İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu soyuq fevral gününə həm də Azərbaycanın tanınmış qəzəlxan-şairi Ələmdar Quliyevin (Ələmdar Mahir) anım günü təsadüf edir.
Qəzəl, meyxana həvəskarları yəqin ki, dərhal onu tanıdılar.
Füzulişünas-alim Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür.
Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır.
Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.
1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. “De gəlsin” verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir.
Kitabları
1. Səadət intizarında
2. Mənim tanıdığım Füzuli
3. Külliyyat (Əsərləri)
4. Söz və musiqi beşiyi
Azərbaycanın tanınmış qəzəlxan-şairi Ələmdar Quliyevin 21 fevral 2014-cü ildə vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)