Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
"Atalar qızlarının ilk qəhrəmanıdır. O qəhrəman özünü doğrultmadısa, o qız ömrü boyu yarımçıq qalır. Heç vaxt içdən heç kimə güvənmir, içdən gülmür, varlığıyla yoxluğu bilinmir."
Baş rollarını Nicat Rəhimov və Zarina Qurbanovamın canlandırdığı filmdə həbsdən yenicə çıxmış bir atanın ailəsinə qarşı olan mənfi rəftarından söhbət gedir. Bu ata bəzən kobudluq edir, bəzən həddini aşır, bəzən də qaydaları pozaraq digər insanlara narahatlıq verməyə başlayırdı. Lakin bu tam-tamına həmin adamın pis olduğu anlamına gəlirmi?
Misal üçün, həbsdən yenicə çıxan adamın etmək istədiyi ilk iş evinə gedib, yeməyini yeyib yatmaq idi. Lakin həyat yoldaşı ona sürpriz etmək istəyərək onu yatmağa qoymur və başını aldadaraq onu istirahət mərkəzinə aparır. Ssenaridə bəzi boşluqlar gözümə dəydi. İlk növbədə bu kişi həbsdə olarkən həyat yoldaşı necə maşın alıb? İşləyərəkmi, yoxsa başqa bir yolla, bu məsələyə aydınlıq gətirilməliydi.
Ssenari irəlikədikcə kişinin qıcıq verən halları insanı daha da çilədən çıxarırdı. Lakin sonluğun pozitiv bitməsi insanı, həqiqətən də, sevindirdi. İlk növbədə nəzərə almaq lazımdır ki, bu adam həbsdən yenicə çıxıb, psixologiyası yerində deyil. Adətən həbsdən çıxan adamlar daha müdrik və daha ağır təbiətli halda olurlar ki, adam söz deməyə belə çəkinir. Burada isə həbsdən çıxmış atanı zəncirdən qopmuş it kimi görürük. Adətən həbsdə hörmətsiz olanlar azadlığa çıxan kimi özlərini zənciri qırılmış itlər kimi aparır. Bu yerdə yadıma "Hərbidən qeydlər" kitabından qısa bir hissə düşür:
"Bu sanki barbar və mədəniyyətsiz bir insanı gözəl geyim geyindirib, elit təbəqəyə buraxmağa bənzəyir. Həmin insan nə qədər gözəl geyinsə də, hər hərəkətində mədəniyyətsizliyini və səviyyəsizliyini göstərmiş olacaq. Nəyə lazım gözəl geyim, bu gözəlliyə layiq deyiliksə? Nəyimizə lazım təmiz cisim, ruhumuz murdar sularda üzürsə? Hər şeydən əvvəl təhsilə, savada və mədəniyyətə fikir verməliyik."
Mənə elə gəlir ki, qəhrəmanımız ofisiantla rəftar edərkən içindəki o boşluq və aşağılıq hissini görmək olurdu.
Diqqətimi çəkən digər bir nüans isə o oldu ki, mən baş rolda olan Nicat Rəhimova nə qədər baxıramsa baxım, sanki hər yerdə o, bozbaşdakı Şirin obrazını canlandırır. Çöldən özünü yekə-yekə aparmaq istəyən, lakin dərinə endikcə içində cılızlaşan insan prototipini canlandırır hər yerdə. Çox istərdim ki, tamam fərqli bir obrazda onu görək və deyək ki, "həə, bax bu başqa bir obrazdır". Lakin onun çəkdiyi zəhmət, içində olan yaradıcılıq enerjisi əvəzolunmazdır. Daha öncə də qeyd etdiyim kimi, filmin pozitiv sonluqla bitməsi insanı, həqiqətən də, sevindirir.
https://youtu.be/Hn2tdDXZtl8?si=tYQa8ZQPWDJ4Ll5K
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)