“Proyekt 2602” filminin promo-çarxı ötən il ictimaiyyətdə geniş rezonans doğursa da, ekran işi üçün lazım olan məbləğ hələ də tapılmayıb.
“Ədəbiyyat və incəsənət” portalının filmin rejissoru Rafiq Hacıyevdən aldığı məlumata görə, maliyyə məsələlərinin həlli ləngidiyi üçün rejissor “Proyekt 2602” layihəsi ilə Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Film layihələri müsabiqəsi”ndə iştirak etməyə qərar verib.
Filmin ssenarisi, tanınmış Amerika kinoşirkəti “Metro Goldwyn Mayer” tərəfindən müsbət rəy alıb. Filmin prodüserliyini Hollivudun peşəkar prodüserlərindən biri öz üzərinə götürüb. “Proyekt 2602” layihəsi, Azərbaycanda ilk fantastik-macəra-dram janrında çəkiləcək filmdir. Azərbaycan Televiziyası filmin çəkilməsi üçün müəyyən qədər dəstək göstərəcəyini bildirib.
Film layihəsinin rəhbəri, rejissor və ssenari müəllifi Rafiq Hacıyev bildirir ki, ekran işinin dünya standartlarında çəkilməsi üçün tələb olunan məbləğ hələ toplanmayıb:
“Bu filmin çəkilişləri üçün bir neçə ildir ciddi şəkildə çalışırıq. Filmin promo-çarxı yüksək keyfiyyətlə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Hazırladığımız promo-çarxdan da aydın olur ki, bu filmin dünya standartlarına uyğun çəkmək nə qədər çətin olsa da, öhdəsindən gələcəyik.
Qarabağın işğaldan azad edilməsindən sonra bu filmin istehsalı və dünya tamaşaçısına təqdim olunması ölkəmiz adına böyük uğur olacaq. Uzun müddətdir filmin çəkilişlərinə başlamaq üçün müxtəlif cəhdlər edirik. Mədəniyyət Nazirliyinin keçmiş komandası bizə filmin çəkilişləri üçün dəstək verəcəklərini vəd etsələr də, bu, istənilən səviyyədə olmadı.
Nazirliyinin yeni rəhbərliyi və komandası kino sahəsində mütərəqqi addımlar atmağa, yeniliklər etməyə çalışır. Müəyyən təşəbbüslər, həmçinin ARKA-nın yaranması bizləri də çox ümidləndirib. “Proyekt 2602” kimi ciddi və vacib layihənin ərsəyə gəlməsi həm mədəniyyətimiz, həm də ölkəmizin beynəlxalq nüfuzu üçün çox vacib və önəmlidir. Bu baxımdan Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Film layihələri müsabiqəsi” bizim komanda üçün yeni fürsətdir. Məsləhətləşdik və qərara gəldik ki, biz də öz layihəmizi bu müsabiqəyə təqdim edək. İnanırıq ki, yaranmış şəraitdə bizim layihə müsbət dəyərləndiriləcək və qaliblərdən biri olacaq. Müsabiqədə uğur qazanacağımız təqdirdə biz filmin çəkilişlərinə başlamaq imkanı qazanacağıq.
Mədəniyyət naziri cənab Adil Kərimlinin təşəbbüsü və rəhbərliyi ilə başlanan və bu gün də davam edən islahatların milli kinomuza faydasını verəcəyinə inanırıq. Rejissor kimi mən buna ümid etdiyim üçün ARKA-nın elan etdiyi “Film layihələri müsabiqəsi”nə qoşulmuşam. İnanıram ki, “Proyekt 2602” filmini ərsəyə gətirib həm dünyaya, həm də ölkə tamaşaçasına təqdim edə biləcəyik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan illərdi dünya ictimayyətinə müxtəlif yollarla Qarabağ həqiqətlərini çatdırır, məhz bu filmin bu işdə əvəsiz xidməti ola bilər. Çünki filmin ssenarisi həm fərqli yanaşma ilə yazılıb, həm də hazırda dövlətimizin apardığı siyasətə tam uyğun gəlir. Biz qalib ölkənin dünya səviyyəli filmini çəkmək, Azərbaycanın qüdrətini bir daha dünyaya göstərmək istəyirik”.
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)