“Simurq”un “Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı” layihəsi davam edir

Xəbər verdiyimiz kimi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının həyata keçirilməsinə vətəndaş yardımı məqsədilə "Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı" adlı innovativ kulturoloji layihə həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalına “Simurq” AMA-dan verilən məlumata görə, 14 fevral 2025-ci il tarixində, Azərbaycan Atatürk Mərkəzində, “Simurq” AMA-nın sözügedən layihə üzrə təşkil olunmuş növbəti Kulturoloji elmi oxunuşlar keçirilmişdir. Layihə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının ruhi mədəniyyətinin prioritet inkişafının zəruriliyi haqqında tövsiyyələrini həyata keçirilməsini təşviq etmək məqsədi daşıyır. Layihə həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra, “Yeni dövr”ə nəzərdə tutulan, Azərbaycanın yeni sosial-mədəni strategiyası vəzifələrinin həyata keçirilməsinə vətəndaş yardımı missiyasını daşıyır və Azərbaycan Mədəniyyət Nazirliyinin qrantı ilə həyata keçirilir.

Fevralın 14-də keçirilən oxunuşlarda üç kulturoloji məruzə dinlənilib. Oxumalarda tanınmış elm və incəsənət xadimləri, universitet professorları, məktəb müəllimləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının və dini icmaların nümayəndələri, muzey və kitabxana işçiləri, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidentləri, Azərbaycan kulturoloqlar Cəmiyyətinin üzvləri iştirak ediblər. Tədbiri “Simurq” AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov idarə edib.

“Yüksək mədəniyyətli insan davamlı inkişaf üçün bərpa olunan strateji resurs kimi” mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, Azərbaycanda kulturologiya elminin banisi Fuad Məmmədov çıxış edib. Natiq cəmiyyətin həyatının müxtəlif sahələrini təmsil edən, tam sosial sistem olan mədəniyyət fenomeninin düzgün başa düşülməsinin vacibliyini vurğulayıb. O, ölkənin rəqabətədavamlı insan kapitalının özəyi, Azərbaycan cəmiyyətinin və dövlətinin davamlı və təhlükəsiz inkişafı üçün əsas hərəkətverici qüvvə olan, yüksək mədəniyyətli azərbaycanlıların formalaşması və inkişafında Azərbaycanın mədəni elitasından dövlətə göstərilən yardımın aktuallığını vurğulayıb.

Fuad Məmmədov milli inkişafın tələblərinə və müasir sivilizasiyanın çağırışlarına uyğun olaraq, Azərbaycan kulturologiya elminin nailiyyətlərindən ölkənin sosial-mədəni inkişafında, dövlət quruluşunda və idarə olunmasında praktiki istifadəyə yönəlmiş elmi tövsiyələr verib. 

Professor onu da qeyd edib ki, bu layihə Azərbaycanda kulturologiya elminin nailiyyətlərini və onun dünya kulturologiyasının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən tanınmış xarici alimlərin marağına səbəb olub. Livanlı alim, akademik Süheyl Fərəh qeyd edib ki, “Azərbaycanda kulturologiya elminin banisi, professor Fuad Məmmədov dünya əhəmiyyətli əfsanəvi şəxsiyyətdir. Bu gün Fransanın kulturoloji məkanında belə alimlər yoxdur. Onun yaratdığı fundamental kulturoloji əsərlər dünyanın bir çox ölkələri üçün nümunə ola bilər”.

