“Siz mütləq yaltaq və satqın olardınız!” - POLEMİKA Featured

Almaz Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün

 

Belə düşünürəm ki, insan tək özündən ibarət deyil. İnsanın özündə qərar tutmuş bir neçə “özu” var. Mən illərlə əsərləri ilə tanıdığım, sevdiyim, ədəbiyyat vurgunluguna həsəd apardığım çox istedadlı, dünya ədəbiyyatına mükəmməl bələd olan 90 yaşlı yazıçımız Əlisa Nicatın ömür yolunu cozərkən bir daha bu qənaətə gəldim.

 

“Gəncəli müdrik” kimi dəyərli bir əsərin müəllifi 90 yaşında öz mudrikliyindən niyə uzaq düşüb?Azərbaycan ədəbiyyatına qarşı nədən bu qədər qəzəblidir?

Çoxlarının gördüyü naqisliklərə olan qəzəb və kinini ədəbiyyat adamlarını təhqir etməklənümayiş etdirən yazıçının haqlı və haqsız tərəfləri var.

Ədəbiyyat fədakari olduğunu iliyinədək anlayaraq əsl qiymətini, dəyərini almadığını düşünən yazıçı bunun günahını özündə görə biləcək qədər müdrik ola bilmədi.

Klassiklərin şöhrəti fonunda qabarmaq məqsədi ilə mudrikcəsinə yox, “sarsaq qoca” obrazı ilə özünü yaradıcılığı qarşısında alcaltmıs oldu.

Özü, ətrafı ilə çarpısmada yanaşması çox yanlış oldu.

Bütün bunlara rəğmən Əlisa Nicat iliyinədək yazıçıdır və bunu danmaq günahdır.

Öz yazıçı adının vurğunu olan Əlisa Nicat dünya ədəbiyyatını beş barmağı kimi bilir, təhlil etmək bacarığı var, öz prizmasından məntiqli, bəzən ziddiyyətli çıxışları ilə çox maraqlı və düşündürücüdür. Yazıçının doğum və ölüm haqqında fəlsəfi düşüncələri oxunaqlıdır.

Mən Əlisa Nicatın müdrikliyini ötüb keçmiş gəncliyində, dayazlığını hazırkı qocalığında gördüm. Belə ki, çox sevdiyim Martin İden onun da qəhrəmanı olub. Bu, Çek Londonun özüdür.

Avropa musiqisini həvəslə dinləyən yazıçı Ü.Hacıbəyovun " Arşın mal alan " əsərini əvəzsiz hesab edərək onu yalnız Sekspirlə müqayisə edir. Dostoyevskini bəyənməyən yazıçı rus ədəbiyyatına “tullayın getsin” deyir. Qoqolu, Tolstoyu nisbətən, Kafkanı bütövlükdə qəbul edir. Hətta Kafkanın vurğunudur.

Yaltaq və satqın adlandırdığı S.Vurgunun bir neçə şeirini, S.Rustəmin cənub şeirlərini, Rəsul Rzanın "Buruqlar"ını, M.Musfiqin qoşmalarını , C.Cabbarlının, Ordubadinin əsərlərini Azərbaycan ədəbiyyatında yararlı hesab etsə də yerdə qalanlarını “maklatura” hesab edir. Bax belə!

Əlisa Nicat Azərbaycan radiosunda , "Elm və həyat "jurnalında redaktor və şöbə müdiri vəzifəsində işləmişdir. Etiraf edək ki, bəlkə də onun qədər ədəbiyyata vurgunlugu müqabilində fədakarlıq edən ikinci bir imza yoxdur .Varsa da mən tanımıram. Yazıçının bir zamanlar AYB tərəfindən ona verilən evi sataraq "Dünya filosofları" adlı kitabını nəşr etdirdiyi deyilir. Dəyərdimi?

1993-1994-cü illərdə “Turan” jurnalını nəşr etdirib.

1999-cü ildə AMEA-nın Fəlsəfə elmləri üzrə fəxri doktoru adına layiq görülən dərin düşüncəli bu adam  nədən ikiləsmis doğulub, yaşadığı ölkə və millətindən bu qədər qəzəblidir?

O qədər qəzəbli ki, “Dünyanın ən zövqsüz insanları azərbaycanlılardır” deməkdən də çəkinmir.

Bir anlıq xəyalən Əlisa Nicatla görüşüb ondan müsahibə alıram. İlk sualım bu olur:

 

- Siz bir Azərbaycan yazıçısı kimi ermənilərin körpə uşaqları nizəyə taxmalarını, onları borulara doldurub boruların ağzını qaynaq etmələrini təsadüfən söylədiyiniz halda, nədən Əylisli Əkrəmin "Daş yuxular" kimi xəyanətkar bir romanına cavab verməyə özünüzdə cəsarət tapmadiniz?

 

Sonrakı bu:

-Özünüz də daxil olmaqla Allaha irad tutaraq böyük əqidəli insanların arasında cahillərin də yasatmagına təəccüblənirsiniz. Sizcə, dünya aqil və cahil toplumun hesabına dövr etmirmi?

Bu yasam dusturunu Yaradanın özü yaratmayıbsa, Yaradandan başqa Yaradan varmı?

