istəyir. Yox əgər siz sadəcə düşünülmək, insanlar tərəfindən önəmsənmək və həyatda bir mövqe sahibi olmaq istəyirsinizsə dini və fəlsəfəni bir kənara qoyub Abraham Maslounun tələbat piramidasını nəzərdən keçirsəniz nə istədiyinizi və əslində nəyə layiq olduğunuzu çox gözəl dərk edə bilərsiniz.
Belə ki, Maslou insanın həyat piramidasını 5 mərhələyə ayırmışdır. İlk iki mərhələni təbii ehtiyacların ödənməsi və təhlükəsizlik əhatə edir. Digər üç mərhələ isə ardıcıl olaraq aidlik, hörmət və özünü reallaşdırma prinsiplərindən ibarətdir. Piramidadan da anlaşıldığı kimi natural ehtiyaclarını ödəyən kəslər özlərini sosial fərd kimi formalaşdırmaq üçün cəmiyyətdə bir yer tutmağa çalışır. Və bunun üçün onlar sevilməyə, hörmətə və öz xəyalları uğrunda atdıqları addımlarda onları dəstəkləyən, onların yolu ilə irəliləyən insanlara ehtiyac duyurlar.
Etiraf etmək lazımdır ki, həqiqətən insan nə qədər güclü olduğunu desə də, özünün tək başına bacaracağına, çətinliklərin öhdəsindən gələcəyinə inansa da, onu daim düşünən, fikirlərini önəmsəyən, bəzən onun üçün narahat olan başqalarına ya da ki, ən doğma özgələrə ehtiyac duyur. Əgər sən də, həyatında belə bir insana ehtiyac duyursansa və bunu etiraf etməyə çəkinirsənsə öncəliklə həyatının mərkəzinə özünü qoymağı, insanlardan gözləntilərini sıfıra endirmədən minimallaşdırmağı bacarmalısan ki, əsas gücün səndə olduğunu və cəmiyyətin sənin üçün yalnız motivasiya və disiplin mənbəyi olduğunu unutmayasan.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)