Mədəniyyət Nazirliyi Ekspert şurasının növbəti iclası keçirilib Featured

Fevralın 20-də Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə dair növbəti iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, iclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısının 2001-ci ildə təsdiq edildiyini bildirib.

 

Nazir müavini siyahının yenilənməsinə ciddi ehtiyac olduğunu bildirərək deyib: “Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi, 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib. Bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq. Yeni reyestr bəzi tarixi abidələrin məlumatlarının yenilənməsini təqdim edəcək”, - deyə o əlavə edib.

 

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

 

Şuranın fəaliyyəti çərçivəsində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi məqsədilə Ekspertiza aktı formaları hazırlandığını vurğulayan professor deyib: “Ekspertiza aktları memarlıq və arxeoloji abidələrin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatından çıxarılması, eləcə də zəruri dəyişikliklərin edilməsi üçün nəzərdə tutulub. Həyata keçirilən monitorinqin nəticələri ekspertiza aktları ilə şura üzvlərinə təqdim olunub. İndiyədək 300-dən artıq nümunəyə dair ekspertiza aktları hazırlanaraq şuranın müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra verilən qərarlar rəy bildirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilir. Ekspertiza aktları AMEA-dan alınan rəylərə uyğun olaraq, müvafiq qərarın verilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.

 

Xatırladaq ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.