Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Təbii ki, hamınız məlumatlısınız, aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum keçirildi. Bu forum artıq yeddinci dəfədir təşkil olunur. Forum həm - ölkənin beynəlxalq nüfuzunu artırmaq, həm də qlobal gündəmdəki mühüm məsələləri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev forumda çıxışı zamanı sürətlə dəyişən dünyada əməkdaşlığın əhəmiyyətinə toxundu, yeni fikir və mesajlar səsləndirdi. Onun çıxışı yalnız cari reallıqları əks etdirməklə kifayətlənməyib, həm də gələcək trendlər və çağırışlar barədə mühüm ideyalar ortaya qoydu.
Forumda iştirak edən beynəlxalq qonaqlar isə ölkəmizin keçmişi, bu günü və gələcəyini daha yaxından tanımaq imkanı əldə etdilər. Bu, Azərbaycanın dünyaya özünü təqdim etməsi baxımından önəmli platformadır.
Prezidentin çıxışında bir neçə əsas məqam xüsusilə diqqət çəkdi:
1.Azərbaycanın beynəlxalq arenada artan nüfuzu
2.Post-münaqişə dövründə informasiya diplomatiyası
3. Zəfər və bərpa prosesi: Ərazi bütövlüyünün təmin olunması
4.Separatizmin tarixi kökləri və bu konteks də baş verənlər
5.Qloballaşan dünyada əməkdaşlıq və qarşılıqlı anlaşmanın əhəmiyyəti
Yeni dünya nizamında Azərbaycanın yeri və rolu
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev bildirib ki,Prezident İlham Əliyev forumdakı nitqində, Türk Dövlətləri Təşkilatının Avropa İttifaqı və NATO ilə müqayisədə daha harmonik və daxili ziddiyyətlərdən uzaq olduğunu qeyd edib. Prezident, təşkilatın artıq kifayət qədər potensiala – insan resursları, təbii sərvətlər, nəqliyyat marşrutları və hərbi gücə sahib olduğunu vurğulayıb.
O, Türk Dövlətləri Təşkilatını gücləndirmək üçün Azərbaycanın atdığı addımlardan danışıb. Türk dövlətlərini birləşdirən ortaq tarix, mədəniyyət, dil və ənənələrin təşkilatı unikal etdiyini bildirib və bu təşkilatın qlobal gücə çevrilməli olduğunu vurğulayıb. Onun fikrincə, təşkilatın daha fəal olması, qlobal problemlərə münasibət bildirməsi və beynəlxalq səviyyədə təşəbbüskar mövqe tutması vacibdir.
Forumun mövzusu – “Yeni dünya nizamı” – son dövrlərin ən çox müzakirə olunan məsələlərindəndir. Bu ifadə müxtəlif baxış bucaqlarından qiymətləndirilir və hər kəs bu anlayışa özünəməxsus şəkildə yanaşır. Ancaq ümumi fikir budur ki, dünyada qəti söz sahibi olan bir dövlət yoxdur və heç bir ölkə təkbaşına dünya nizamı yarada biləcək qədər güclü deyil. Hazırkı dünya düzənində bir neçə geosiyasi aktor – ABŞ, Rusiya, Çin, Avropa ölkələri və digərləri – öz maraqlarını irəli sürməyə çalışır. Bu səbəbdən dünya nizamı ziddiyyətli və qeyri-sabit xarakter daşıyır.
Demokratik dəyərlər, hüququn aliliyi, ərazi bütövlüyü və insan hüquqları kağız üzərində qəbul olunsa da, reallıqda bu prinsiplərə riayət edilmir. Tarixboyu güclü dövlətlər bu prinsipləri pozaraq öz maraqları naminə digər ölkələrin daxili işlərinə müdaxilə edib, ərazi bütövlüyünü pozub və nəticədə, milyonlarla insan həlak olub. Günümüzdə də bu mənzərə dəyişməyib – əksinə, vəziyyət daha təhlükəli və daha kompleks hal alıb.
Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionu bu geosiyasi toqquşmalardan təsirlənib. Ermənistanın uzun illər işğalçı siyasəti nəticəsində Azərbaycanın əraziləri zəbt olunub. Lakin Azərbaycan 2020-ci ildə öz gücü ilə bu torpaqları azad edib. Buna baxmayaraq, beynəlxalq güclərin ikili standartlara əsaslanan siyasəti hələ də davam edir. Bu reallıq göstərir ki, beynəlxalq hüquqdan çox güc balansı və maraqlar əsas rol oynayır.
