Şəhidlər dönər, Qazilər dönər, bəs heç gəlməyənlər? Featured

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Məktəlbil olduğum illərdə bir çox tədbirlərdə iştirak etmişəm. Səhnəciklər, şeirlər, bir çox obrazlar. Ən çox da mövzusu müharibə olan əsərlərdə: Qanlı yanvarda haqq-ədalət tələb edərkən öz yurdunda, yad kafirin göydə uçan güllələrinin hücümuna tuş gələn günahsız oğlunun, gözünə görünən ruhuna laylay deyən ana, Xocalıda siyasət sözünün varlığından xəbərsiz ayaqyalın ana-atasını səsləyən qızcığaz və daha çox qara bağlayıb büründüyüm obrazlar, əsgərlər, şəhidlər, qazilərdən qürurla, bəzən də hıçqırıqla, göz yaşları ilə hayqırdığım şeirlər… Say-say bitib, tükənməz.

Mən zəlzələni, karantini, müharibəni, qiymətlərin tərəzini qıracaq qədər artmasını görən, bu şəraitdə təhsil alan, imtahana hazırlaşan, bunlara canlı şahid olan nəslin nümayəndəsiyəm.

Əsgər, şəhid, qazi ailələrinin necə göz yaşları tökdükərini, qazilərin necə ağrı-acı çəkdiklərini görmüşəm.  Bu, ağır hal olsa da, bir müddət sonra insan vəziyyətə ayaq uydurur. Daha doğrusu, buna məcbur qalır. Bu, deyəsən həyatın bizə özünü göstərən ən acı simasıdır. 

Əsgərlər hərbi xidmətə olan borcunu ödəyib geri dönür, qazilərin yaralarını ailələri, xalqın sevgisi sarır, şəhidlər ölmür, onlar hər zaman şeirlərdə, əsərlərdə, tarixdə, zirvələrdə, qəlblərdə yaşayır. 

Hərə bir şəhidin ruhundadır. Nəfəsimizin hər gəliş-gedişini onlara borcluyuq.

Bu gün onların sayəsində burdayıq. 

Amma bəs, necə, harda, kiminlə, nə etdiyi, hansı vəziyyətdə, torpağın üstündə, yoxsa altında olduğu məlum olmayanlar?

Heç geri döməyənlər, heç tapılmayanlar? Onlar necə olacaq?

Onların hekayəsi, igidlikləri, xatirələri necə olacaq?  

Görəsən, ailələri necə ovudurlar özlərini? Nə bir məzar, nə bir medal, səs, xəbər, heç bir şey yoxdur.

Axı bu nə bədbəxtlik, çarəsizlik, intizardır.

Görəsən onların ailələri necə ovudurlar özlərini? Onların övladlarına “sənin atan kimdir, hardadır?" - deyəndə nə cavab verirlər?

Cavabsız yüzlərlə hayat, minlərlə sual.. 

Bəzən özümü düşünürəm itkin düşən, əsgərlərin ailəsində.

Məsələn, anasının yerinə qoyuram özümü. 

Bax, bax budur, görürəm aynada gözümün içinə baxarkən onu. Qəlbimdə işıq var, ümid işığı ulduz kimidir, nə qədər kiçik olsa da, işıqlıdır. Amma yox, dözə bilmirəm bu işıq həm də ağrı verir, yandırır içimi, çox istidir. Çox pis ağrıyır, göynəyir, yanıqların yeri. Məlhəm çox uzaqda, əlçatmazdadır.

Ağlım o heç vaxt gəlməyəcək deyir, sonra donur və yenidən çalışır, yox, yox, o yaşayır, gələcək deyir.

Bəlkə, sabah, bəlkə də bir, il sonra da olsa, gələcək. 

Əgər mən bu dünyadan tez getsəm, mütləq qəbrimə tez-tez baş çəksin. Heç olmasa, orada hiss edərəm ətrini.

Mən sadəcə bir obraz idim. Necə olduğunu xəyal edərək, empatiya qurmaqla bir az da olsa, anlamaq olar. Amma, həqiqətən, necə, hiss etdiyini, nələr çəkdiyini sadəcə o bilir, onlar bilir.

Şəhidlər dönər, Qazilər dönər, bəs heç gəlməyənlər? Bax onlar vətənə çevrilir. Onlar vətənin özüdür.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.