Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir

Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə, həmçinin XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır.

 

AzərTAC xəbər verir ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.

 

Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

 

Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.

 

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa sən azadsan!” və digər filmlər yer alır.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.