“Anam kəlağayı bir muğamıydı…” MÜSAHİBƏ Featured

“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “”Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibəni sizlərə təqdim edir. Söhbətəşdi: Vaqif Osmanlı. 

 

     - Salam, Güllü xanım. 

 

     - Salam, Vaqif müəllim.

 

     - Güllü xanım, 2023-cü il oktyabrın 1-dən 24-ə qədər rəhbəri olduğunuz Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində qalib olan “Kəlağayı, əlvan qıyğacı” layihənizə Xəzər Universitetindəki tədbirlə yekun vurdunuz.

 

     - Bəli, layihə çərçivəsində oktyabr ayında Qazaxda, İsmayıllıda, Şəkidə və nəhayət Bakıda silsilə tədbirlər keçirildi. Kəlağayımızı yaddan çıxmağa, sandıqda qalmağa, unudulmağa qoymamalıyıq. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın səyi nəticəsində Uneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Kəlağayımız Azərbaycanın  mədəniyyət  nümunəsi kimi formalaşsa da, dünya birliyi tərəfindən tannması və qəbul olunması Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.  Milli dəyərimiz Azərbaycan xanımlarının baş tacı, namus, ismət örtüyü, yaraşığı, gözəlliyinə gözəllik qatan kəlağayını Vətənimizin ayrı-ayrı bölgələrində təbliğ etməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimizə çatdıq. Bölgələrimizdə kəlağayıya sevgi məni sevindirdi. İşimizdən zövq aldıq. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə  bölgələrdə ədəbi bədii gecələr keçirdik və  “Kəlağayı, əlvan qıyğacı” kitabı işıq üzü gördü. Kitabda 73 müəllifin kəlağayıya həsr olunmuş şeiri dərc olundu.  Mən deyərdim ki, kəlağayıya həsr olunmuş ilk şeirlər kitabıdı bu kitab. İlk tədbirimiz Qazaxda Ədəbiyyat Muzeyində  keçirildi.

 

     - Niyə tədbirlər silsiləsini Qazaxdan başladınız?

 

     - Bilirsiniz, mən ilk dəfə kəlağayını Qazaxda, Cahan nənəmdə və onun rəfiqələrində, kəndin ağbirçəklərində qız- gəlinlərində  görmüşəm. Nənəm sandığında uzun illər saxladığı iki kəlağayıdan birini – soğanı kəlağayısını urvat kimi saxlamağı məsləhət bilib mənə əmanət edəndə məktəbli idim. Qazax mənim dədə-baba yurdumdu. Həm də doğma torpaq, yurd istər-istəməz çəkir adamı.  

     Tədbirdə AYB-nin Qazax bölməsinin sədri Barat Vüsalın çıxışı yadda daha çox qaldı. Şair qeyd etdi ki, bu görüş məni analı, bacılı gnlərimə, keçmişə  apardı. Mənə şeir yazdırdı. Barat müəllimin “Anam kəlağaydı, kəlağay anam” misraları yaddaşıma həkk olundu. Hətta düşündüm ki, kəlağayıdan bəhs edən ədəbi nümunələr toplanmış üçüncü kitaba “Anam kəlağaydı, kəlağay anam” adını verim. Barat Vüsalın şeirindən bir bənd inanıram ki, hamının kəlağayı sevgisini artıracaq:

  Kəlağay deyildir adi bir örtü,

 Oxumaq istəsən himn olacaqdır.

 Qızlar, başınıza kəlağay örtün,

 Nə arzu etsəniz hasil olacaq,

 Nə yuxu görsəniz çin olacaqdır.

     Qazaxdan sonra İsmayıllıda, Şəkidə və nəhayət Bakıda – Xəzər Universitetinin Fikrət Əmirov adına Mədəniyyət Mərkəzində möhtəşəm ədəbi- bədii gecələr keçirildi.

 

     - Noyabr ayının 1-dən 26-na kimi Azərbaycanda “ Sazlı Sözlü Kəlağayı günləri” keçirmək qərarınıza birdən-birəmi gəldiniz?