 

Üçüncu sual:

-Səməd Vurgunu "yaltaq və satqın " adlandırarkən unutdunuz ki, hər kəsin daxilində qəhrəmanlıq, mübarizlik, qorxmazlıqla yanaşı yaltaqlıq, ikiüzlülük, yaramazlıqlar da ehtiyat bazasındadır. Onlarin üzə çıxması üçün zaman, məkan, şərait labüdür. Siz o məkanda – repressiya maşınının daim işlədiyi, haqq sözə güllə atıldığı, sosializm realizminin, kommunist ideologiyasının şüurlara zorla təhkim edildiyi şəraitdə yaşasaydınız və yazıb-yaratmağa məhkum olunsaydınız, necə duruş gətirərdiniz?

 

Mən dərhal bu 3-cü sualıma özüm cavab verirəm, mən sizin hansı-hansı əlamətlərinizin üzə çıxacağına tam əminəm. Siz mütləq yaltaq və satqın olardınız! Sual verə bilərsiniz ki, bunu necə güman etdim. Bunun üçün özünüz danışdığınız bir əhvalatdan gözəl sübut nəyə lazımdır? Bakıdakı bir yəhudi sahibkarın işlətdiyi bukinist mağazasına azərbaycanlıları buraxmaması, yalnız yəhudi, rus və erməniləri buraxmasına etiraz əlaməti olaraq əlaqədar təçkilatlara şikayət məktubu ünvanlayırsınız. Bir dəfə həmin yəhudinin yanınızdan sürətlə şütüyüb keçən  maşınının yelindən necə qorxursunuzsa şikayətinizi geri götürdünüz və bukinist mağazasına getmək arzunuzdan əl çəkirsiniz. Etiraf edirsiniz ki, “cəhənnəm olsun hər şey, bu adam məni öldurub elə itirər ki, izim - tozum bilinməz..”..

Zahidin bir barmağın kəssən dönər həqdən qacar... – böyük Nəsimi necə gözəl deyib. Bir bukinistin maşınının yelindən qorxub haqqdan dönən Əlisa Nicat, siz Stalin dövründə azman repressiv maşının qarşısında dayanmışları necə ittiham edə bilərsiniz axı?

Növbəti sualım çoxlarının tanıdığı və çoxlarının heç tanımadığı mən Almaz Bəyazidin filosof Əlisa Nicatdan cavab almaq istədiyim bir sualdır.

-Mənə görə kimliyindən asılı olmayaraq yazıçı bəşəri olmalıdır. Fikir və düşüncələrinizə əsaslanıb sizin də özünüzü bəşəri bir yazıçı hesab etdiyinizi müəyyənləşdirdim. Bəs nədən yaşadığınız məmləkətin Qarabağ ədalətsizliyini dünyaya hayqırmadınız?

Siz və sizin kimi yazarların möhtəşəm romanları dünyadakı müharibələri, terrorları, faciələri idarə edənlərin beyinlərində çevriliş etmək qüdrətində deyilsə, o zaman o romanlar dırnaqarası “Nobelə namizədlikdən” və ucuz şöhrətdən savayı nəyə yarayır?

Böyük Cavid demişkən, 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Ədəbiyyat fironu kimi Nizamidən üzü bəri bir çox klassikləri təhqir etməklə məşğulsunuz. Yeri gəlmişkən, uşaqkən sevdiyiniz, amma sizə qismət olmayan qız haqqında yazacagınız əsərə görə sizə yüksək ruh və sağlamlıq arzulayıram. Belə mövzularda qalın, onlardan çıxdıqda dahilərə çamur atacaqsınız yenə də.

Hər kəlməsi bir kitab olan, sizdən fərqli olaraq dünyanın ondan xəbəri olan böyük Nizamiyə həqarət yağdırarkən, onu heyvan adıyla adlandırarkən utanmadınızmı? Çoxu sizi Səməd Vurğuna hücumda qınayır, xalqımızın qürur mənbəyi olan Nizamiyə atdığınız çamur nədisə hələ çox ictimailəşdirilməyib.

Bütün canlılar Allahın yaratdıqlarıdır. Həyatın gedişatında irili- xırdalı bütün heyvanların, böcəklərin rolu var, hər bir insanda hər hansı bir heyvanın əlaməti var. Həmcinin sizdə də. Məsələn, mən deyərdim ki, siz üstü yaşıl parıltılı "donzanqurduya" bənzəyirsiniz. Ruslar buna juk deyirlər. Məncə, Nizamiyə o sözü deyənə mənim də bu sözü deməyə haqqım var.

 

P.S. Əlisa Nicatın Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətləri barədə çıxardığı kitabda elə həmin o Səməd Vurğuna, Rəsul Rzaya qan udduran, Cavidləri, Müşfiqləri – ümumən 40 minə yaxın ən işıqlı azərbaycanlını qırmızı terrora qurban eləyən Mir Cəfər Bağırovun adını ön sırada yerləşdirməsini isə ona heç kəs bağışlamayacaq. Nəyin naminə Bağırovu müdafiə etdiyi də duyulandır, amma bu  qalsın başqa bir söhbətə.

Xalqının qatilinə bəraət verən və onu ucaldan yazıçı xalqının dostu ola bilərmi?

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.