Zirvəyə qalxıram dolama yolla…- NƏRİMAN HƏSƏNZADƏNİN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mən səni sevəndə yaz havasıydı,

Neyləyim, taleyin gözü tökülsün.

Həyatım əlində quş yuvasıydı,

Quran özün oldun, uçuran özün.

 

Mən səni sevdim ki, yoldaş olasan,

Həyatın ən ağır, dar yollarında.

Demədim axırda bir daş olasan,

qədim qəbirstanda, yol kənarında.

 

Mən səni sevdim ki, yüyür, qaç, oyna,

Yenə seçilməsin ətrin bahardan.

Demədim təzədən gizlənpaç oyna,

Axşam yuxuma gir, səhər qaç ordan.

 

Yadıma nə düşür! - sənin ad günün

Biz qoca deyirdik, dünya təzəymiş

İli yox həyatda insan ömrünün

Anı da tarixidə bir hadisəymiş.

 

Bu gün müasir Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan xalq şairi Nəriman Həsənzadənin doğum günüdür.

Nəriman Əli­məmməd oğ­lu Hə­sənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.

Bir yaşında atasını, 23 yaşında isə anasını itirən şair ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-1953-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsində təhsil almışdır. 1954-1956-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında oxumuş, buranı bitirdikdən sonra təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir.

1961-ci ildə İnstitutu bitirib Bakıya qayıtmışdır.

1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək 1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almışdır.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzeti" və  “Azərbaycan” jurnalında şöbə müdiri, 1976-1990-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində işləmişdir. 

1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur.

SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmiş, Azərbaycan dövlətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.

Hazırda Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdiri işləyir, dosentdir. 

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yandında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. 

Şair, 1953-cü ildən mətbuatda çıxış etmiş, əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir. 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının, sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.

Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tiflisdə “Seçilmiş əsərləri” nəşr edilmişdir. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində, Tbilisidə gürcü dilində nəşr olunmuşdur.

Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?” adlı hər üç poema rus dilində də nəşr edilmişdir.

“Bütün Şərq bilsin” pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında, sonra Akademik Milli Dram Teatrında, Moskvanın V. Mayakovski adına Akademik Dram Teatrında göstərilmiş və mükafatlandırılmışdır. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. “Atabəylər” pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə  yubiley tamaşası kimi göstərilmişdir.

Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N. Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir.

Nəriman Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Əməkdar incəsənət xadimi, xalq şairi adlarına, Cəfər Cabbarlı, Heydər Əliyev mükafatına layiq görülmüş, “İstiqlal”, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmiş, Prezidentin Fəxri təqaüdünə və Türk dünyasının bir çox ödüllərinə layiq görülmüşdür.

 

Portalımız adından şairi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik!

“Qazax” Xeyriyyə-İctimai Birliyi də şairə öz təbrikini yönəldir, ona qarşıdakı 100 illik yubileyinə gümrahlıqla, şuxluqla çıxmağı arzulayır, ondan gözəl-gözəl şeirlər, növbəti şeir kitabı gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.