 

     - Bilirsiniz, son illər kəlağayıya diqqət çoxalıb. Bu işdə bizim də böyük rolumuzun olduğunu tez-tez müxtəlif görüşlərdə vurğulayırlar. Bakıda keçirdiyimiz tədbirlərə Azərbaycanın hətta ən ucqar kəndlərindən ağbirçək və ağsaqqal insanların gəlməsi məni düşündürdü. Hətta kəlağayıdan bəhs edən şeir və hekayələrdən ibarət kitabları çapa hazırlayanda bölgələrdən daha çox yazılar göndərirlər. Qərara aldım ki, mən onlarla görüşə gedim. Müvafiq qurumlara müraciət etdim, müsbət cavab aldım. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mənə dəstək oldu. Noyabr ayının 1-də Naxçıvanda, 5-də Tovuzda, 7-də  günorta  Gəncədə, 7-də axşam Naftalanda, 11-də Sumqayıtda, 13-də Şamaxıda, 15-də İsmayıllıda, 17-də Şəkidə, 20-də Bakıda, 22-də Qazaxda “Sazlı Sözlü Kəlağayı günləri” keçirməyi qərara aldıq.  Sonda  Bakıda Beynəlxalq Muğam Mərkəzində ''Anam Kəlağaylı bir muğamıydı'' adlı final  konserti verəcəyik. 

 

     - “Kəlağayı günləri” nə Naxçıvandan start götürməyinizi alqışladım. O qədim diyarın əhalisi neçə-neçə illərdi mühasirə şəraitində yaşayır. Bakı və başqa ərazilərlə ünsiyyəti çətindir. Elmə, mədəniyyətə, sənətə yüksək dəyər verənlərin müxtəlif tədbirlərdən uzaq düşməyimi siz Naxçıvandan başlamağa vadar etdi?

 

     - “Tarixlərin çox nişanı, hər daşın köksündə ox nişanı” olan Naxçıvanın əhalisinin zəngin mənəvi dəyərlərə xüsusi sayğı göstərdiyini bilirik. Orada milli kökümüzə, milli ruhumuza, zəngin adət-ənənələrə və mədəniyyətimizə sadiqlik həmişə möhkəm olub. Naxçıvan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin qaymaqlarını yetişdirən qədim Türk diyarıdır. Burda mənəvi dəyərimiz kəlağayıya da sevgi var.

     Bir üst-üstə düşən məqamı da qeyd edim. Oktyabrın 31-də “Mədəniyyət” kanalında kəlağayıya həsr olunmuş verilişin qonağı olacağam, o veriliş qurtaran kimi Naxçıvana yola düşürəm. Necə deyərlər, Naxçıvan səfərimə “Mədəniyyət” kanalı uğurlu yol arzulayacaq. Bu da uğura bir stimuldur. 

 

     - Həm də “Kəlağayı günləri”ndə yenicə çapdan çıxmış “Anam kəlağaylı bir muğamıydı...” kitabı sizə yol yoldaşı olacaq.

 

     - Xalq Şairi Nəriman Həsənzadənin bir misrasından adı götürülən bu kitabımız çox maraqlı yazılarla zəngindi. Həmin günlərdə redaktorluq etdiyim kəlağayıya həsr olunmuş üçüncü kitabın təqdimatları da olacaq. Maraqlıdır ki, ikinci kiabın adı da Aşıq Ələsgərin “Kəlağayı, əlvan qıyğacı” misrasından götürülüb.

 

     - Bölgələrdə yaşayan kəlağayısevərləri  sizin şəxsi “Kəlağayı Muzeyi” çox maqaraqlandırır. Ziyarət etmək istəyənlərin sayı gündən günə çoxalır. Muzeydə hansı yeniliklər bizi gözləyir?

 

     - Azərbaycanın hansı guşəsinə qədəm qoysam, birinci sual kəlağlyıdan olur, və “Kəlağayı Muzeyi”ni soruşurlar. Maraqlı eksponatların sayı artır. Artıq 200-dən çox kəlağayı həm qorunur, həm muzeyi bəzəyir. Yeni kəlağayıların çoxunu kəlağıyıya dəyər verənlər təmənnasız muzeyə hədiyyə verib. Qazağın Qaymaqlı kəndindən Vəfa Məmmədova qaynanası Nigar xanımın qırmızı zəkiyyə şalını, Şahnaz Səmədqızı  anası Zalxa İsmayılqızının qara xallı yasəmən yelənli kəlağayısını, Ağsudan şair Mərziyyə Sarvan anasının “Ağzəmin” kəlağayısını, İsmayıllıdan şair xanım Turac Hilal qaynanası Sürahi ananın qaynanası Sədəf ananın kəlağayısını və yun darağını muzeyə verib. Qazax səfərimizdə Xanlıqlar kəndində Çingiz Məhərrəmlinin evində qonaq olduq. Mənim başımdakı kəlağayını görən Çingiz bəyin  anası Ayşə xanımın sandığındakı iki “Ağzəmin” və bir qara yasəmən  yelənli kəlağayını muzeyə hədiyyə etdi. 

