Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Yaşamımız boyunca çoxlu insanlar girər həyatımıza, sinif yoldaşı, qrup yoldaşı, tələbə yoldaşı, kurs yoldaşı, iş yoldaşı, dostlar, tanışlar, müəllimlər, qonşular və adını sadalamadığım daha kimlər-kimlər..
Lakin kimliyindən aslı olmayaraq çox az insan qalıcı olur həyatımızda. Bir çoxu həyatımızın müəyyən bir dövründə var olur sadəcə.
Gün gəlir, ən yaxın dostlar, ən özəl insanlar belə çıxıb gedə və yaxud da itirilə bilir.
Dostoyevski demişkən, "Hər şey dəyişir. Yadlar doğma olur, doğmalar yad olur. Dostlar yoldan keçən hər hansı birinə çevrilir. Sevdiklərimiz isə tanışlarımıza çevrilir"
Amma həyatımızdan gəlib keçən hər bir insan mütləq nələrsə qatır, nələrsə öyrədir bizə və müəyyən izlər buraxır bizdə.
İnsanlarla yollarımız bir çox səbəblərə görə ayrılır.
Bəzən istəyərək, bəzən də istəməyərək amma, mütləq bir yerdə ayrılır yollar.
Hər kəs gedərmi? sualının cavabı təəssüf ki, hər kəs gedər-di.
Və insanlar bir zaman sonra artıq xatirələrə çevrilirlər. Onlardan geriyə qalan sadəcə xatirələr və bir də izlər olur.
Məhz buna görə də hər zaman çalışın ki, var olduğunuz dövrü xoş xatirələrlə doldurasız.
Xoş xatirələrlə doldurasız ki, bir gün olmayandan sonra da hər zaman xoş xatirələrlə xatırlanasız.
Bir gün xatırlandığınız zaman sizi xatırlayan insanın simasına kədər deyil də, gözlərinə bir parıltı, dodağına bir təbəssüm qonsun. Nifrətlə deyil də, sevgi ilə anılasız həmişə.
Və insanların həyatından gedərkən də elə gedin ki, arxanızda dağıntılar deyil də, gül baxçaları qoyasız. Keçib getdikdən sonra izləriniz, baxanda, kimsəsiz xarabalığlara bənzəməsin.
Çünki hər kəs keçdiyi yerlərdə, həyatda və insanlarda müəyyən izlər buraxar və hər kəs də izlərindən tanınar.
Eynən qapaq şəklindəki kimi.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)