Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin qalibləri elan olunub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən narkomaniyanın zərərləri mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilirdi. Ötən gün müsabiqəyə yekun vurulub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəbiyyət Nazirliyinə istinadən məlumat verir ki, Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə tələbələr arasında keçirdiyi müsabiqədə ssenarilər 2021-ci il dekabr ayının 1-dən 30-a qədər qəbul olunmuşdu.

Müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında Münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib.

 

Yer          Qalibin adı             Layihənin adı

1-ci yer    Murad Şükürlü“      Kilid ekranı”

2-ci yer    Çinarə Əlişli“          Həyat ağacı”

3-cü yer    Ziyafət Kazımov“   Bir qrossmeysterin hekayəti”

 

Qaliblər müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılması mərasiminin fevral ayının ikinci yarısında, Ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri isə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlov olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.