     Alim və şair xanım Fəridə Ləman ulu nənəsinin, əziz anasının artıq beşinci kəlağayısını hədiyyə edib muzeyimizi zənginləşdirdi. Bu kəlağayı həm qədimliyinə, həm də rəng, ornament və milli naxışlarına görə çox qədim sənət incisidir, 

     Rəssam Natiq Nəcəfzadə  kəlağayılı qadın rəsmlərini Xəzər Universitetindəki ədəbi-bədii gecədə muzeyə təqdim etdi.

     Zəngilandan yeddi məzarsız şəhidin ağac materialı üzərində yonulmuş tablosunu yeddi şəhidin anım günündə zəngilanlı Zöhrab müəllim muzeyə bağışladı. 

     Muzeydə bir kəlağayı da var, '' qəmli kəlağayı''. Çox təsirlidir. Şəhid Zaur İsmayılzadənin anası, birinci Qarabağ müharibəsi qazisi Sevil xanım anasının Zaurun nişan xonçasına qoymaq üçün verdiyi kəlağayını mənə verəndə çox kövrəldim, özümə söz verdim ki, ömrüm boyu bu əmanəti muzeyin ən qiymətli eksponatı kimi qoruyacağam. 

 

     - Artıq dörd ildir ki, siz noyabrın 26-sı gününə xüsusi hazırlaşırsınız. Hər il həmin gün – kəlağayının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması günündə böyük tədbir keçirirsiniz. Bu il nə ilə yadda qalacaq?

 

     - 26 noyabrı “Azərbaycan kəlağayısı günü” kimi keçirmək ideyasını ilk dəfə mən vermişəm,  2019-cu ildə Rəşid Behbudov adına Mahnı Teatrındakı ədəbi-bədii gecə keçirmişik. Bundan sonra hər il Azərbaycanda  26 noyabr  “Kəlağayı günü” kimi qeyd edilir. Keçən il Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayı sərgisi keçirildi. Sərgidə şəxsi “Kəlağayı Muzeyi”nin kəlağayıları ilə birlikdə Azərbaycan rəssamlarının kəlağayını təbliğ edən rənggarlıq əsərləri də nümayiş etdirildi. Bu il də Beynəlxalq Muğam Mərkəzində kəlağayı sərgisi və sərgidən sonra geniş konsert proqramı keçiriləcək. Konsertdə aşıq tanınmış aşıq, şairlər , qiraətçilər,müğənnilər və  Mədəniyyət və İncəsənət Universitetinin “Şuşam” xor qrupu iştirak edəcəklər.

 

     - Bu tədbirlər, ədəbi-bədii gecələr həm də vaxt və enerji tələb edir. Bu sizin yaradıcılığınıza mane olmurmu?

 

     - Bilirsiniz ki, mənim poeziyaya, saza həvəsim çox böyükdür. Həmişə ustadlardan öyrənmişəm, bu gün də öyrənirəm. Kəlağayı sevgimin mükəmməlləşməsində poeziyanın rolu danılmazdır. Klassiklərin əsərlərində kəlağayıya aid bir bənd, bir beyt, hətta bir misra tapanda sevinirəm, tez əzbərləyirəm. Asudə vaxt tapan kimi kitab mütaliə edirəm, könül duyğularımı sözə çevirirəm.

 

     - Kəlağayını bu qədər ürəkdən, yorulmadan təbliğ edirsiniz. Onun nəticələrini görürsünüzmü?

 

     - Hara gedirəmsə, başımda, yaxud çiynimdə kəlağayı olur. Yanımdan keçənlər də maraqla baxırlar. Keçən il Ərzurum şəhərində Uluslararası Türk Dünyası Simpoziumunda iştirak etdim. 40-dan çox Türk dövlətinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbirdə məni kəlağayı ilə görənlərin marağı məni qürurlandırdı.

