“Hər şey uşaq ikən gördüyü çətinliklərdən başladı”

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Raulun Piriyevin 9 yaşı var idi. Özündən kiçik qardaşı Raufun isə 7 yaşı. Ataları onları səhər saat 6-da oyadardı. Bu artıq onlarda vərdiş halına gəlmişdi. Ataları qalxın deyən kimi, dərhal qalxırdılar. Sanki bir əsgər rejimində idilər. Tez durmalı, saatla geyimlərini geyinməli idilər. Və iki qardaş hər səhər qaçardılar. Qaçışdan sonra bəzi idman hərəkətləri ilə məşğul olardılar. Daha sonra qış-yay bilmədən soyuq su ilə yuyunardılar. Su buz olsa, yaxud çox şaxtalı qış günü keçərdisə, yenə də fərq eləməzdi. Bu vərdişləri yerinə yetirib, səhər yeməklərini də  yeyəndən sonra məktəbə gedərdilər. Hər dəfə vərdişlər təkrarlanda isə ataları həm qaçış saatını, həm də turnik hərəkətlərinin  sayını artırardı. 

Nəcibə ananın igid oğulları  bu minvalla böyüdü.

Raul futbola çox həvəsli idi. Xoşu gəlirdi desəm, çox adi olar. Ruhu ilə, canı ilə bağlı idi futbola. O həmişə deyirdi ki, mən futboldan yorulmuram, dincəlirəm. Bütün ruhum, bədənim dincəlir. İzləyəndə də, həmçinin oynayanda da. 

Keçmiş yazılarımdan bilirsiniz ki, Raulumuzun Xüsusi Təyinatlı Qoşunlara (XTQ) xüsusi marağı, istəyi, arzusu var idi. Mən də anası Nəcibə xanım kimi düşünürəm ki, bu idman sevgisi, qatı rejim Raulda XTQ-yə olan sevgini yaradıb və hər zaman artırıb. Nəcibə xanım nə qədər yoldaşına “heç olmasa, bazar günü uşaları oyatma, qoy yatsınlar” desə də, oğullarını qoçaq görmək istəyən ata övladlarını bu rejimdə böyüdür. Bu rejim sayəsində Raul heç vaxt xəstələnməzdi. 15 yaşından sonra artıq böyüdükləri üçün atası onları sərbəst buraxır, özləri nə bacarırsa, onu edirdilər.

Raul hətta 3-cü kursdan XTQ-yə qoşulmaq istəsə də, anası bu peşənin nə qədər çətin olduğunu bildiyinə görə hər bir ana kimi övladının əziyyət çəkməsini istəmədiyi üçün, onu yayındırır. Raul da heç vaxt valideyinlərinin sözündən çıxmazdı. Hara yönləndirildisə ora da getdi. Öz arzularından ailəsinə görə imtina edən Raul heç vaxt ailəsinə mən bu sənəti istəmirəm demədi. Anası hətta düşünür ki, yəqin, bir həvəs idi, gəldi, getdi. O düşünür ki, oğlum daha XTQ-yə qoşulmağı istəməz. Amma elə deyilmiş. Raul əsgər getdikdən sonra öz arzusunu yerinə yetirir. Raul universetə girəndə də idman universetinə daxil olmaq istəyir, ona da icazə vermir ailəsi.

Raul universetdə də, işlədiyi iş yerində də hər zaman yarışlara qatılar və uğur qazanardı.

Hər kəsə məlumdur ki, orduda bir illik əsgərləri XTQ-yə götürmürlər. Amma Raul bir illik əsgər olduğunu bildirməmişdi. XTQ-yə yazılmışdı. Ailəsi onun bu sənəti seçdiyini o Ağcəbədidən Cəlilabada gəldiyindən sonra bilir. Bir il müddətində nə qədər məşqlərdə iştirak edir. Təbii ki, hər ana kimi Nəcibə ana da oğlunun belə çətin və məsuliyyətli işdə olmasından, əziyyət içində məşqlər etməsindən narazı idi. Hər dəfə danışanda Raul anasının könlü xoş olsun deyə, “mama, bilirsən, nə gözəl yerləri görürük biz” deyərdi. Ən təsirli cümləsi bilirsinizmi nədir?! Deyirdi ki: “Ana, qardaşım  Namiqin oyuncaq silahlarınln əsli bu gün mənim əlimdədir".

Anasını ovundurmağa çalışan Raul oranın rahatlığını, bu peşəni çox sevdiyini, heç əzab çəkmədiyini deyərdi.

Raul hətta anası ilə şərt də kəsir, deyir ki: “Ana,sən əgər icazə versən, mən əsgərlikdən gələndən sonra bu işimi davam elətdirim, gələcəm. Əgər mən gəldikdən sonra icazəverməyəcəksənsə, gəlməyəcəm, mən burda qalacam".

Anası artıq razılaşmaq məcburiyyətində qalır. Deyir ki: “Əlbəttə gəl, bala, harda istəsən işləyərsən. Heç vaxt daha işinə qarışmayacağam".

Raul bu işini necə sevirdisə, deyirdi ki: “Ana, hər zaman siz deyəni etmişəm, seçmişəm, nə olar, icazə verin, bu dəfə öz sevib seçdiyim yolla gedim".

Məcbur qalan ana razılaşır. Düşünür ki, həqiqətən, Raulun körpəlikdən şəhid olduğu günə kimi bir övlad kimi tələbi, istəyi olmayıb. Anası deyir: “Biz ona nə aldıqsa, geydi, nə verdiksə, yedi. Heç zaman bizə qarşı dönmədi".

Ona görə də bu dəfə Raulu öz istəkləri ilə baş-başa buraxırlar. Razılaşırlar. Sevinə -sevinə yolunu gözləyirlər. Raul anasına söz vermişdi. Oktyabrın 15-nə kimi gələcəm deyən Raul, sözünü tutdu, amma şəhid kimi gəldi.

Qeyd etmək istəyirəm ki, bu mətn Raulun anası Nəcibə xanımla şəxsi söhbətimiz  əsasında qələmə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.