MİLLİ KİNOMUZ - Bizim sevimli film - “Uzaq sahillərdə” Featured

 Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

1958-ci ildə rejissor  Tofiq Tağızadənin ekran əsəri olan “Uzaq Sahillərdə” filmi çəkilmişdir. Kinolent Azərbaycan xalqının  şanlı oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyada və İtaliyada Alman faşistlərinə qarşı apardığı mübarizəyə həsr edilmişdir. 

 

Mehdi Hənifə oğlu Hüseynzadə və ya məhşur ləqəbi ilə desək Mixaylo 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Leytenant olan Mehdi həmçinin  İkinci Dünya Müharibəsi zamanı kəşfiyyat-təxribat qrupunun da rəhbəri idi. 1925-ci ilə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu  77 saylı natamam orta məktəbə daxil olmuşdur.  Mehdinin  ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə məktəbi bitirən Mehdi Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov və Mürsəl Nəcəfovla birlikdə oxumuşdur. Film Mehdinin faşistlərin arasında kəşfiyyatçı həyatını işıqlandırır, macəra və savaş filmi janrı üzərində çəkilmişdir.

Gənc Mehdinin rəsm çəkə bilməsi,  bir neçə dil bilməsi və üzünün heç kim tərəfindən görülməməsi özünü gizlədə bilməsi baxımından müsbət xüsusiyyətlər idi. İstər müharibənin gedişində, istərsə də müharibədən sonra Mehdinin qəhrəmanlıqları millət olaraq hər birimizin qəlbində taxt qurmuşdur. Mehdi təxribatçılıq və kəşfiyyatçılıq kimi bacarıqları ilə faşistlərə həm texnika,  həmdə canlı qüvvə sarıdan xeyli zərbə vurmuşdur.

Üstündən xeyli müddət keçsə belə Mehdinin gerçəyi andıran əfsanəvi qəhrəmanlıqları bu gün də dillər əzbəridir və ümid edirəm ki, hər kəs Şəhidinin, qəhrəmanının xatirəsini hər zaman uca və əziz tutacaqdır. 

P.S: Kaş ki rəssamımız, yazarlarımız daha çox olsaydı. Şəhidlər, qazilər bu millətin qırmızı çizgisidir. Onlar haqqında yazmaq, onların xatirəsini əziz tutmaq bizim vətəndaşlıq  borcumuzdur. Nə də olsa bu millətin Mübarizi, Poladı, Emini, Fəxrəddini, Təyyarı çoxdur və çoxalmağa da davam edəcəkdir. 

 

“Ədəbiyyat və İncəsənət”  

 (18.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.