Forumda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqedən geniş bəhs edib. O, Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrindən danışıb, ölkəmizin bu bölgələr arasında körpü rolunu oynadığını qeyd edib. Eyni zamanda, Prezident Azərbaycanın ABŞ, İran, Çin və Afrika ölkələri ilə əlaqələri, eləcə də bəzi Qərb dövlətlərinin anti-Azərbaycan mövqelərinə qarşı tutduğu prinsipial mövqeyi də diqqətə çatdırıb.
Ermənistanla bağlı məsələlərə toxunan Prezident, bu ölkədə revanşist düşüncələrin güclü olduğunu bildirib. Ermənistan siyasi elitasını fəal və passiv revanşistlərə bölərək, onların bölgədə sabitlik üçün ciddi təhdid yaratdığını vurğulayıb. Prezident bildirib ki, Azərbaycan bu təhdidləri nəzərə alaraq hərbi gücünü artırır, lakin bu, təcavüz niyyəti ilə deyil, müdafiə məqsədilə həyata keçirilir.
Ümumilikdə, forumda səsləndirilən fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlarda tutduğu yeri və gələcək üçün müəyyən etdiyi prioritetləri aydın şəkildə ortaya qoydu. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora çevrildiyini bir daha təsdiqləyir.
Çinlə strateji tərfdaşlıq – yeni qlobal düzəndə önəmli addım
İqtisadçı Eldəniz Əmirovqeyd edib ki,Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın maliyyə müstəqilliyi, çinlə strateji tərəfdaşlıq, yaşıl enerji, nəqliyyat layihələri və geosiyasi manevr imkanları baxımından çox önəmli mesajlar ehtiva edir. Çin və Azərbaycanarasında münasibətlərin çoxşaxəli xarakter daşıması və bu münasibətlərin artan dinamika ilə inkişaf etməsi artıq digər ölkələr üçün nümunə modelinə çevrilib. Bu münasibətlərin bariz nümunəsi kimi, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 21 faizə artaraq 3.7 milyard dollara çatmasını göstərmək olar. 2025-ci ilin ilk iki ayında isə bu dövriyyədə 55 faizədək artıb. Bu həqiqətən də heyrətamiz artım dinamikasıdır.
Digər tərəfdən, Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi və Azərbaycanın Orta Dəhlizdə əsas aparıcı ölkə kimi çıxış etməsi nəticəsində Çin öz məhsullarını ixrac edən ölkə olaraq Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Azərbaycan Çinin “bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və təşəbbüs çərçivəsində Orta Dəhlizin infrastrukturunu ən yüksək səviyyədə təmin edən ölkə kimi tanınır.
Çin isə bir ixracatçı kimi bu cür infrastruktura sahib etibarlı ölkə ilə - yəni Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. Bu maraq Şimal Buzlu okeanından Hind okeanına qədər olan geniş coğrafiyada Azərbaycanın əlverişli mövqeyindən də qaynaqlanır.
Gürcüstanla münasibətlər
Gürcüstanla münasibətlərə gəldikdə isə, buəlaqələr həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan da ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyindən, ölkəmizin ona ona göstərdiyi dəstək olduqca önəmlidir. Gürcüstan, enerji təhlüksəziliyini təmin etmək üçün Azərbaycanın dəstəyinə ehtiyacı duyur. Azərbaycanın həyata keçirdiyi iri layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tblisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın iqtisadiyyatına ciddi töhfələr verib və bu ölkəni Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevirib. Bu layihələr, eyni zamanda, Ermənistanı regionda iqtisadi təcridə məruz qoyub.
Gürcüstanla-Azərbaycan münasibətləri Azərbaycanın üçüncü enerji strategiyası olan alternativ enerji siyasəti çərçivəsində də özünü göstərir. Əgər neft və qaz strategiyalarında Gürcüstan tranzit ölkə kimi çıxış edibsə, alternativ enerji strategiyasında da eyni rolu davam etdirir. Gürcüstan həm tranzit, həm də öz daxili istehsalı ilə bu sahədə mühüm rol oynayacaq. Gürcüstanın alternativ enerji resursları da kifayət qədər zəngindir.