     Mənim bölgələrə üz tutmağımın səbəbi də regiondakıların kəlağayı sevgisidir. Onlar belə tədbirlərdə həvəslə iştirak edir, alqışlayırlar. Bu mənə güc, həvəs verir, yaradıcılıq, fəaliyyət imkanlarımı genişləndirir. Hamı “Kəlağayı Muzeyi” ilə maraqlanır, muzeyi görmək istəyir.

    Bakıda məni kəlağayıda görən məktəblilər məktəbə dəvət edib görüş keçirmək istəyəndə zəhmətimin bəhrəsinin şirinliyini duyuram.

 

      - Kəlağayı haqqında çoxlu şeirlər yazılır. Sizin təbliğatınız, kəlağayı sevginiz şairləri kəlağayıya kökləyib. Kəlağayı haqaqında 3 kitabınız işıq üzü görüb. 4 - cü kitaba da şeirlər, məqalələr, yazılır. Sonuncu şeiri kim yazıb?

   Elə bu gün tədbirdə şair qardaşım Vəli Qaraçaylı yazdı:

Kəlağayı butasınnan bəllidi

Nənələrin ismətidi kəlağay.

Kəlağayın bircə üzü güllüdü,

Güllümüzün qismətidi kəlağay.

Çox xoşum gəldi şeirdən. Kəlağayı haqqında yaxşı misraları kitabın adı üçün düşünürəm.  

 

     - Sizə işinizdə dəstək olanlar varmı? Bilirəm ki, bu işləri görmək üçün mütləq heç olmasa mənəvi dəstək lazımdır.

 

     - Var. “Kəlağayı əlvan qıyqacı'' layihəsi  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyə dəstəyi ilə  həyata keçirildi. QHT Dövlət Dəstəyi Agentliyinə Mirvarid Dilbazi i Poeziya Məclisi adından  hər zaman minnətdarıq.

Layihədən kənar çox tədbirlərimiz olur.

Heç bir tədbir asan başa gəlmir. Keçirdiyim bütün tədbirlərdə, qazandığım bütün uğurlarda  maddi dəstəyə ehtiyacım olmasa da mənəvi dəstək umuram. Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğlu mənə həmişə mənəvi dayaq olur. Demək olar ki, bu yolda təmannasız xidmət edir. Bir var vəzifə borcu , bir də  var  vicdan borcu. Vüsal Sehranoğlunun  xalqa, mədəniyyətə, incəsənətə, Mirvarid Dilbazi Poeziya Məclisinə xidməti 'vicdan borcudur''. Demək olar ki, mən bu işləri tək bacarmazdım. Bu qədər işlərin öhdədindən bərabər gəlirik. Onun kəlağayı bilgisinə, dəyərinə heyranam. 

     Mədəniyyət Nazirliyinin, rayonların İcra Hakimiyyətlərinin rəhbərliklərinin tədbirlərin təşkilinə dəstəyi mənə ruh yüksəkliyi verir, yeni görüşlər üçün təməl yaradır. Təşəkkürüm onlara sonsuzdur. Bu görüşlərdə kəlağayı ilə yanaşı söz, saz da təbliğ olunur. Məktəblilərin çıxışları möhtəşəm olur. Xəzər Universitetindəki ədəbi-bədii gecədə İsmət Qayıbov adına  1 saylı Sumqa yıt  məktəbiinn 2-ci sinif şagirdi Fərman Əzizovun , məktəbli aşıq qızımız Nərmin Gədəbəylinin  çıxışları sürəkli alqışlarla qarşılandı. Bu kəlağayı ilə bərabər, sözün, sazın, musiqinin bayramıdı.

 

     - Kəlağayı, saz, söz sevərlərə, ümumiyyətlə, xaqımıza arzularınız?

 

     - Bir ilahi yola çıxmışam. Çətinliklər məni qorxutmur., məsuliyyətimi birə-beş artırır, bu yolda yorulmadan  addımlamağıma kömək edir.

     Xalqımıza milli-mənəvi dəyərimizi sevgi ilə qorumağı, söz, saz, kəlağayı kimi mənalı və uzun ömür arzulayıram.

 

     - Mən də sizə bu fəaliyyətinizdə uğurlar, qələbələr, sevincli günlər arzulayıram. Dəyərli vaxtınızı müsahibə üçün ayırdığınıza gərə təşəkkür edirəm.

 

     - Çox sağ olun ki, siz də müsahibə üçün vaxt ayırdınız. Təşəkkür sizə düşür.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.