Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Sentyabrın 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək. Sərgi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
AzərTAC xəbər verir ki, sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.
“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla təmin ediləcək.
“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000,  Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. .

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.