2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Buxarestdə imzalanmış Anlaşma Memrendumuna əsasən, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə keçəcək elektrik kabeli Gürcüstan, Ruminya və Macarıstan, eləcə də digər Avropa ölkələrini elektrik enerjisi ilə təmin edəcək. Bu layihə Azərbaycanın Avropanın eneji təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirir və həmin rolun Gürcüstan üzərindən həyata keçirildiyini göstərir.
İqtisadçı transsərhəd çaylarına münasibət bildirərkən vurğulayıb ki,Azərbaycan təbii sərvətlər baxımından zəngin neft və qaz ehtiyatlarına malik olsa da, torpaq və su ehtiyatları baxımından Cənubi Qafqazda o qədər də əlverişli mövqedə deyil. Bölgədəki su ehtiyyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistannın, cəmi 10 faiz isə Azərbaycanın payına düşür. Üstəlik, bu 10 faizin də 70 faizindən çoxu transsərhəd çaylar vasitəsi ilə təmin olunur. Başqa sözlə, hər 100 ton suyun cəmi 3-4 tonu Azərbaycana çatır.
Bu qədər asılılıq fonunda sərhəd çaylarının, xüsusilə də Araz çayının çirkləndirilməsi təkcə ekoloji baxımdan deyil, həm də hüquqi və siyasi baxımdan ciddi məsuliyyət yaradır. Belə davranışlar cinayət xarakteri daşıyan hallardır və qarşısı qətiyyətlə alınmalıdır.
Orta Dəhliz Azərbaycanın strateji maraqlarına tam uyğundur
İqtisadçı Xalid Kərimli bildirib ki, Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji bir element kimi təqdim olunur və bu məsələ bir neçə aspektdən vurğulanır. Orta Dəhliz Azərbaycanın iştirak etdiyi mühüm tranzit logistika koridorudur. Və bu dəhlizin inkişaf etdirilməsi ölkəmizin birbaşa strateji maraqlarına daxildir. Hal-hazırda bu dəhliz Azərbaycanda tam gücü ilə fəaliyyət göstərir. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm infrastruktur layihələri bu dəhlizin əsas dayaqlarıdır.
Lakin bu yayihələrin uğurla həyata keçməsi təkcə Azərbaycanın fəaliyyətindən asılı deyil. Burada Mərkəzi Asiya ölkələri və digər tərəfdaş ölkələrin koordinasiyalı və birgə fəaliyyəti də mühüm rol oynayır.
Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər saldıqda, bu iki ölkə arasında qarşılıqlı faydalı və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu görürük. Azərbaycan enerji resusrsları və nəqliyyat dəhlizləri məhz Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropaya çatdırılır. Bu, Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın ciddi töhfəsi olduğunu göstərir və iki ölkə arasında strateji müttəfiqqlik münasibətlərinin formalaşmasına səbəb olub.
Orta Dəhliz Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Bir çox ölkələr bu dəhlizin imkanlarına daha çox diqqət ayırmağa başlayıblar. Lakin dəhlizin genişləndirilməsi üçün hələ də böyük potensial mövcuddur.
Əgər biz Orta Dəhlizi tam formalaşdırmaq istiyiriksə, bu zaman Zəngəzur dəhlizinin də fəaliyyətə başlaması zəruridir. Bu, həm Azərbaycanın yükötürmə qabiliyyətini artıracaq, həm də Naxçıvanın blokadasının aradan qalxmasına səbəb olacaq.
Bundan başqa nəzərə almaq lazımdır ki, Gürcüstan limanlarında yüklənmə səviyyəsi yüksəkdir. Bu baxımdan alternativ liman və marşrutların olması da vacibdir.
Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi təkcə bu ölkəyə deyil, eyni zamanda türk dünyasına və ümumilikdə qlobal əməkdaşlığa ciddi ziyan vurur. Ermənistanın bu mövqeyi, çox zaman xarici qüvvələrin təsiri altında formalaşır. Bu xarici qüvvələr Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışırlar. Çünki onlar anlayırlar ki, bu dəhliz həm Azərbaycanın, həm də Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynaya bilər.
Bütün bu maneələr baxmayaraq, Azərbaycan Şərq-Qərb Dəhlizinin inkişafı üçün ciddi addımlar atır. Son illərdə bu istiqamətdə yükdaşımalarda 30-40 faiz artım qeydə alınıb. Bu da Azərbaycanın tranzit imkanlarının ildən-ilə genişləndiyini göstərir.
