Heç kəs unudulmur, heç nə yaddan çıxmır! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov portalımıza verdiyi açıqlamada qeyd edib ki, ölkəmizdə 2-ci dünya müharibəsi - Böyük Vətən müharibəsi iştirakçısı cəmi 18 nəfər sağdır.Dünyasını dəyişənlər isə minlərlədir

İndi sizə bu minlərin biri barədə danışacağam.

 

Bu gün Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı, baş çavuş Qəzənfər Əkbərovun doğum günüdür. O, 1917-ci il 4 aprel tarixində Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir.

Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdur bizim qəhrəmanımız. Bu qəhrəmanlığına görə ölümündən sonra o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Naxçıvan Muxtar Respublikasında onun xatirəsi əbədiləşdirilmişdir. Adına küçə və məktəb vardır.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.