 Tanınmış kulturoloq-yaponşunas, “Bakinskiy raboçiy” qəzetinin baş redaktor müavini, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü Əbülfəz Babazadə “Kulturologiya və müasir siyasi mədəniyyət kontekstində Azərbaycanın davamlı inkisaf perspektivləri” mövzusunda məzmunlu məruzə edib. O, çıxışında XXI əsrdə Azərbaycanın mədəni və siyasi strategiyaları arasında əlaqəni, milli mədəniyyətin qorunub saxlanılması və ölkənin qlobal siyasi arenada mövqelərinin möhkəmləndirilməsi məsələlərini təhlil edib. Cəmiyyətin inkişafında mədəniyyətin əsas rolu və onun davamlı inkişaf konsepsiyasında əhəmiyyəti vurğulanıb. Məruzədə intellektual və mənəvi yetkinlik, analitik və tənqidi təfəkkür, estetik zövq, ünsiyyət bacarığı və sosial məsuliyyət kimi keyfiyyətləri ilə seçilən yüksək mədəniyyətli insan anlayışı da təhlil edilib. Yüksək mədəniyyətli şəxsiyyətin formalaşmasının əsas yolları arasında təhsil, tarixi-mədəni irsin qorunub saxlanılması, sosial-mədəni layihələr, fərdi yanaşma, beynəlxalq mədəni inteqrasiya və siyasi idarəetmə xüsusilə vurğulanıb.

Əbülfəz Babazadənin sözlərinə görə, siyasi mədəniyyətin inkişafında yüksək mədəniyyətə malik olan şəxsin rolu - demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi etikaya təsir, siyasi dialoqun inkişaf etdirilməsi və münaqişələrin həlli, eləcə də liderlik keyfiyyətlərinin yüksəldilməsi deməkdir. O qeyd edib ki, sabit və praqmatik siyasət yürüdən Azərbaycan mədəni diplomatiya vasitəsilə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Bu kontekstdə o, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq təşəbbüslərin – Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, humanitar forumların, eləcə də BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) əhəmiyyətini vurğulayıb ki, bu da Azərbaycanın mədəniyyət siyasətinin uğurlarını nümayiş etdirir. Məruzədə, Azərbaycanın davamlı inkişaf kontekstində, mədəni və siyasi strategiya sahəsində əldə etdiyi nailiyyətlərin təhlili də öz əksini tapıb, burada davamlı inkişafın təmin edilməsində mühüm amil olan mədəni startaplara və innovativ layihələrə dövlət tərəfindən dəstək verilməsinə xüsusi diqqət yetirilib.

Daha sonra tanınmış kulturoloq-alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü, dosent Sədaqət Əliyeva “Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında qadınların rolu” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Sədaqət xanım tənqidi kulturoloji təhlilə, müqayisəli və sistemli yanaşmaya əsaslanaraq, Qərbdə və Şərqdə qadınların cəmiyyətin inkişafında rolunun qiymətləndirilməsinin müxtəlif tarixi aspektlərini və ənənələrini önə çəkib, Azərbaycan qadınının tarix boyu milli mədəniyyətimizin inkişafına verdiyi töhfələri üzə çıxarıb, cəmiyyətin mənəvi dirçəlişində mühüm rolunu vurğulayıb. Eyni zamanda məruzəçi qeyd edib ki, Azərbaycanda qadın problemlərinin kulturoloji tədqiqi bütövlükdə milli mədəniyyətin sistemli şəkildə öyrənilməsi kimi intensiv şəkildə aparılır, lakin Qərb dünyasında aparılan araşdırmalarla müqayisədə Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlarda yeni ideyaların, yeni perspektivlərin və nəticədə yeni biliklərin yaranması prosesi hələ də bizim istədiyimiz qədər fəal hiss olunmur.

Müzakirələrdə Akademik Nizami Cəfərov, “Simurq” AKA-nın vitse-prezidentləri, professor Səlahəddin Eyyubov, politoloq Svetlana Bayramova, Valideyn-Müəllimlər Assosiasiyasının direktoru, kulturoloq Şain Rəcəb, Turizm Assosiasiyasının nümayəndəsi Rüfət Əliyev, Gülbəniz Kulman və başqaları məruzələri dəyərləndirmiş, maraqlı fikir və təkliflərlə çıxış etmişlər. 

Yüksək elmi və mədəni səviyyəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Təqdim olunan məruzələr, aparılan müzakirələr və irəli sürülən təkliflər gələcək tədqiqatlar və ictimai təşəbbüslər üçün mühüm baza təşkil edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.