USAID-lə bağlı məlumatlar ictimai rəyə təsir etmək məqsədi daşıyır
Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Yeganə Hacıyeva bildirib ki, Prezident İlham Əliyev çıxışında USAID-i “tamamilə korrupsiyaya uğramış bir nəhəng” adlandırıb və onun Azərbaycanda sabitliyi pozmağa yönəlmiş fəaliyyətdə iştirak etdiyini qeyd edib.
USAID-in bağlanmış saytında və ABŞ-in xarici yardım aktları ilə bağlı məlumatların yerləşdiyi rəsmi resurslarda bu barədə dolğun məlumatlar var. Məsələn, pandemiyanın artıq iki il əvvəl başa çatdığı 2024-cü ildə USAID Azərbaycana “pandemiya ilə mübarizə” adı altında 1 milyon 930 min dollar məbləğində vəsait ayırıb. Eləcə də, 2024-cü ildə dünyanın bir çox ölkələrinə humanitar yardım göstərildiyi bir vaxtda Azərbaycanda kimlərsə USAID-dən 3 milyon dollar dəyərində ərzaq yardımı alıb.
Tarixə nəzər yetirsək 2005, 2010 və 2015-ci illərdə USAID-in Azərbaycanda keçirilən parlament seçkilərində QHT-ləri, medianı və deputatlığa namizədləri dəstəkləmək üçün ayırdığı maliyyələr barədə məlumatlar mövcuddur. Bu zaman ortaya belə bir sual çıxır: Sonrakı illərdə USAID seçkilərdə hansı destruktiv fəaliyyətlərə və nə qədər vəsait ayırıb? “İcmaların dayanıqlığı mədəniyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində, 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının xilaskarı, Qarabağın Fatehi İlham Əliyevin əleyhinə kampaniyalara nə qədər maliyyə ayırıb? Və ya 2024-cü ilin sentyabrında keçirilən parlament seçkilərində, müstəqil seçki manitorinqi üçün QHT-lərə, mediaya və ən əsası dəstəklədikləri namizədlərə nə qədər vəsait yönəldilib?
USAID-lə bağlı araşdırmalar göstərir ki, 2024-cü ildə Ermənistan höküməti ABŞ-in Beynəlxalq İnkişaf Agentliyindən (USAID) cəmi 110 milyon dollar qrant alıb. Halbuki həmin il üçün Ermənistanla USAID arasında imzalanan qrant sazişində 250 milyon dollar nəzərdə tutulmuşdu. Ayrılan 110 milyon dollar 2024-cü ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mxer Qriqoryan və USAID/Ermənistan missiyasının direktoru Con Allelo arasında imzalanan sənəddə qeyd olunub.
Bu qrantın 49 milyon dolları Ermənistanda “demokratik keçidin asanlaşdırılması”na yönəldilib. Bu təşəbbüs çərçivəsində Ermənistanda beş proqram həyata keçirilib:
- Qanunun aliliyi və insan hüquqları - 6,6 milyon dollar;
- Efektiv idarəetmə 18,9 milyon dollar ;
- Siyasi rəqabət və konsensusun yaradılması - 8 milyon dollar ;
- Vətəndaş cəmiyyəti və media - 13,6 milyon dollar ;
- Humanitar yardım 1 milyon dollar ;
Qalan 60 milyon dollar Ermənistanın iqtisadi təhlükəsizliyinin artırılması məqsədilə aşağıdakı sahələrə bölüşdürülüb:
- Özəl sektorun məhsuldarlığının artırılmasına - 29,8 milyon dolları,
- İşçi qüvvəsinin inkişafı üçün 3,2 milyon dollar ;
- Enerji təchizatı üçün 25,8 milyon dollar ;
- Humanitar ərzaq yardımı üçün 1 milyon dollar.
Yerdə qalan 140 milyon dollar isə USAID-in sattelit təsisatları vasitəsi ayrılıb.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə USAID-in Cənubi Qafqazda ən az maliyyə ayırdığı ölkə məhz Ermənistana olub. Ən çox maliyyə isə Gürcüstana yönəldilib-ümumilikdə 500 milyon dollar. Bunun 309 milyon dolları birbaşa qrant kimi, 191,6 milyon dolları isə sattelit təsisatları vasitəsi ilə ayrılıb.
USAID-in rəsmi məlumatlarına görə 2024 cü ildə Cənubi Qafqaz ölkələri arasında ayrılan maliyyənin həcminə görə Azərbaycan ikinci yerdədir.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)