İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün ömrünü elmə həsr edən, ömür kitabının 80-ci səhifəsində həyata gözlərini qapayan Minirə Qarayevanın doğum günüdür. O, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti, Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini olmuşdur.
Onun həyat və yaradıcılığı ilə tanış olaq.
1937-ci ildə Qəbələ rayonu ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu Fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri, o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. O, 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur.
1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür. Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir.
İngilis dilinin fonetikasına həsr olunmuş üç kitab, əlliyə yaxın məqalə müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur. 1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur.
İngiltərənin Kəmbric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.
Professor Minirə Qarayeva 2013-cü ildə Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti seçilmişdir.
23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)