İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Mənim ana dilim, ana köküm” adlı tədbir təşkil olunub.
Tədbirdə Oğuz şəhərindəki ümumtəhsil məktəbi və liseylərində təhsil alan şagirdlər, gənclər və məktəblərdə işləyən müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin bələdçisi E.Mütübullayeva açaraq, şagirdlərə 21 Fevral- Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandıracaq.
Sonra A.Suleymanova “Dilimiz milli varlığımızdır” adlı məruzə ilə çıxış edib.
Məruzə və çıxışlarda qeyd edilib ki, ana dili hər bir millətin varlığının vacib şərtidir. Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir. Dilimiz bizim milli kimliyimizdir.
Ölkəmizdə Azərbaycan dilinin inkişafına dövlət dəstəyi yüksək səviyyədədir. Hər azərbaycanlı öz dilini sevməli, onu dərindən öyrənməli və yadtəsirlərdən qorumalıdır. Dilimiz var olduqca, millətimiz də var olacaqdır.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)