BİZİM KİNO - Bizim sevimli filmimiz: "Uşaqlığın son gecəsi" Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

1969-cu ildə Arif Babayevin ekranlaşdırdığı "Uşaqlığın son gecəsi" filmi barədə danışmaq istəyirəm.  

Filmdə mərkəzi fiqurlar olan Murad və Rüstəmin  hekayəsindən söhbət açılır.

 

Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır.

Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.

 

Film haqqında

• Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır.

• Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.

• Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.

• Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır.

• Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir. Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.

• Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur. Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.